Himalayda həlak olan azərbaycanlı alpinistin meyiti tapıldı

Himalay dağlarında həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun cənazəsi tapılaraq helikopterlə Nepalın paytaxtı Katmanduya gətirildiyi bildirilir.

M.Aşurlu ilə eyni ekspedisiyada olan yoldaşları deyiblər ki, Murad qrupla birlikdə məşhur Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb. Hava şəraiti pis olduğundan onu hadisə baş verən kimi axtarmaq mümkün olmayıb. Murad Aşurlunun meyiti ertəsi gün xilasedici helikopter komandası tərəfindən qaldırılıb.

Bundan əvvəl verilən xəbərlərdə Murad Aşurlunun itkin düşdüyü barədə məlumat verilmişdi. Onun axtarışında iştirak etmək üçün əmisi oğlu, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da Nepala yollanıb.

Qeyd edək ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni fəth edib. O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olub. 42 yaşlı alpinist təhsilini Moskvada almışdı və son illərdə ABŞ-dakı aparıcı telekommunikasiyalar şirkətlərindən birində çalışıb. /virtualaz.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar