DƏMİRƏLİN BAKI SƏFƏRİ İLƏ BAĞLI ŞOK İDDİA - Mason Lojasının «Böyük ustadı» niyə gəlmişdi?

Ötən həftə diqqəti çəkən hadisələrdən biri də Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin Azərbaycana bir-neçə günlük səfəri oldu. Rəsmi məlumatlarda bu səfər Azərbaycan prezidenti İlham Əliyevin Süleyman Dəmirəli Bakıda keçirilən “Bakı Beynəlxalq Humanitar Forum”a dəvət etməsi ilə izah olundu.

Üç gün davam edən foruma qatılan Süleyman Dəmirəl İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə də təltif olunub. Bununla bağlı Azərbaycan prezidentinə dərin təşəkkürünü ifadə edən S.Dəmirəl yaxın dostu olan mərhum dövlət başçısı Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını da ziyarət edib. Həmin vaxt S.Dəmirəlin xatirəsini əziz tutduğu dostu və qardaşının dövlətçilik əmanətinin ETİBARLI ƏLLƏRDƏ olduğunu söyləməsi isə Türkiyədə də diqqətləri cəlb edib.

Belə ki, Türkiyə mediasında ötən həftə Süleyman Dəmirəlin Azərbaycana səfəri ilə əlaqədar maraqlı iddialar irəli sürülüb. Bu iddialardan biri ondan ibarətdir ki, Süleyman Dəmirəl Azərbaycana Türkiyənin sabiq prezidenti kimi deyil, masonların təmsilçisi kimi gəlib.

Qeyd edək ki, Süleyman Dəmirəlin mason olduğu haqda iddialar uzun illərdir ki, mövcuddur. Onun 1956-cı ildən masonluğu qəbul etdiyi və siyasi karyerasını onların yardımı ilə qurduğu bildirilir. Hələ 1964-cü ildə bununla bağlı sənədlər də ortaya qoyulub. Belə ki, Türkiyənin Ədalət Partiyasının başqanı Raqib Gümüşpalanın ölümündən sonra, bu partiyanın 30 noyabr 1964-cü ildə keçirilən konqresində partiya sədri vəzifəsinə iki namizəd olub. Onlardan biri Sadəddin Bilgic, ikincisi Süleyman Dəmirəl idi. Seçkilər zamanı S.Dəmirəlin tərəfdarları onun ABŞ-la əlaqələrinin daha geniş olduğunu vurğulamış, o zaman Amerika prezidenti olmuş Lindon Consonla çəkilmiş şəkillərini konqresdə göstərmişdilər. S.Bilgiç tərəfdarları isə Dəmirəlin mason olduğunu göstərən Dünya Mason Təsisatının Türkiyə Lojasının qeydiyyat nümunəsini yaymışdılar.

Sonralar rəsmən əldə edilən sübutlara əsasən təsdiqlənib ki, S.Dəmirəl Türkiyə Mason Lojasının “Böyük ustadı” vəzifəsində çalışıb. Düzdür, S.Dəmirəlin hakimiyyəti zamanı mətbuata sızdırılan məlumata görə, Dəmirəl masonluqdan imtina edərək dövlət siyasətini aparırmış. Dəmirəlin apardığı siyasəti təhlil edən ekspertlər isə bu məlumatın sadəcə gözdən pərdə asmaq üçün yayıldığını bildiriblər. Hətta masonların özləri Süleyman Dəmirəli «yatmış mason» aldandırıblar.

Məlumatlara görə, S.Dəmirəl yalnız Türkiyədə deyil, qonşu ölkələrdə də masonların ideyalarının həyata keçirilməsində fəal rol oynayıb. O cümlədən Azərbaycanda. Bu yerdə sabiq daxili işlər naziri İsgəndər Həmidovun müsahibələrinin birində söylədiyi fikri xatırlatmaq yerinə düşər: «...qaldı Dəmirələ, Azərbaycanın bu günə düşməyində bir başa o mason günahkardır. Elçibəyə masonluğu təklif elədi, bəy əsil Türkçü idi, qəbul eləmədi, ona görə də Dəmirəl ona qarşı çıxdı.»

S.Dəmirəlin Əliyevlər hakimiyyəti ilə yaxın dostluğu isə hər kəsə məlumdur.

Bunun üzərində geniş dayanmadan qeyd edək ki, Türkiyədə AKP hakimiyyətə gəldikdən sonra masonların gücünə böyük zərbə vurulub. Türkiyənin dövlət siyasətinə masonların təsiri demək olar ki, sıradan çıxarılıb. Türkiyədə masonlara vurulan son zərbə isə Cümhuriyyət tarixində ilk dəfə olaraq hicab taxmış 4 qadın millət vəkilinin Böyük Millət Məclisinin iclasına qatılıması olub.

Qeyd edək ki, müsəlman ölkələrində hicabın qadağan olunması masonların əsas önəm verdikləri məsələlərdən biri olub. Təsadüfi deyil ki, Türkiyə masonları Türkiyə Böyük Lojasının rəhbəri olmuş Qaya Paşakay bu ölkədə hicabın qadağan edilməsinin qızğın tərəfdarı olub. O, mətbuata verdiyi müsahibəsində «Siz bir nəfər də olsun sıralarımızda xanımı hicablı adam görə bilməzsiniz», - demişdi.

Məhz bu məqsədlə hicabı siyasi bir atribut kimi təqdim edib, hakimiyyətlərinə təsir edə bildikləri ölkələrdə hicablı qadınların dövlət orqanlarında fəaliyyətini əngəlləyən qadağaların çıxarılmasına nail olublar.

İndi isə qayıdaq Süleyman Dəmirəlin Azərbaycana son səfəri ilə bağlı (Bu iddia türk radiolarının birində səslənib) yayılan iddialara... Həmin iddiaların müəllifləri Dəmirəlin Bakıya hicab taxmış 4 qadın millət vəkilinin Böyük Millət Məclisinin iclasına qatılıması haqda qərarlarını açıqladığı gün gəlməsini təsadüfi hesab etmirlər. Xatırladaq ki, Dəmirəl Bakıya oktyabrın 30-u axşam gəlib. Oktyabrın 31-i isə hicab taxmış 4 qadın millət vəkili Böyük Millət Məclisinin iclasına qatılıb.

İddialara görə, Türkiyədə masonçuluğa vurulan son zərbə günü Mason Lojasının “Böyük ustadı” Dəmirəlin Bakıda olmasının bir rəmzi mənası var. Bunu masonların Türkiyədə güclərini itirmələrini qəbul etmələri, bütün ümidlərini bu gün regionda masonçuluğun ən güclü olduğu Azərbaycana bağlamaları kimi xarakterizə edirlər.

İddialarda Azərbaycan hakimiyyətinin masonlarla çox ciddi bağlılıqlarının olduğu, dövlət siyasətində bunun açıq şəkildə özünü göstərdiyi bildirilir. Elə ölkədə hicabla bağlı qadağaların səbəbi də bununla bağlanır.

Ehtimal edilir ki, Mason Lojasının “Böyük ustadı” Dəmirəl Bakıya beynəlxalq ictimaiyyətin ciddi tənqidləri ilə üzləşən İlham Əliyevin yeni prezidentliyi dönəmində birgə görəcəkləri işləri müzakirə etmək üçün gəlib. Onun «dövlətçilik əmanətinin ETİBARLI ƏLLƏRDƏ» olduğunu söyləməsi isə Bakıdan razı qayıtması kimi xarakterizə olunur.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar