Elşad Abdullayev Cəmil Həsənliyə təşəkkür etdi

“Biz sizin timsalınızda xalqımızın zəngin potensiallı ziyalı bir insanının, fədakar liderinin qətiyyətini gördük”

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə müraciət edib. “Yeni Müsavat”a göndərilən müraciətdə deyilir: “Hörmətli Cəmil müəllim, 9 oktyabrda keçirilmiş prezident seçkilərində siz yeganə namizəd oldunuz ki, öz seçki platformanızda Azərbaycanın bütün taleyüklü problemlərini əks etdirə bildiniz. Siz yeganə namizəd oldunuz ki, öz seçki platformanızda və İctimai Televiziyada keçirilən teledebatlarda Azərbaycanda baş alıb gedən korrupsiya hallarını, deputat mandatının pulla alınıb satılmasını, adam oğurluğu cinayətini və digər qanunsuzluqları açıq şəkildə ölkə ictimaiyyətinin diqqətinə çatdırdınız. Eləcə də seçkilərdən sonra Avropa ölkələrinə səfər edərkən verdiyiniz müsahibələrdə 2003- cü ildə naməlum şəkildə oğurlanan MTN zabiti Mahir Abdullayevin üzləşdiyi cinayətlər, işgəncələr və onun həbsi, eləcə də sonradan yüksək səviyyədə dövlət məmurlarının əli ilə yoxa çıması barədə fikirlərinizi bölüşmüş, hakimiyyətdən Mahir Abdullayev cinayətinə aydınlıq gətirilməsini tələb etmisiniz.

Bildirmək istəyirik ki, sizin bu yöndəki çıxışlarınız M. Abdullayevin yaxınları, ailə üzvləri, eləcə də ölkə ictimaiyyəti tərəfindən böyük maraqla və həyəcanla izlənilib. Siz heç nədən və heç kimdən çəkinməyərək insanları narahat edən məsələləri dilə gətirdiniz, baş vermiş cinayətlərin açılmasını tələb etdiniz. Fürsətdən istifadə edib Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi, eləcə də M. Abdullayevin yaxınları, ailə üzvləri adından sizə öz dərin təşəkkürümüzü bildiririk ki, siz 2003-cü ildə baş vermiş bir cinayətin açılması, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün prinsipial iradə və qətiyyət nümayiş etdirdiniz. Biz sizin timsalınızda xalqımızın zəngin potensiallı ziyalı bir insanının, fədakar liderinin qətiyyətini gördük. Bir daha sizə təşəkkür edir, Mahir Abdullayevin taleyinə aydınlıq gətirilməsi istiqamətinizdə fəaliyyətinizi davam etdirməyə çağırırıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar