Dövlət Komitəsi icra hakimiyyətinin dələduz qadın işçisini ifşa etdi

Bakıda "Dövlətqaçqınkom"un adından sui-istifadə edən Vüsalə Saleh qızı Mirzəyevanın dələduzluq əməlləri ifşa olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri Müşfiqabad qəsəbə sakini Fatma Səfəralı qızı Cabbarova "Dövlətqaçqınkom"a ərizə ilə müraciət edərək V.Mirzəyevanın dələduzluq əməlindən şikayət edib.

F.Cabbarova ərizəsində göstərib ki, keçən il təsadüfən tanış olduğu V.Mirzəyeva özünü Cəbrayıl Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək məcburi köçkünlər üçün salınan qəsəbədən onlara mənzil düzəldə biləcəyini bildirib. F.Cabbarova rəfiqəsinin də mənzilə ehtiyacı olduğunu söyləyib və rəfiqəsi ilə danışıb ona cavab verəcəyini qeyd edib.

Bir müddətdən sonra F.Cabbarova daha bir neçə nəfərlə “Qızıl tac” restoranının yanına gələrək onları Vüsalə ilə görüşdürüb. Razılıq əldə olunduqdan sonra V.Mirzəyeva müxtəlif vaxtlarda onlardan ümumilikdə 182 min manat alaraq ev düzəltməyə söz verib. V.Mirzəyeva adları məlum olmayan daha 3 nəfərlə birlikdə saxta yolla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini, hətta evlərinin açarlarını da hazırlayaraq 7 ailəyə Mehdiabad qəsəbəsində, 18 ailəyə isə Müşviqabad qəsəbəsində mənzil verəcəyini vəd edib.

Lakin bir müddət keçəndən sonra onlara ev verilmədiyini görən və verilmiş sənədlərin saxta yolla hazırlandığını dərk edən məcburi köçkünlər pullarını geri qaytarmaq məqsədilə V.Mirzəyevanı axtarmağa başlasalar da, onu tapa bilmirlər. V.Mirzəyevanı tapa bilmədikləri üçün ortada vasitəçilik missiyası daşıyan F.Cabbarovanın üstünə düşüblər. F.Cabbarova V.Mirzəyevanı taparaq çətinliklə də olsa, verilən puldan 97 min manatını müxtəlif vaxtlarda sahiblərinə ödətdirə bilib. 87 min manat isə hələ də qaytarılmayıb. İndi Fatma Cabbarova ona köməklik göstərilməsi üçün bu cinayətkar dəstənin üzvlərinin cəzalandırılmasını tələb edir. Faktla bağlı hüquq-mühafizə orqanları artıq hərəkətə keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar