“ƏSAS HƏDƏFİMİZ QÜDS-ŞƏRİFİ AZAD ETMƏKDİR” - Fələstin səfiri (Müsahibə)

 Nasir Əbdül Kərim: “Netanyahu İsrail hökumətinin tarixində ən radikal hökumət hesab olunur”

1988-ci ildə keçmiş prezident Yasir Ərafat Fələstini müstəqil dövlət elan etdikdən sonra hazırda 140 ölkə Fələstini müstəqil dövlət kimi tanıyır. Keçən il Fələstin BMT-də müşahidəçi dövlət statusu ala bildi. Bu qurumda təmsil olunan 134 üzv ölkə Fələstinin lehinə səs verdi. Sonradan 6 dövlət də o siyahıya əlavə olundu.

Bu sıraya Azərbaycanı da əlavə etmək olar. 2011-ci ilin fevralından Bakıda bu ölkənin səfirliyi fəaliyyət göstərir. Səfir kimi ilk missiyasını Azərbaycanda həyata keçirən Nasir Əbdül Kərimlə görüşərək illərdi İsraillə-Fələstin arasında yaşanan problemlərdən söhbət açdıq.

- Cənab səfir, Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son durumu nə yerdədir?

- Bildiyiniz kimi İsraillə Fələstin arasında olan danışıqlar ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə dörd ay bundan əvvəl başlayıb. Lakin bu danışıqların müddəti də məhduddur, yəni 9 ay hesablanıb. 4 ayı geridə qoyduq, irəlidə 5 ay qalıb. Buna rəğmən İsrail tərəfi heç nəyə məhəl qoymayaraq bu danışıqlar müddətində öz məskunlaşma siyasətini davam etdirir. Bu da danışıqlar prosesinin prinsiplərinə ziddir.

- Geridə qalan 4 ayda hansısa irəliləyişlər oldumu?

- Gəlin 4 aylıq irəliləyişdən danışmayaq. Çünki Con Kerri bildirmişdi ki, bir mövzuda deyil, bütövlükdə irəliləyişə nail olmalıyıq. Hansı nəticəyə gəldiyimizi danışıqlar mərhələsi sona çatdıqdan sonra söyləyəcəyik. Əslində 4 ay ərzində elə bir irəliləyiş nəzərə çarpmayıb. Əksinə, bayaq dediyim kimi, həmin ərazilərdə İsrail tərəfindən məskunlaşma siyasəti aparılır. Hətta bir neçə gün bundan əvvəl qarşı tərəf Fələstin torpaqlarında 1500-ə qədər yaşayış məskəni saldı. Həmçinin, qərarlar qəbul edərək fələstinlilərin Qüds-Şərifdəki mənzilləri dağıdılaraq yerində yeni yaşayış məskənlərinin salınmasına başlanılıb.

- Belə aydın olur ki, bu gedişlə danışıqlar prosesi nəticəsiz sona çatacaq?

- Bu 9 ay ərzində böyük irəliləyişin şahidi olmaya bilərik. Bu məhdud zaman içində İsrail tərəfinin məskunlaşma siyasətini davam etdirməsinin şahidi olmaqdayıq. Baxmayaraq ki, bütün bunlar beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarlarına tamamilə ziddir. Qarşı tərəfin həmin əraziləri müsadirə edib mənimsəməkdə, torpaqları parçalamaqda məqsədi odur ki, Fələstin ərazilərinə çox az miqdarda yerlər qalsın ki, biz öz dövlətimizi yarada bilməyək. Sülh prosesinin uğurla başa çatması üçün qarşı tərəf, xüsusən, İsrailin baş naziri Benyamin Netanyahu özünün radikal mövqeyindən çəkinməlidir. Hazırda Netanyahu hökumətində təmsil olunan bir sıra nazirlər öz sərt mövqeyi ilə İsrail hökumətinin tarixində ən radikal hökumət hesab olunur.

- O zaman Fələstin torpaqlarında məskunlaşma siyasəti həyata keçirən, inşaat işlərini davam etdirən və dediyiniz kimi, hakimiyyətdə olan radikal hökumətlə bu cür şəraitdə danışıqların aparılması nə dərəcədə səmərəlidir?

- Bəli, çox çətin şəraitdə bu danışıqlar davam etdirilir. Müstəqilliyə nail olmaq və dövlətin milli marağını nəzərə alaraq istənilən şəraitdə danışıqları davam etdiririk. Qarşı tərəfin radikal olub-olmaması deyil, sülhə, müstəqilliyə çatmaq bizim üçün önəmlidir. Hələ 1993-cü ildə Oslo müqaviləsi imzalananda Fələstin qarşı tərəfə 78 faiz güzəştə getdi. 2008-ci ildə az qala Fələstin rəhbərliyi orta mövqeyi ilə seçilən Ehud Olmert hökuməti ilə sülh razılaşmasına nail olacaqdı. Lakin, İsrail hökuməti daxilində baş verən siyasətin nəticəsində o hakimiyyətdən getdi və onu Netanyahu əvəzlədi. Biz danışıqlar prosesində səmimiyik. Əgər 9 ayın sonunda da hər hansı bir irəliləyiş əldə olunmazsa bununla da dünyaya göstərəcəyik ki, sülh danışıqlarını gecikdirən məhz İsrail tərəfidir və buna görə də İsrail beynəlxalq qanunvericiliklə üzləşməlidir.

- Danışıqlar müddəti başa çatdıqdan sonra sərhədlərin müəyyənləşdirilməsi, su və digər problemlərin həll olunacağına əminsinizmi?

- Ortada saf və təmiz niyyət olarsa problemlər həll olunar. Su problemi çox önəmlidir. Fələstinlilər öz işğal olunmuş ərazilərində çıxardıqları suyun 20-25 faizindən istifadə edə bilir. Bildiyiniz kimi bizim region quru bir regiondur. Su da insanların həyatında ən önəmli faktordur. Amma fələstinlilər öz təbii sərvətindən lazımi qədər istifadə edə bilmir. Sərhədlərin müəyyənşdirilməsi məsələsinə gəlincə, yuxarıda qeyd etmişdim ki, Ehud Olmert bir az mötədil, məntiqli, düşünçəli insan idi. Nəyi necə edəcəyini bilirdi və biz o sərhədlərin həll olunmasına bir az yaxınlaşmışdıq. Amma o hakimiyyətdən getdi və işlər yarımçıq qaldı. Qüds-Şərif həm bizim, həm də bütün müsəlman və xristinalar üçün çox önəmli bir məkandır. Bir milyard yarım müsəlman üçün bu məkan çox müqəddəs bir yerdir. Bizim də əsas hədəfimiz Qüds-Şərifi azad etmək və onu Fələstin dövlətinin paytaxtına çevirməkdir.

- Misirdə baş verən hadisələr Fələstinə neçə təsir edir?

- Fələstin dövləti olaraq bizə qardaş olan hər hansı bir dövlətin daxili işlərinə qarışmırıq. Özümüzün uzun illərdi ki şəffaf, açıq hədəfimiz var ki, bu da müstəqilliyimizə nail olmaqdır. Bu istiqamətdə səylərimizi davam etdiririk. Hazırda Misirdə keçid dövləti qurulmaqdadı. Misir xalqının azadlıq, demokratiya, inkişaf yolunda özünün maraqlarını ödəməsini onlara arzu edirik.

- Bəzi müşahidəçilərin fikrinə görə, Mursi hökuməti Fələstinin güdazına getdi...

- Deyilənləri həqiqətə uyğun hesab etmirəm. Məhəmməd Mursinin dövründə həqiqətən də Fələstinə qeyri-istisna davranış, mövqe sərgilənmədi. Onun hakimiyyətdən getməsi Misirin daxilində baş vermiş hadisələrlə bağlıdır. Hazırda Misirin keçid hökumətindən özümüzə dəstəyi görürük.

- Ərəb dünyasının Fələstinə dəstəyini yetərli hesab edirsinizmi?

- Bu günə kimi bizə göstərdiyi dəstəyə görə bütün qardaş ərəb ölkələrinə təşəkkürümüzü bildiririk. Hesab edirik ki, potensial daha böyükdür. Hazırkı mərhələdən də bu dəstəyi hiss edə bilirik.

- Azərbaycanın Fələstin münaqişəsi ilə bağlı mövqeyi sizi qane edirmi?

- Azərbaycanın bizə göstərdiyi dəstəkdən çox məmnunuq. Ölkəniz tarixən Fələstinlə hər zaman yaxşı əlaqələrə malik olub. Yaxın keçmişdə Fələstin lideri Yasir Ərafatla Heydər Əliyev arasında yaxşı siyasi əlaqələr mövcud olmuşdu. Həmin əlaqələri hazırkı ölkə başçıları İlham Əliyev və Mahmud Abbas davam etdirir. Bu əlaqələrin inkişaf etməsinə misal olaraq Azərbaycan tərəfinin Fələstinə dəvətinin gerçəkləşməsini görə bilərik. Bu dəvət ondan ibarət idi ki, Azərbaycanda Fələstin dövlətinin səfiriliyi açıldı. Fələstinin ilk səfiri olaraq ölkənizdə özümü doğma hiss edir, Azərbaycanı ikinci vətənim sayıram. Səfirlik açıldıqdan sonra Mahmud Abbasın Azərbaycana tarixi səfəri gerçəkləşdi. Bundan başqa, iyun ayında Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Bakıda Qüdslə bağlı konfransını təşkil etdi. Azərbaycan tərəfi Qüdsün infrasturkturu üçün 5 milyon dollar maddi vəsait ayırdı. Bütün bu amillər iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini göstərir və biz istənilən bütün sahələrdə də ölkənizlə əməkdaşlıq etməkdə maraqlıyıq.

Laçın SƏMLA

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar