"Qarabağ"ın rəqibi ilə tanışlıq: "Dnepr"in 90 milyonluq büdcəsi var

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” oktyabrın 23-də növbəti sınağına çıxacaq.

Ağdam klubunun budəfəki rəqibi Ukrayna təmsilçisi “Dnepr” olacaq. Lent.az “Qarabağ”ın rəqibi ilə bağlı ən maraqlı faktları təqdim edir.

Əsası 1918-ci ildə qoyulan komanda Ukraynanın Dnepropetrovsk şəhərini təmsil edir. İlk adı “Brit” olan klub ardınca “Petrovets” adlandırılmağa başlayıb. 1936-cı ildən isə komanda “Stal” adı altında çıxış edib. Daha sonra “Metallurq”a çevrilən komanda 1962-ci ildən “Dnepr” adı ilə fəaliyyət göstərir.

Klubun hazırkı prezidenti İqor Kolomoyski, baş məşqçisi isə Miron Markeviçdir. Qeyd edək ki, 63 yaşlı çalışdırıcı bu ildən “Dnepr”in sükanı arxasındadır. O, məşqçilik karyerası ərzində “Volın”, “Karpatı”, “Krivbass”, “Metallurq” (Zaporojye) və “Anji” klublarını da çalışdırıb. Bundan əlavə, qısa müddət ərzində Ukrayna millisinə də başçılıq edib.

Komandanın uğurlarına gəlincə, “Dnepr” SSRİ dönəmində 2 dəfə (1983, 1988) Ukrayna çempionu, 1 dəfə isə ölkə kubokunun qalibi olub. Müstəqillik dönəmində isə “Dnepr” 2 dəfə Ukrayna çempionatının gümüş mükafatçısı, 1 dəfə isə UEFA İntertoto Kubokunun qalibi adını qazanıb.

Büdcəsi 90 milyon dollar olan “Dnepr”in ən bahalı futbolçusu Yevgeni Konoplyankadır - 17 milyon avro. Kapitan sarğısını isə Ruslan Rotan daşıyır. Ukrayna klubunun heyətində ən təhlükəli oyunçular Nikola Kaliniç və Bruno Qamadır. Təsadüfi deyil ki, cari mövsümdə Kaliniçin hesabında 6, Brumada isə 5 qol var. Bundan əlavə, “Qarabağ”ın müdafiə xətti Yevgeni Şaxov və Yevgeni Seleznyovu da diqqətdə saxlamalıdırlar. Qeyd edək ki, “Dnepr”in heyətində ukraynalı futbolçularla yanaşı, Çexiya, Xorvatiya, Braziliya, Portuqaliya və Gürcüstandan olan legionerlər də çıxış edirlər. Komanda baxımlı, hücum futboluna üstünlük verir. “Dnepr” müdafiədə oturub, “1 hücuma 1 qol” prinsipini tətbiq edən komandalardan deyil.

“Dnepr” “Qarabağ”la oyun öncəsi son matçını “Çernomorets”ə qarşı keçirib və 2:1 hesablı qələbə qazanıb. Dnepropetrovsk təmsilçisi Ukrayna çempionatının cari mövsümündə məğlubiyyətsiz irəliləyir. 9 turdan sonra 8 qələbə qazanıb, 1 heç-heçə edən “Dnepr” 25 xalla turnir cədvəlinə başçılıq edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar