Vüsal Şilderi öldürənlərin ifadələri ictimaiyyətdən gizlədilir

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi Elman Seyidağa oğlu İsgəndərovun və Seymur Teymur oğlu Talıbovun işi üzrə məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, Almaniya vətəndaşı, milliyyətcə azərbaycanlı Vüsal Şilderin ölümündə ittiham olunurlar.

Ötən proseslərdə olduğu kimi, oktyabrın 22-də keçirilən prosesdə də mətbuat nümayəndələri zala buraxılmayıblar. Hakim prosesin qapalı keçiriləcəyini bildirib və növbəti proseslərdə jurnalistlərin iştirakının təmin olunacağını deyib.

İstintaqın gəldiyi nəticəyə görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Cinayət işində adı hallanan X.Əlizadə uzun illər daxili işlər orqanlarında yüksək vəzifələrdə çalışmış Məzahir Əliyevin oğlu, Prezident Administrasiyasının sabiq işçisi Tariyel Ağayevin kürəkənidir. Bir müddət əvvəl X.Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı və ekstradisiya olunması üçün tədbirlər görüldüyü barədə məlumat verilmişdi.

Cinayəti törədən dəstə bu məqsədlə bir müddət V.Şilderi güdməyi başlayıb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində V.Şilder dünyasını dəyişib.

2 gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügedən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxs qismində ilkin istintaq zamanı dindirilən Elman İsgəndərov ona elan olunan ittihamla özünü təqsirli bilib. O, ifadəsində Şabran rayonunda yaşadığını, ötən ilin aprel ayında xalası oğlu Seymurun ona zəng vurub Bakıya çağırdığını göstərib: “Söhbət zamanı Seymur dedi ki, imkanlı bir dostumun bacısına sataşıblar. Həmin qız mənim də bacım hesab olunur. Buna görə də qıza sataşan oğlanın sifətinə ”şram" atmaq, boşluqlarına bıçaq vurmaq və oğlanın mobil telefonunda qızın şəkilləri olduğuna görə onun telefonunu da sındırmaq lazımdır. Bu işə görə necə lazımdır hörmət olunacaq, bu adam yüksək vəzifədə işləyir, səni bəy kimi dolandıracaq. Maddi sıxıntı içərisində olduğumdan razılaşdım. Fikirləşirdim ki, bu işə görə yəqin mənə 10 min manata yaxın pul verərlər. Aprelin 26-da Seymur zəng vurub işi sifariş verən adamın yanında olduğunu, mənimlə görüşmək istədiyini dedi. Görüşmək üçün onların dedikləri yerə gəldim. Seymur məni sonradan adının Xəyal olduğunu bildiyim həmin oğlanla tanış etdi. Xəyal mənə “heç nədən narahat olma, tutulmayacaqsan, hər şey yaxşı olacaq, tutulsan da səni oradan çıxardacam” dedi. Bu söhbətdən sonra vuracağım oğlan mənə göstərildi.

Onu hər gün universitetdən evlərinə qədər izləyirdim. Hadisədən bir gün əvvəl Vüsalı vurmaq üçün “Nərimanov” metrostansiyasının yaxınlığına gəldim, arxasınca düşərək yaşadığı evin həyətinə girdim, amma adam çox olduğu üçün vura bilmədim. Ertəsi gün yenə də güdməyə başladım. Gözümə gün eynəyi taxıb onun arxasınca həyətlərinə girdim. İti addımlarla ona yaxınlaşıb bıçaqla boğazının sol hissəsinə və ürəyinə zərbələr endirdim. Qışqırıb köməyə adam çağırdığını görüncə qaçıb oradan uzaqlaşdım. Onun başından axan qan köynəyimə bulaşmışdı. Taksiyə oturub hadisə yerindən uzaqlaşdım. Seymura zəng vurub işləri həll etdiyimi dedim. Həmin gün axşam Seymur və Xəyalla görüşdük. Hadisəni olduğu kimi onlara danışdım. Mənə min manat verib Şabrana qayıtmağı tapşırdılar. Üç gündən sonra pulun yerdə qalanını verəcəklərini dedilər. Xəyal mənə dedi ki, əgər tutulsan həmin oğlanla təsadüfən mübahisə etdiyini deyərsən, onsuz da sən olmasaydın başqa bir adam tapıb vurduracaqdıq. Öldürdüyüm şəxsin ad və soyadını, nə işlə məşğul olduğunu bilmirəm, onu tanımıram".

E.İsgəndərov sonradan ifadəsində bu işə görə heç kimdən pul almadığını, Xəyalın dediyi oğlanı onun bacısına sataşması üçün yalnız namus üstündə vurduğunu göstərib. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Seymur Talıbov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, əvvəllər daxili işlər orqanlarında çalışdığını, Səbayel, Binəqədi rayonlarda polis nəfəri işlədiyini, sonradan Xəyal Əlizadənin sürücüsü olduğunu göstərib: “Üç aydan sonra isə başqa yerə işə düzəldim. Amma Xəyalla münasibətlərimiz var idi. Tez-tez işi ilə bağlı xarici dövlətlərdə olurdu. Bir dəfə mənə biznes işinə kömək edəcək bir nəfər işçi lazım olduğunu dedi. Mən də xalam oğlu Elmana zəng vurub Bakıya çağırdım, onları tanış etdim. 2 may 2013-cü ildə Xəyal mənə zəng vurub Elmanın Vüsalı öldürdüyünü dedi.

Vüsalı hadisədən bir-iki gün əvvəl kafelərdən birində görmüşdüm. Xəyal həmin oğlanın baldızını istədiyini, lakin qızın valideynlərinin razı olmadığını, belə olan halda bu işin baş tutmayacağını demişdi. Elmanın Vüsalı öldürməsinə təəccübləndim. Mən Elmanı işçi olaraq çağırmışdım. Vüsalın qəsdən öldürülməsindən əvvəlcədən məlumatım olmayıb”.

Qeyd edək ki, V.Şilderin anası Mətanət Şilderin nümayəndəsi Aslan İsmayılov bir müddət əvvələ qədər məhkəmə proseslərində iştirak edib. Lakin sonradan M.Şilder vəkillə müqaviləni pozub. Ana bu hərəkətini “Azərbaycanda oğlumun qətli ilə bağlı heç bir işdə, qurulan teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq istəmirəm” fikri ilə əsaslandırıb. Hazırda qapalı aparılan məhkəmə araşdırmasına zərərçəkən tərəfdən heç kim qatılmır. Yada salaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri işləyib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar