Yenə orqan mafiyası, yenə Azərbaycan...

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları milis əməkdaşları ilə birlikdə iki ölkə vətəndaşını həbs edib.

Virtualaz.org saytı Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, həmin şəxslər Azərbaycanı da əhatə edən və insan orqanlarının qanunsuz transplantasiyası üzrə ixtisaslaşan transmilli mütəşəkkil cinayətkar qruplaşmaya daxil olublar.

Məlumata görə, mütəşəkkil cinayətkar qruplaşma Ukraynanın kənd yerlərindən böyrəklərini satmağa məcbur olan yoxsul insanları ələ alıblar və onları böyrəklərinin müştərilərə transplantasiyası əməliyyatı üçün Asiya və Latın Amerikası ölkələrinə göndəriblər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiyadan 50-dən çox şəxsi böyrəklərini çıxarıb satmaq üçün xaricə göndəriblər.

Saxlanılan şəxslərə qarşı insan alveri və insan əzalarının qanunsuz satışının təşkili maddəsi üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, bu, Ukrayna və Azərbaycanda izləri aşkarlanan ilk beynəlxalq mütəşəkkil cinayətkar qruplaşma deyil. 2010-cu ildə Ukrayna xüsusi xidmət orqanları Kiyevdəki Şalimov adına klinikanın həkimlərinin beynəlxalq orqan alveri mafiyası ilə əlbir olaraq azı 13 Ukrayna vətəndaşını Bakıdakı “ABU Klinika”da əməliyyat edərək böyrəklərini çıxardığı, çıxarılan böyrəklərin müştərilərə köçürüldüyünü üzə çıxarmışdı.

İstintaq müəyyən etmişdi ki, illər boyu fəaliyyətdə olan beynəlxalq mafiyanın rəhbərləri İsrail vətəndaşlarıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar