Azərbaycanlı məmurlar ev almaq üçün Londonu seçir

2009-cu ildən başlayan və təsirləri hələ də davam edən qlobal iqtisadi böhranın nəticəsində Avropanın bəzi ölkələrində, o cümlədən Fransa və Almaniyada daşınmaz əmlakın qiymətləri kəskin ucuzlaşıb.

Virtualaz.org Avropa rieltor şirkətlərinin məlumatlarına istinadən xəbər verir ki, bu ölkələrdə evlərin qiyməti hətta 5 dəfə aşağı düşüb. Lakin Böyük Britaniyada nə qlobal böhranın tüğyan etdiyi vaxtlarda, nə də indi evlərin qiymətlərində kəskin ucuzlaşma baş verməyib. Bunun səbəblərindən biri xaricilərin, o cümlədən azərbaycanlıların ev almaq üçün Londona axın etməsidir.

"Knight Frank" rieltor agentliyinin məlumatına görə Londonda ucuz mənzil almaq mümkün olmayan işdir. Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb. Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən yeddi dəfə artıb. Orta hesabla isə ölkə boyu bu fərq beş dəfəyə çatır. Eləcə də Londonun mərkəzində mənzilləri şəhərin ətrafına nisbətən 2.5 dəfə baha kirayələmək olar.

Analitiklər bildirirlər ki, Londonun daşınmaz əmlak bazarında qiymətlər xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də Londonda qiymətlər artır. «Knight Frank» agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub.

Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb.

Agentliyin baş analitikinin dediyinə görə Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Belə ki, bu il ərzində Londondan mənzil alanların əksəriyyəti misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar olublar. Rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər.

Nəzərə alsaq ki, Azərbaycanda Londonda ev alacaq qədər pul ancaq vəzifəli şəxslərdə və onların yaxınlarında var, onda məmurlarımızın hansısa səbəbdən İngiltərənin paytaxtını seçdiyini söyləyə bilərik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar