“Söz verilmişdi ki, Şahin azadlığa çıxandan sonra pul qaytarılacaq”

[caption id="attachment_63085" align="alignleft" width="280"] Nemət Kərimli[/caption]

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun vəkili Nemət Kərimli oktyabrın 20-də “Media forum” saytına açıqlama verib.

19 yaşlı Şahin Novruzlu 2013-cü ilin yazında 7 “Nida”çı gənclə tutulmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Tutulan vaxt hüquq mühafizə orqanları Şahin Novruzlunun yaşadığı evdə apardıqları axtarış zamanı 94 min manat məbləğində pul vəsaitini də götürmüşdülər. Ailəsi bu pulun biznes qurmaq məqsədilə borc alındığını bildirsə də, vəsait geri qaytarılmayıb.

Şahin Novruzlu əfv sərəncamı ilə azadlığa çıxmazdan bir neçə gün qabaq – oktyabrın 14-də onun 53 yaşlı atası İbrahim Novruzlu ürək tutmasından vəfat edib.

Vəkil Nemət Kərimli “Media forum” saytına açıqlamasında deyib ki, 2014-cü il iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmasını istəyəndə ona vəd olunan məsələlərdən biri də evlərindən götürülmüş 94 min manatla əlaqədar olub: “Söz verilmişdi ki, Şahin Novruzlu azadlığa çıxandan sonra pul geri qaytarılacaq. Hələ ki, qaytarılmayıb”.

Vəkil qeyd edib ki, 94 min manat işdə maddi sübut kimi tanınıb: “Bildiyiniz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 6-da “Nida”çılara çıxardığı hökmdən verilmiş apellyasiya şikayətlərinə hələ baxılmayıb. Biz apellyasiya instansiyasında işə məhkəmə istintaqı qaydasında baxılmasını istəyirik. Bakı Apellyasiya Məhkəməsi bu istəyi təmin etmədiyinə görə Ali Məhkəməyə şikayət vermişik. Həmin şikayətimizə hələ baxılmayıb. Ali Məhkəmə qərarını verəndən sonra Bakı Apellyasiya Məhkəməsində proses bərpa olunacaq. Bu prosesdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyimiz şikayətdə qaldırdığımız məsələlərdən biri də 94 min manatın qaytarılmasıdır”.

Şahin Novruzlu həbs ediləndə Odlar Yurdu Universitetinin maliyyə fakültəsinin tələbəsi olub. Vəkil Nemət Kərimli Şahin Novruzlunun universitetə bərpa olunub təhsilini davam etdirməsinə çalışacaqlarını da vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar