ACP dağılmaq təhlükəsilə üzləşdi, Rəsul Quliyev geri çəkildi – Mövqe dəyişikliyi

Eks-spiker bir həftə əvvəl əleyhinə açıqlamalar verdiyi Cəmil Həsənlini dəstəklədiyini bəyan etdi

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev üzvü olduğu Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə bağlı qərarını dəyişib. Modern.az-a açıqlamasında Rəsul Quliyev bundan sonra Cəmil Həsənlinin namizədliyini dəstəkləyəcəyini bəyan edib.

“Mənim seçkilərlə əlaqədar söylədiyim fikirlər obyektiv analizin nəticəsidir. Milli Şuranın namizədi Cəmil Həsənliyə gəlincə, biz hamımız onun namizədliyini dəstəkləyəcəyik. Sözsüz vaxtı gələndə xalqa mütaciət də edəcəyəm”-deyə ACP lideri bildirib.

Qeyd edək ki, Cəmil Həsənlinin namizədliyi gündəmə gələrkən və hətta Milli Şura onun namizədliyini rəsmiləşdirdikdən sonra Rəsul Quliyev tarixçi alimə qarşı çıxaraq Milli Şuranın bu addımını kəskin tənqid etmişdi. ACP lideri hətta bir qədər də irəli gedərək Cəmil Həsənlinin müxalifətçiliyini də şübhə altına almış, namizədlikdən imtina etməsi üçün ona çağırış da etmişdi. Üzərindən 1 həftə keçməmiş R.Quliyevin mövqeyindəki kəskin dəyişiklik o qədər də təəcüblü deyil. Azərbaycanda siyasətlə maraqlananlar onun belə davranışlarına artıq alışıblar. Ümumiyyətlə, R.Quliyev son vaxtlar stabil siyasət yürütməkdə çətinlik çəkir. Onun tez-tez mövqe dəyişdirməsi isə ən çox tərəfdarlarını məyus edir.

AzPolitika.info-ya daxil olan məlumata görə, cənab Quliyevin Milli Şuranın vahid namizədinin əleyhinə danışması partiyasında dərin çaşqınlıq yaratmaqla bir çoxlarının səbr kasasını daşırıb. Gələn məlumatlara görə, R.Quliyevin bu mövqeyinə qarşı ACP-də ciddi müqavimət yaranıb və çox böyük ehtimalla eks-spikerin yenidən mövqe dəyişdirməsi, Cəmil Həsənlini dəstəkləməyə başlaması da bununla bağlıdır. ACP daxilindəki mənbə deyir ki, R.Quliyevin Milli Şuranın qərarına hörmətsiz yanaşaraq Cəmil Həsənlinin əleyhinə açıqlamalar verməsi faktiki olara partiyanı dağılmaq təhlükəsilə üz-üzə qoyub. Əslində ACP hazırda yenidən əvvəlki böhranlı vəziyyətinə qayıtmaqdadır. Partiyanın maliyyəsi kəsilib, qərargahı əlindən alınıb, ən asası isə gələcəyə ümidi qalmayıb. Belə bir vaxtda R.Quliyevin korrekt olmayan davranışları isə bu böhranı daha da dərinləşdirməkdədir. Görünür vəziyyətin ciddiliyini anlayan ACP lideri bir neçə yüz nəfərdən ibarət tərəfdar qrupunu da itirməmək üçün qeyri-konstruktiv mövqeyindən geri çəkilməli olub.

Amma maraqlıdır ki, bir neçə gün əvvəl Cəmil Həsənlinin 2 dəfə mandat almasını əsas gətirərək onun müxalifətçiliyini şübhə altına alan, seçicilərin cəmi 2 faizinin ona səs verəcəyini proqnozlaşdıran cənab Quliyev xalqı necə C.Həsənliyə səs verrməyə çağıra biləcək.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar