“ Hafiz Məmmədovun bu gün özü dardadır” - “Lans” prezidenti

Hazırda müflis olan azərbaycanlı oliqarx, “Hafka” ləqəbli Hafiz Məmmədovun səhmdarı olduğu “Lans” klubunun prezidenti Jerve Martel bildirib ki, gələn həftə pulun dalınca növbəti dəfə Bakıya gələcək.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, Jerve Martel jurnalistlərə açıqlamasında Hafiz Məmmədovla görüşmək gələn həftənin çərşənbə axşamı Bakıya yollanacağını bildirib. Səfərdə məqsəd “Lans”a futbolçu transferi icazəsinin verilməsi üçün zəruri olan 2,5 milyon avronun tapılmasına nail olmaqdır.

Transfer icazəsi üçün Fransa Futbol Federasiyası “Lans”ın hesabında azı 4 milyon avro vəsait yerləşdirilməsini tələb edir. Məlumatlara görə, “Hafka” ötən ay bu pulun 1,5 milyon avrosunu tapıb göndərib. Lakin Fransa mediası yazır ki, bu pulu ona “Lans”a şərik olmaq istəyən başqa azərbaycanlı biznesmen borc verib.

“Mən hələ də bu məsələ üzərində işləyirəm, ümid edirəm ki, gələn həftə problemin həllinə nail ola biləcəyəm” - deyə J.Martel bildirib.

“Lans”ın prezidenti deyib ki, H.Məmmədovun əvəzindən “Bank of Azerbaijan” qarantiya verib. O, həmin bankın” dövlət bankı” olduğunu deyib və bildirib ki, əgər sonda H.Məmmədov müflis olsa, “Lans”a ödənməli olan pulu Azərbaycan dövləti verəcək.

“Mən çatışmayan 2,5 milyon avronu tapmaq üçün ora-bura qaçıram, əminəm ki, gələn həftə nəticə əldə edə biləcəyəm. 4 yaşımdan bəri azarkeşlik etdiyim kluba kömək etmək üçün əlimdən gələni edirəm. Tezliklə mənim 60 yaşım olacaq... Əlbəttə, mən axmaq şeylər də eləmişəm, lakin səhv etməyənlər heç vaxt qərar qəbul etməyən adamlardır. Məmmədov? Mən elə adam deyiləm ki, təcili yardıma atəş açam. O, həmin oğlandır ki, bizi xilas etdi, bu gün o özü dardadır, indi bizim də darda olmaq haqqımız var” - deyə Martel bildirib.

Fransa mediasının yazdığına görə, Martelin Bakıya səfərində məqsəd “Lans”a yeni ortaqlar tapmaqdır. O, “Hafka”nı inandırmağa çalışır ki, klubun səhmlərinin bir hissəsini başqa azərbaycanlı biznesmenə satsın.

Hazırda klubun səhmlərinin 60 faizi H.Məmmədova, qalanı J.Martelə məxsusdur. Bildirilir ki, “Hafka” klubun səhmlərini başqa azərbaycanlı oliqarxa satmaq ideyasına qarşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar