Rusiya sualtı qayıqlarının İsveç sularında fəaliyyəti davam edir

İsveç ordusu paytaxt yaxınlığındakı sularda sualtı qayıq olması ilə bağlı 2 yeni məlumat əldə edib. Hazıra "xarici sualtı fəaliyyət"də şübhəli bilinən sualtı qayıqla bağlı yeni axtarış gedir.

Bu barədə oktyabrın 21-də İsveç hərbi-dəniz donanmasının yüksək rütbəli zabiti məlumat verib.

Məlumatı "Reuters" yayıb.

Bundan əvvəl xarici sualtı gəmilər və ya sualtı vasitələrdən istifadə edən dalğıclarla bağlı 3 etibarlı mənbədən məlumat daxil olmuşdu. İsveç hərbi qüvvələri cümə günündən Stokholm ətrafındakı sularda axtarış aparırdı.

Sualtı gəmilərin hansı ölkəyə məxsus olduğu məlum deyil. Qeyd edək ki, İsveç donanması 1980-ci illərdə vaxtaşırı öz sularında sovet sualtı qayıqlarının olmasından şübhələnərək axtarışlar aparırdı.

"Bu gün mən də, ictimaiyyət üzvlərinin əvvəl açıqladığı 2 obyektin müşahidəsini təsdiqləyirəm. Növbəti tədbirlərin görülməsi baxımından bu, çox maraqlıdır", - admiral Anders Qrenştad bildirib. O, bu dəfə müşahidə olunan obyektlərin təfərrüatı barədə məlumat verməyib. Admiral bildirib ki, məlumat əvvəlki 3 mənbə kimi etibarlı olmadığı üçün araşdırma aparılacaq. Qrenştadın sözlərinə görə, müəyyən müddət davam edəcək əməliyyat hərbi məqsədli deyil, kəşfiyyat məlumatlarının toplanmasına yönəlib. "Mən bir daha vurğulamaq istəyirəm ki, bu, hərbi güclə rəqibə zərbə endirmək məqsədi daşıyan "sualtı qayıq ovu" əməliyyatı deyil", - o deyib.

O həmçinin bildirib ki, hökumətin sualtı qayıqların hansı ölkəyə məxsus olması haqqında məlumatı yoxdur. 1980-ci illərdə və 90-cı illərin əvvəllərində isə İsveçin müdafiə qüvvələri öz ərazi sularında Sovet İttifaqına məxsus olduğu ehtimal olunan sualtı qayıqlarla sanki "siçan-pişik" oynayırdılar. Üstəlik, sonradan daxil olan bəzi xəbərlərin yalançı həyəcan siqnalı olduğu da məlum oldu.

Son aylarda İsveç qırıcı təyyarələri rus təyyarələrinin ölkənin hava məkanına daxil olduğunu aşkar ediblər. Baltik ölkələrində də oxşar hadisə zamanı NATO buna reaksiya vermişdi.

Finlandiya da Rusiyanın onun hava məkanını pozmasından, avqust və sentyabrda rus donanmasının beynəlxalq sularda dövlət ekoloji tədqiqat gəmilərinin əməliyyatlarına müdaxiləsindən şikayətlənir.

Hadisələr Ukrayna münaqişəsinə görə Qərblə Rusiya arasında gərginliyin artdığı vaxta təsadüf edir. Oktyabrın 21-də Estoniya lideri ilə birgə konfransda İsveçin baş naziri ölkəsinin müdafiə xərclərini artıracağını bildirib. /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar