“ATƏT-in hesabatlarında xristian həmrəyliyi  var” - Məzahir Pənahov

“Dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur”

“Dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur. Mən İngiltərədə parlament seçkiləri zamanı olmuşam. Mən qubernatorla bir yerdə seçki məntəqəsinə getmişdik, bizi məntəqəyə buraxmırdılar. Axırda onlara dedilər ki, bir ölkənin Mərkəzi Seçki Komissiyasının sədridir, öyrənməyə gəlib, ondan sonra bizi məntəqəyə buraxdılar”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov deyib ki, İngiltərədə heç Seçki Məcəlləsi də yoxdur: “1860-cı illərdə hansısa sənəd qəbul ediblər, sonra da 3 maddə dəyişiklik ediblər. Lakin bu o demək deyil ki, onlar demokratik seçki keçirmir, bu, onların adət-ənənələrinə hopub. Seçkidən sonra da hamı seçkinin nəticələrindən razı qalır. Ona görə də o ölkədə seçkiləri müşahidə etməyin nə olduğunu bilmirlər”.

MSK sədri bildirib ki, ATƏT-in ABŞ-da prezident seçkiləri zamanı müşahidə göndərməsi təklifi ilə çıxış edənlərdən biri Azərbaycan olub: “Hətta ABŞ-da ştatların birinin qubernatoru demişdi ki, müşahidəçilər gəlsə, həbs edəcəyik. Ancaq Azərbaycanda seçkilərə minlərlə müşahidəçi gəlir, dəvət olunur. Azərbaycanda keçirilən bələdiyyə seçkilərini isə adətən Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin nümayəndələri müşahidə etməyə gəlir. Lakin bu Konqres də müəyyən bir mövqedən çıxış edir”.

M.Pənahov beynəlxalq qurumların ikili standartlardan çıxış etdiyini vurğulayıb: “Ermənistanda prezident seçkiləri zamanı ölümlər, həbslər olmuşdu. Lakin Azərbaycanda 5-10 nəfər vandallıq etmişdi. Ancaq Ermənistanda seçkilərlə bağlı ATƏT-in hesabatında heç nə yox idi, Azərbaycanla bağlı isə hər şey şişirdilmişdi. ATƏT-in hesabatlarında xristian həmrəyliyi var. Ancaq bölgədən bölgəyə də fərq var. ABŞ Səudiyyə Ərəbistanını tənqid etmir ki? Çünki 100 ildir ki, Səudiyyə Ərəbistanı ABŞ-la bir yerdədir. Yəni söhbət ikili-üçlü standartlardan gedir. Tutaq ki, Rusiya da, Serbiya da xristian ölkələridir, onlara fərqli yanaşma var. Bizim Ermənistan qədər İranla, başqa ölkələrlə əlaqələrimiz olsaydı, Qərb fərqli mövqedən çıxış edər, dünyanı dağıdardılar. Ermənistana isə hər cür əlaqə qurmağa loyal yanaşırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar