Federasiya prezidentinin qardaşı Himalay dağlarında həlak oldu

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun qardaşı Murad Aşurlu bu gün Himalay dağlarında faciləvi şəkildə həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Nepal KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, Murad Aşurlu Himalay dağlarında alpinistlər arasında populyar olan, 6856 metr hündürlüyə malik Ama Dablam dağlarından enərkən qəzaya uğrayıb.

[caption id="attachment_63659" align="alignleft" width="620"]

Murad Aşurlu bu dağdan yıxılıb[/caption]

“Bu gün dağdan enərkən alpinistlərdən biri xəbərsiz itkin düşüb. O, 42 yaşlı azərbaycanlı Murad Aşurludur” - deyə Nepal KİV-ləri xəbər verir.

Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam dağının zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi hadisə baş verib.

Xəbərdə deyilir ki, Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu təcili olaraq Nepala uçub.

Murad Aşurlu Everest zirvəsində. 2013-cü ilin mayı

2013-cü il, mayın 19-da planetin ən yüksək nöqtəsində - Everest zirvəsində (8848 metr) Azərbaycanın bayrağı üçüncü dəfə qaldırılmışdı. Bu, “7 zirvə” beynəlxalq ekspedisiyanın tərkibində olan azərbaycanlı Murad Aşurlıya nəsib olmuşdu. Mayın 21-də M.Aşurlı ekspedisiyanın digər iştirakçıları ilə bilikdə 6300 metr yüksəklikdə baza düşərgəsinə enmişdi.

O vaxt Murad Aşurlu skype vasitəsilə “Turan” agentliyinə müsahibə vermişdi və bunları demişdi: “Zirvəyə qalxmaq şimal tərəfdən (Çin, Tibet) həyata keçirilirdi. Biz zirvəyə qalxmağa mayın 18-də 8300 metr hündürlükdə həmlə düşərgəsindən başladıq. Qalxma bir neçə saat davam etdi. Soyuq idi, mənfi 30 dərəcəyə yaxın, lakin dözmək olurdu. Əsas odur ki, marşrut bir neçə ekspedisiyadan ibarət deyildi və biz yubanmadan gedirdik. Özümüzü yaxşı hiss edirdik, lakin 8 min metrdən yüksəkdə olmaq təsirsiz ötüşmürdü, hətta oksigen balonu olsa belə. Odur ki, hazırlığa 20 saat vaxt getdi, zirvəyə qalxmaq və enmək çətinliklə başa gəldi. Lakin mən xoşbəxtəm ki, Azərbaycanın bayrağını Everestin üzərinə qaldırdım.

Mən Azərbaycan Alpinizm Federasiyasının üzvü kimi bunu mayın 28-də qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edirəm. Bu işin öhdəsindən gəlməyimdən qürur duyuram”.

Murad Aşurlu deyirdi ki, həmin il Himalayda qar örtüyünün hündürlüyü az olub: “Daşların üzərində hərəkət etmək çətin olduğundan adam tez yorulur. Sonuncu yüz metrlər çox təhlükəlidir, çünki kilometrlik uçurumun üstü ilə nazik zolaqla getməli olursan və hər hansı yanlış addım sonuncu ola bilər. Əvvəlki ekspedisiyalardan qalan köhnə iplər də əlavə problemlər yaradırdı, bir neçə dəfə ilişirdik, yıxılırdıq, amma ciddi problem yaranmadı.

Təəssüf ki, biz qalxarkən cənub tərəfdə Rusiyanın ən yaxşı alpinistlərindən biri Aleksey Bolotov 7900 metrdən yıxılaraq həlak oldu. Təəssüf ki, hər il Everestde alpinistlər həlak olur, çox zaman da güclü və tanınmış alpinistlər. Ən yüksək zirvənin xarakteri belədir”.

Həmin il “7 zirvə” ekspedisiyasının üzvləri Everestə itkisiz və xəsarətsiz qalxıblar. Amma komanda üzvlərinin hamısı yox, 12 nəfər qalxıb.

“Məlum oldu ki, zirvədə ən çətin iş mənə düşür, güclü şaxtada şəkil çəkmək üçün fotoaparatı çıxarmalı oldum. Batareyalar dondu, bir neçə saniyədən sonra yenidən dəyişməli oldum, yeni batareyalar bir neçə saniyəyə belə davam gətirmirdi. Lakin bu müddətdə bayrağımızla birlikdə bir neçə şəkil çəkmək mümkün oldu və çox şadam ki, bu, alındı” - deyə M.Aşurlu bildirmişdi.

Azərbaycanlı alpinist “Everest zirvəsindən Azərbaycan ictimaiyyətinə, alpinist həmkarlarına nə çatdırmaq istərdiniz” sualının cavabında belə demişdi: “Bilirsiniz, Marqaret Tetçerin gözəl ifadəsi var idi: hər kəs Everestə özü üçün qalxır, lakin hamı zirvənin üzərində öz ölkəsinin bayrağını qaldırır”.

42 yaşlı Murad Aşurlu Moskvada ali təhsil almışdı. O, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar