Türkiyənin baş naziri bir sıra gizlinləri açdı

Əhməd Davudoğlu:“Çözüm sürəci tamamlansaydı, Kobaniyə baxış fərqli olacaqdı”

“Çözüm sürəci millidir, lokaldır, özünəxasdır”. Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 19-da İstanbulun ünlü Dolmabahçe Sarayında “Aqil İnsanlar”la (“Aqil İnsanlar” ötən il o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə vətəndaş həmrəyliyi yaradılması üçün ictimai xadimlərdən ibarət qrupdur – red.) görüşündə deyib.

Türkiyə-Suriya sərhədində yaşanan olaylardan, Türkiyənin daxili sabitliyini təhdid altına almaq istəyən qüvvələrdən danışan baş nazir cəmiyyətin aparıcı fiqurlarını sabitlik üçün səylərini əsirgəməməyə çağırıb: “Olaylar xeyli dərəcədə üzücüdür. Ya bu sərhədlər barışcıl yollarla aradan qaldırılacaq, ya da insanlar acı çəkməkdə davam edəcək”.

Baş nazir deyib ki, Türkiyə hökumətinin cəhdlərinə baxmayaraq PKK-yanlılar qarışıqlıq salmaq üçün cəhdləri davam etdirilər: “Ötən gecə “Bu gecə hər kəs silahlansın və hökumət binalarına basqın etsin” deyə tweet yazılıb. Biz nə qədər humanizm prinsiplərindən davransaq da, provokativ bir qurum ara qarışdırmaqla məşğuldur. Nəticədə şəhərlər yanır, insanların həyatı alt-üst olur. Biz başlatdığımız çözüm sürəcini davam etdirməkdə maraqlıyıq. Bu arada sizin diqqətinizə çözüm sürəcinin xarakterini bir daha çatdırmaq istəyirəm. Çözüm sürəci millidir, lokaldır və özünəxasdır.

Biz bu problemi çözmək üçün hər yolu sınaqdan çıxarmışıq. 5 il öndə mümkünsüz görünən sürəçləri bütün siyasi riskləri gözə alaraq həyata keçirdik. Hansı tabuları necə yıxdığımız ortadadır. “Aqil İnsanlar” heyətinin formalaşması belə bizim ölkəmizdəki vətəndaş həmrəyliyi yalnız dinc yolla çözmək istədiyimizin sübutudur. Ancaq çözüm sürəci hansısa qüvvəni fikrindən daşındırmaq sürəci deyildir. Bizim fikirdən daşındırmaq öhdəliyimiz yoxdur. Bizim millətə rifah qazandırmaq öhdəliyimiz var”.

Baş nazir Türkiyə kürdlərinin Kobaniyə İŞİD hücumuna Ankaranın səssiz qalması iddialarına da münasibət bildirib: “Biz heç zaman Kobanidə baş verənlərə göz yummamışıq. Ancaq Türkiyədə çözüm sürəci Suriyada Kobani məsələsi yoxkən də var idi. Əgər bu sürəc tamamlansaydı bizim Kobaniyə də baxışımız fərqli ola bilərdi. Bir çox etirazlara baxmayaraq o zaman PYD (Suriyada İŞİD-ə qarşı vuruşan kürd partizan dəstələri) lideri Salih Müslimlə danışıqlar aparmağı gərəkli saydıq. Məqsədimiz demokratik müzakirələrin başlanması idi. Biz çağırdıq və müsbət cavab aldıq. Ancaq qarşı tərəf danışıqlarda əldə olunan məqamlara əməl etmədi. O dönəmdə bizə verilən sözlər yerinə yetirilsəydi, durum fərqli olardı. Tam tərsini etdilər, Suriya rejiminin suçlarına ortaq oldular. Hətta İŞİD türkmənləri qətlə yetirəndə də səssiz qaldılar”.

Baş nazir PKK-nın Türkiyənin güney və güney-doğu bölgələrindəki addımları haqqında sərt danışıb: “Dövlət quruluşuna tabe olmur, qanunları pozur, qarışıqlar yaradır, insanları vahimə içərisində saxlayır, onları qaçırır, hökumət binalarına hücum edirlər. Bu addımların heç biri bağışlana bilməz. Bu işin təşkilatçıları, iştirakçıları və bütün dəstəkçiləri qanunla cəzalandırılacaq”.

Türkiyə kürdlərinin partiyası kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) Qəndildə Ankaranın təklif etdiyi “yol xəritə”sini kürd yönətiminin liderləri ilə müzakirə edib. Danışıqlardan sonra mediaya yazılı açıqlama verən HDP heyəti “atılacaq praktik addımlara qarşılıq olaraq hərəkət ediləcəyini”, bildirib.

“Hürriyet” qəzeti yazır ki, Türkiyə və İraq kürdləri arasında məsləhətləşmələr 7 saat davam edib. Yazılı açıqlamadan bəlli olur ki, kürd heyət rəsmi Ankaranın “yol xəritə”sindən məmnun deyil. Detallar tam açıqlanmasa da bəlli olub ki, Ankara ötən il PKK silahlılarının Türkiyə torpaqlarından geri çəkilməsi öhdəliyinə tam əməl edilməsində israrlıdır. Onu da vurğulayaq ki, son günlər İmralı həbsxanasında ömürlük məhbus həyatı yaşayan PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması da gündəmə gətirilir. Avropadakı PKK dəstəkçilərinin gündəmə daşıdığı bu məsələ HDP liderlərinin Ankara qarşısında məsələ qaldırmasına səbəb olub. AKP iqtidarının bir sıra üzvləri PKK liderinin saxlanma şəraitinə baxılması məsələsinin mümkünlüyünü bildirsələr də, prezident Rəcəb Tayyib Ərdoğan buna etiraz edib. Son açıqlamasında Türkiyə prezidenti deyib ki, Abdullah Öcalanın saxlanma şəraiti beynəlxalq standartlara uyğundur və heç bir dəyişikliyə ehtiyac yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar