İncirlik hərbi hava bazası Şimali İraqa köçürülür: ABŞ-Türkiyə müttəfiqliyi sona çatır?

ABŞ Səddam Hüseyn ordusunun Hərir hərbi aerodromunu hərbi bazaya çevirir, yeni baza İrana 60 kilometr məsafədə yerləşir

ABŞ Türkiyədəki İncirlik Hərbi Hava bazasını Şimali İraqa köçürür. Məlum olub ki, Pentaqon hazırda Ərbil ərazisində yerləşən və Səddam Hüseyn hakimiyyəti dönəmində fəaliyyət göstərmiş Hərir hərbi aerodromunu ABŞ-ın hərbi hava bazası kimi istifadə etmək imkanlarını araşdırır. Şimali İraqın kürd muxtariyyətinin adını açıqlamayan yüksək vəzifəli məmuru Anadolu Agentliyinə bildirib ki, artıq aerodrom təmizlənir.

Qeyd edək ki, ABŞ-ın məşhur “Wall Street Journal” qəzeti sentyabrın 13-də “Ankara artıq Vaşinqtonun müttəfiqi deyil” başlıqlı yazısında Türkiyədəki İncirlik hərbi bazasının Şimali İraqa köçürüləcəyini yazıb.

Şimali İraq administrasiyasının yetkilisi Anadolu Agentliyinə hərbi aerodromu boşaltma işlərinə başladıqlarını, bir həftə ərzində təmizlənmə işlərinin başa çatacağını bildirib. Hazırda aerodromda olan xarici şirkətlərə məxsus mallar başqa hava limanına daşınır.

Eyni zamanda iddia edilir ki, ötən ay Pentaqon və kürd muxtariyyətinin Peşmərgə (hərbi) Nazirliyinin yüksək rütbəli heyəti aerodroma gələrək baxış keçiriblər. Hərbi hava limanı İran, İraq, Suriya və Türkiyəyə yaxın məsafədə yerləşir. Bu isə amerikalıları tam təmin edir.

Qeyd edək ki, Hərir aerodromu Səddam Hüseyn ordusuna məxsus olub. 2003-cü ildə İraqın işğalından sonra ABŞ ordusu bir müddət Hərir aerodromundan istifadə edib. Bu səbəbdən də aerodrom təyyarələrin enib-qalxması üçün uyğun şərtlərdədir. Xüsusən də bazanın İrana 60 kilometr məsafədə yerləşməsi amerikalılar üçün xeyli dərəcədə uyğundur.

Ekspertlər ABŞ-ın Şimali İraqda hərbi baza yaratmasını ciddi məlumat kimi qəbul edirlər. Bu hadisə həm də kürd muxtariyyətinin legitimliyini möhkəmləndirir, kürdlərin dövlət yaratması istiqamətində böyük bir dəstək hesab olunur.

Bundan başqa hazırkı şərtlərdə kürdlər bölgədə ABŞ-ın ən etibarlı müttəfiqi kimi çıxış edirlər. Amerika kürdləri silahlandırır, mövqelərini müdafiə edir. Bundan başqa son dövrlərdə Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsi, xüsusən də son olaraq İncirlik hərbi bazasından İŞİD-ə qarşı mübarizə üçün istifadəyə icazə verilməməsi münasibətləri daha da gərginləşdirmişdi. İndi isə görünən odur ki, Vaşinqton konkret addım atmağa hazırlaşır.

Təbii ki, bu hadisə Türkiyə-ABŞ münasibətlərinə pis təsir edəcək. Eyni zamanda İranın da bundan narazı olacağı aydındır.

Lakin ən böyük narahatlıq Türkiyə üçündür. Çünki kürdlərin dövlət yaratması istiqamətində ciddi bir addım hesab olunan bu qərar Ankara üçün ağır zərbədir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar