İsveç sularında Rusiyanın sualtı qayığı müəmması

İsveçdə Stokholm yaxınlığında suyun altında iddiaya görə zədələnmiş Rusiya sualtı qayığının axtarışı ətrafında müəmma davam edir. Şənbə günü axşam İsveç paytaxtı ətrafındakı sularda 50 km radiusunda hərbi əməliyyat genişləndirildi.

İsveçin helikopterləri, gəmiləri əməliyyata qoşuldu. Əməliyyat isə cümə günü başlanıb. Hərbçilər həmin gün suda “insanın düzəltdiyi obyekti” axtardıqlarını deyirdilər.

Rəsmilər sualtı qayıq axtardıqlarını isə inkar edirlər. Ancaq İsveçin nüfuzlu Svenska Daglbladet qəzeti yazıb ki. hərbçilər zədələnmiş Rusiya sualtı qayığını axtarırlar. Rusiya həmin sularda sualtı qayığının olmasını inkar edir.

Svenska Daglbladet qəzeti isə İsveç kəşfiyyatına istinadla yazır ki, kəşfiyyat radio siqnalları tutub. Radio siqnalların mənbəyi Stokholmla Kalininqrad arasında, sulardadır. Həmin tezlikli siqnallar Rusiyada istifadə olunur. Onlar fövqəladə vəziyyət siqnallarıdır.

Bundan başqa, gizli kəşfiyyat əməliyyatı həyata keçirən sualtı qayıqlar aşkar olunmamaq üçün adətən radiosükuta riayət edirlər. Ona görə də siqnalların göndərilməsi sualtı qayığın qəza və ya çətin vəziyyətə düşməsi ilə bağlı ola bilər.

Bazar günü İsveç rəsmiləri xəbər veriblər ki, Rusiyaya məxsus neft tankeri Stokholm yaxınlığında gözlənilmədən kursunu dəyişib. Bu fakt Rusiya sualtı qayığı haqda şübhələri daha da gücləndirir, çünki gizli əməliyyat keçirən sualtı qayıqlar aşkar olunmamaq üçün çox vaxt mülki gəmilərin altında üzürlər.

Qəza da istisna olunmur. 2000-ci ildə Rusiyanın Kursk sualtı qayığı batdı və 118 adam həlak oldu. Gəmi batanda Rusiya kömək istəmədi. Sonralar Rusiyanı tənqid edirdilər ki, vaxtında Rusiya bildirmədi və beynəlxalq aləm kömək edə bilmədi.(Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar