“Zakir Həsənova əngəl yaradacaq adamlar var” - sabiq nazir müavini DANIŞDI

"Orduda “filankəsin adamı” məsələsi olmamalıdır, vicdanlı və peşəkar hərbiçilər önə çəkilməlidir"

Azərbaycanın müdafiə nazirinin şəxsi heyətlə iş üzrə sabiq müavini, 1999-cu ildən ehtiyyatda olan polkovnik Mehman Səlimov prezident İlham Əliyevin sərəncamı ilə Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunması və onun yerinə Zakir Həsənovun təyin edilməsi məsələsinə münasibət bildirib.

Sabiq nazir müavini publika.az-a söyləyib ki, yeni müdafiə naziri peşəkar hərbiçidir, Almaniyada nümunəvi kurs keçib. Polkovnik M.Səlimov deyib: “Mən onu ilk dəfə Sərhəd Qoşunlarında olan vaxtı görmüşəm. Zakir Həsənov müxtəlif pillələr keçib.

Onun Daxili Qoşunlarda yaratdığı yüksək nizam-intizam və qayda-qanun hər kəsə bəllidir. Mən Zakir Həsənovun qardaşı Eldar Həsənovu yaxşı tanıyıram. O, o vaxtı idarə rəisi idi.

Hesab edirəm ki, əgər Zakir Həsənov indiki kimi kadr islahatlarını sonadək apara və bir neçə əsas adamı da oradan uzaqlaşdıra bilsə, o zaman orduda yüksək nizam-intizam yarada biləcək. Amma hazırda Müdafiə Nazirliyində bəzi adamlar var ki, Zakir Həsənovun işinə əngəl törədə bilər.

Zakir Həsənovun ətrafında, ona əngəl yara bilən adamlar var. İlk növbədə həmin adamlar da kənarlaşdırılmalıdır. Orduda “filankəsin adamı” məsələsi olmamalıdır, vicdanlı və peşəkar hərbiçilər önə çəkilməlidir. Ordunun siyasi bağlılığı olmamalıdır.

Azərbaycanda ali baş komandan var və hər kəs ali baş komandanın qərarlarını tərəddütsüz icra etməlidir. Türkiyə Silahlı Qüvvələrini də nümunə kimi götürmək olar. Çünki Türkiyə Silahlı Qüvvələrində əmr verildisə, o, kiminsə həyatı bahasına olsa belə icra edilir. Əmr gəldisə, burada cavabdeh əmr verən olur və bütün məsuliyyəti də əmr verən daşıyır. Digərləri əmri icra etməlidir”.

Sabiq nazir həmçinin qeyd edib ki, Səfər Əbiyevin müdafiə naziri postundan getməsi prezidentin səlahiyyətində olan məsələdir: “Bu məsələni müzakirə etməyin mənası yoxdur, Prezident-Ali baş komandan bu qərarı veribsə, deməli belə məsləhətdir. Digər tərəfdən isə axının qarşısını almaq olmaz.

Orduda bir adam ömrü boyu eyni vəzifədə qala bilməz. Gənc və peşəkar hərbi kadrlar var, tədricən onlar indikilərlə əvəz olunmalıdır”.

Ermənistan ilə Azərbaycan arasında davam edən münaqişəyə də toxunan M.Səlimov deyib: “Mən keçmiş Sovet İttifaqı dövründə Gümrü hərbi birləşməsində zabit kimi xidmət etmişəm.

Həmin bölgəni hərbi ərazi kəşviyyat baxımından da yaxşı bilirəm. Tam əminliklə deyə bilərəm ki, əgər Azərbaycan Rusiya və digər güc dövlətlərini tam neytrallaşdıra bilsə, o zaman torpaqlarımızı işğaldan azad etmək üçün bir ay vaxt lazımdır.

İnanın ki, Ermənistan indi Rusiyaya arxayın olub bu cür hərəkətlər edir. Ancaq Azərbaycanın güclü ordusu var, 20 il əvvəlki Azərbaycan ordusu ilə indiki ordu arasında fərq çox böyükdür. Biz torpaqlarımızı itirmişik, ancaq bunu müharibədə itirməmişik, torpaqlarımız siyasi proseslərin qurbanı olub.

Artıq Azərbaycan zabitlərində də böyük döyüş və qələbə əzmi yaranıb, hər kəs torpaqlarımızın azad olunmasını istəyir. Bunun üçün biz qədər də çalışmalıyıq ki, ordumuzda olan bəzi problemlər arada qalxsın”.

Vasif Həsənli

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar