Rauf Arifoğlu Mətbuat Şurasının qərarına etiraz etdi

"Qanunu pozmamışıq, bizə xəbərdarlıq edilməsi büsbütün haqsızlıqdır"

“Yeni Müsavat” qəzeti rəhbərliyi Mətbuat Şurasının qəzetlə bağlı çıxardığı qərar etiraz edir. Qəzetin baş redaktoru Rauf Arifoğlu məsələ ilə bağlı Musavat.com-a bildirib ki, etirazını MŞ rəhbərliyinə çatdırıb.

“Gəncə Ağır Cinayətlər Məhkəməsinin baş hakiminin imzası ilə Mətbuat Şurasına edilən şikayət barədə məlumatım var, oxumuşam. Bu barədə ilkin fikirlərimi də Şuranın təmsilçilərinə, o cümlədən Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova bildirmişəm. Həmin ərizə bir sovet məmurunun klassik ərizəsidir. Azərbaycanın qanunvericiliyinə zidd olaraq hazırlanıb. Tələb hissəsi Azərbaycan Respublikasının Konstitusiyasına və KİV haqqında Qanuna ziddir. Mən öz fikrimi həm “feysbuk” üzərindən Mətbuat Şurası təmsilçisinə, həm də telefon danışığı ilə Əflatun Amaşova bildirərək demişəm ki, bu ərizə ümumiyyətlə müzakirə oluna bilməz. Çünki o, Azərbaycan Respublikası qanunlarını tapdalayaraq, kobud qanun pozuntularına yol verərək və qanunun yol vermədiyi tələblərlə çıxış edərək hazırlanıb. Buna görə də geri qaytarılmalıdır. Onlar mənim fikrimlə razılaşdılar və bildirdilər ki, iclasda o məsələ də qeyd olunacaq, xahiş edirik təmsilçi göndərəsiniz. Təmsilçimiz Vaqif Hüseyn də gedib, fikrimizi əsaslandırıb və gerçəkdən də biz qanunun heç bir tələbini pozmamışıq. Bizim fəaliyyətimizdə burada heç bir qüsur yoxdur",- deyə baş redaktor vurğulayıb.

O bildirib ki, sözügedən qərarı və qəzet barədə xəbərdarlıq elan olunmasını qanunsuz hesab edir və müvafiq komissiyanı məsələyə yenidən baxmağa çağırır: “Mətbuat Şurasının Şikayətlərin Araşdırılması Komissiyasının bizə aid olan hissəsinə etiraz edirəm. Biz KİV haqqında Qanuna istinadən fəaliyyət göstəririk. Və müzakirə olunan fakt üzrə biz KİV haqqında Qanunun heç bir müddəası pozmamışıq. Diqqətçəkən məqam da həm də ondan ibarətdir ki, bu yazıların ilk dərc olunduğu kütləvi informasiya vasitələri həmin iclasa çağırılmayıblar və onlar haqqında heç bir şikayət, heç bir tədbir görülməyib. Hansı ki, biz materialları onlardan görütərək, heç bir dəyişikliyə yol vermədən, təkrar çap etmişik. Hesab edirəm ki, ünvanımıza xəbərdarlıq edilməsi və onun KİV-lər vasitəsi ilə yayınlanması hazqsız yerə qəzetimizin nüfuzuna zərbə vurur ”.

Qeyd edək ki, bir neçə gün əvvəl Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin “Yeni Müsavat” və digər qəzetlərdə gedən materialla bağlı müraciətinə baxılıb. MŞ-nin bu barədə yaydığı bülletendə bildirilir ki, komissiya sözügedən məhkəmənin Şuraya ünvanladığı məktubda ifadə olunan narahatlığı təbii qarşılayıb: “MŞ narazılıq doğuran materialları təhlil edərək bunu da əsas tutur ki, KİV cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı çaşqınlıq yaratma ehtimalı böyük olan materiallardan uzaq durmalıdır”.

MŞ-nin Şikayətlər üzrə Komissiyası bunu da vurğulayır ki, KİV-lərin yazdıqları ədalət mühakiməsinin, konkret olaraq məhkəmə orqanının məsələ ilə bağlı yekun qərarına təsir göstərə biləcək effekt yaratmamalıdır. Bu cəhət gözlənilmədiyi, konkret olaraq eyni bir məsələ barədə ardıcıl informasiyaların verildiyi, orada bir çox hallarda mülahizə yükü artıq olan məqamların gündəmə gətirildiyi təqdirdə cəmiyyətdə medianın ictimai missiya daşıyan orqan deyil, maraqlı tərəflərin ruporu olması görüntüsü yaranır.

“Digər tərəfdən, bəhs edilən məsələ ətrafında KİV-lərin təqdim etdikləri materialların ağırlıq yükü külli miqdarda rüşvət və digər bu sayaq neqativ cəhətlər olduğundan, müxtəlif məqamların konkret dəlil və sübuta əsaslanmadan şübhələndirilməsi də cəmiyyətin ümumi ahənginə, habelə beynəlxalq miqyasda ölkənin imicinə təsir göstərən cəhətlərdəndir. İctimai missiya yerinə yetirməyə məsul KİV məsələlərə diqqətlə yanaşmalıdır... Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bunları nəzərə alaraq belə rəyə gəlib ki, “Azadlıq”, “Yeni Müsavat” qəzetləri və “Azpolitika.info” saytı “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.10-cu bəndinin “cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır” tələbini pozub. Həmçinin bu tələbin gözlənilməməsi həmin qaydanın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır” tələbinin pozulmasına da səbəb olub. Buna görə də “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinə və “Azpolitika.info” saytına Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilir. Komissiya həm bu KİV-ləri, eləcə də müraciətdə adı çəkilməyən, ancaq oxşar yazıların verildiyi digər media orqanlarını materiallarında ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır, onlara cəmiyyətdə çaşqınlıq yaratma ehtimalı yüksək olan, ədalət mühakiməsinin, bu və ya digər məsələ ilə bağlı yekun qərarına təsir göstərə biləcək məqamları gündəmə gətirməkdən uzaq durmağı, yaradıcılıq nümunələri hazırlayarkən həssas davranmağı tövsiyə edir”,- deyə MŞ-nin yaydığı məlumatda vurğulanır.(Musavat.com)

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədrinin imzası ilə Mətbuat Şurasına daxil olan müraciətdə Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin Ramazan Səlimov adlı vətəndaşdan icra başçısı təyin etdirəcəyi vədi ilə 600 min manat rüşvət almasından bəhs olunan yazılardan narazılıq ifadə olunurdu. Müraciətdə vurgulanırdı ki, "Azadlıq", "Yeni Müsavat" və "AzPolitika.info"-nun yazılarında təqsirsizlik prezumpsiyası və "KİV Haqqında" Qanunun tələbləri pozulur.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar