“Növbəti əfvi gözləyirik”

Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə oktyabrın 20-də “Media forum” saytına danışıb.

O, oğlu ilə telefon əlaqəsi saxladığını deyib: “Maddi sıxıntı ucbatından İlkinlə iki həftədən bir görüşürük. İlkinin səhhəti yaxşıdır. Təbii ki, qapalı yerdə bəzi problemlər yaranır, amma saxlanma şəraitindən narazılığı yoxdur.

Prezidentin oktyabrın 17-də imzaladığı sərəncamla əfv olunan Şahin Novruzlunun azadlığa çıxmasına çox sevinir. Bəlkə də azadlığa buraxılanlar əfv ərizəsini daha öncə yazıblar, yaxud İlkinin müraciətinin forması fərqlidir deyə oğlum həbsdə qaldı. Kim deyir ümidim ölür, yalan deyir. Qaranlıq gecənin gündüzü var. Ümidliyik, növbəti əfvi gözləyirik. Ən gözəl nemət azadlıqdır”.

Atlas Rüstəmzadə öz səhhətindəki problemlərə də toxunub: “Həm hipertonik təzyiq, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. Damarlarımda kirəcləşmə gedir. Müalicə götürməyə maddi imkanım yoxdur. Müəllimə işləyirəm, əməkhaqqım çox azdır. Ötən il bir kurs müalicə aldım, amma kömək üçün heç bir quruma müraciət etməmişəm”.

İlkin Rüstəmzadə 1992-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Subaydır. O, ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.

Bu iş üzrə tutulmuş gənclərdən ikisi – Bəxtiyar Quliyev və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıblar. Bəxtiyar Quliyev iyunun 2-də bəyanat yaymış və prezident İlham Əliyevə müraciət etmiş, təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, siyasi məhbus adlandırılmasına etiraz etdiyini və “Nida”dan çıxdığını vurğulamışdı. İyulun 8-də isə Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmasını istəmişdi. İlkin Rüstəmzadə və digər “Nida”çılar isə azadlığa buraxılmaları üçün prezidentə sentyabrın 28-də müraciət ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar