Müdafiə Nazirliyindəki rus general Səfər Əbiyevi ittiham etdi

 "Əbiyevin günahından ordu quruculuğunda və onun modernləşdirilməsində durğunluq yaranmışdı "

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Aleksandr Vasyak www.net-fax.org saytına müsahibəsində sabiq nazir Səfər Əbiyevi ittiham edib. “Media forum”un məlumatına görə, Vasyak deyib ki, Əbiyevin günahından ordu quruculuğunda və onun modernləşdirilməsində durğunluq yaranmışdı: “Cənab Əbiyev ordu sistemini özünə uyğun şəkildə qurmuşdu – məsul vəzifələrə ona sərfəli və sadiq adamları təyin edir, professional zabitləri isə ordudan tərxis edərək və ya üçüncü dərəcəli vəzifələrə keçirərək yolundan kənarlaşdırırdı.

Əbiyev Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovla da belə davranmışdı. Bütün bunlar Silahlı Qüvvələrə təsirsiz ötüşə bilməzdi. Komandir heyətində korrupsiyadan, mənfəətpərəstlikdən tutmuş qeyri-professionallıq, gözdən pərdə asmaq, sui-istifadə, qeyri-nizamnamə davranışları kimi hallar son nəticədə ordunun döyüş hazırlığının və döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb olub”.

Vasyak əlavə edib ki, Əbiyevi nazir vəzifəsindən götürməklə ali baş komandan onun fəaliyyətinə qiymət vermiş olub və bu qərarı cəmiyyətin bütün sağlam qüvvələri, ilk növbədə əsgər, zabit və generallar alqışlayır.

“Media forum” saytının arayışı:

Oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Dövlət başçısı bu sərəncamı ilə Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik edib, Səfər Əbiyev müdafiə naziri vəzifəsinə təsdiqlənməyib, bu posta daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənov təyin olunub. Səfər Əbiyev 1995-ci ildən Azərbaycanın müdafiə naziri idi.

Oktyabrın sonlarında Zakir Həsənov Silahlı Qüvvələrin keçmiş zabiti general-mayor Aleksandr Vasyakı Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə rəis təyin edib. Aleksandr Vasyak Qarabağ müharibəsinin iştirakçısıdır. Ordudan ehtiyata buraxıldıqdan sonra Ukraynada yaşayırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar