HÖKUMƏT YENİ "ŞOK TERAPİYASI"NA HAZIRLAŞIR - Benzinin litri 80 qəpik olacaq

Əhaliyə satılan təbii qazın min kubmetri 100 manatdan 130-150 manata, elektrik enerjisinin 1 kilovattı 6 qəpikdən 10 qəpiyə, suyun min kubmetri 60 qəpiyə qədər artırılacaq

Gələn ildən bütün növ kommunal xidmət tariflərinin və enerjidaşıyıcılarının qiymətlərinin kəskin artırılacağına dair iqtisadçı-ekspertlərin təxminləri özünü doğruldub.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitəsində 2014-ci il üçün dövlət büdcəsinə dair müzakirələr zamanı təsdiq edib ki, kommunal xərclərin bahalaşması barədə qərar artıq verilib. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır.

“Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əməkhaqqı və başqa artım üçün tariflər dəyişməlidir” - deyə nazir bildirib.

Bu, hökumətin ölkədə yeni “şok terapiyasına” hazırlaşdığını göstərir və artıq şübhə yoxdur ki, gələn il ölkədə kəskin inflyasiya, bütün növ xidmətlərin, malların, daşımaların və s. qiymətlərinin artımı ili olacaq. Belə ki, gələn ildən bahalaşan təkcə elektrik, su və qaz olmayacaq. Həmçinin benzin və dizel yanacağının, sürtkü yağlarının da qiymətlərinin kəskin artımı barədə yuxarılarda qərar artıq verilib.

Qeyd edək ki, enerjidaşıyıcılarının və kommunal tariflərin artırılacağı gələn il üçün dövlət büdcəsinin xərclər hissəsində aydın görünür. Hökumət büdcə təşkilatlarına kommunal xərclərin və yanacaq-sürtkü materiallarının haqqının ödənilməsi üçün 2013-cü ilə nisbətən 85 faizə yaxın çox vəsait - 641 milyon manat yönəlməyi nəzərdə tutub.

Büdcə layihəsindən məlum olurdu ki, yanacaq-sürtkü matreriallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39,5 faiz çox, elektrik enerjisi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz artacaq.

Bir sözlə, gələn il üçün büdcə təşkilatlarına bütün növ tariflər üzrə xərcləri ödəmək üçün 20 faizdən 40 faizə qədər artıq vəsait nəzərdə tutulur.

Büdcədə yer alan bu xərc artımı faizlərindən çıxış edərək Tarif Şurasının gələn ildən enerjidaşıyıcılarını və kommunal tarifləri nə qədər artıracağını təxmin etmək olar. Bu təxmini hesablamara görə, gələn ildən Aİ-92 markalı benzinin bir litri 55 qəpikdən 80 qəpiyə, Aİ-95 markalı benzinin bir litri isə 90 qəpiyə qaldırılacaq.

Əhaliyə satılan təbii qazın min kubmetri 100 manatdan 130-150 manata, elektrik enerjisinin 1 kilovattı 6 qəpikdən 10 qəpiyə, suyun min kubmetri 60 qəpiyə qədər artırılacaq.

Bəs hökumətin bu cür kəskin bahalaşmaya getməsinin səbəbləri nədir? Bu bahalaşmanın ölkə iqtisadiyyatına təsiri və onun nəticələri nəzərə alınıbmı?

Virtualaz.org-un məlumatına görə, hökumətin “şok terapiyası”na getməsinin əsas səbəblərindən biri kimi neft gəlirlərinin kəskin azalmağa doğru getməsi göstərilir. Bütün səylərə baxmayaraq “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda BP-nin başçılıq etdiyi konsorsium tərəfindən hasilatın aşağı düşməsinin qarşısını almaq hələ ki, mümkün olmayıb. Əsas səbəb ehtiyatların azalmağa doğru getməsidir.

Doğrudur, Azərbaycan yaxın gələcəkdə iri qaz ixracatçısına çevriləcək. Lakin qazdan gəlirlərin büdcəyə daxil olmasını hələ bir qədər gözləmək lazımdır. Ona görə də hökumət 2014-cü ilin büdcəsində müstəqillikdən bu yana ilk dəfə xərcləri azaldıb. Büdcə gəlirləri üçün proqnozlar 1 milyard dollar aşağı salınıb. Dövlət Neft Fondundan büdcəyə transferlər 2 milyard, fondun özünün investisiya xərcləri isə 4 milyard dollar azaldılıb. Əvəzində qeyri-neft sektorunun vergi yükü 1 milyard dollar artırılıb. Üstəlik gələn ilin büdcəsi əmək haqlarının və pensiyaların artırılacağına dəlalət etmir.

Belə görünür ki, hökumət bu cür radikal və qeyri-populyar addıma getməklə iqtisadiyyatın neftdən asılılığını nəhayət azaltmağı nəzərdə tutur. 2014-ci ilin büdcəsində də gəlirlərin təxminən yarısı Dövlət Neft Fondundan transferlərin payına düşür. Bu, iqtisadiyyatın hələ də neftdən güclü asılılığından xəbər verir.

Prezident İlham Əliyev hökumət qarşısında belə vəzifə müəyyən edib ki, 2010-ci ilə qədər ümumi daxili məhsul (ÜDM) iki dəfə artırılmalıdır. Prezident çıxışlarında dəfələrlə bildirib ki, iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək hökumətin əsas məqsədidir.

İqtisadi nəzəriyyədən məlumdur ki, kəskin inflyasiya ÜDM artımına ciddi təsir edir. Deməli, hökumətin hesablamalarına görə, gələn ildən etibarən ölkədə inflyasiyanın artması ÜDM artımına da təkan verəcək. Bununla da iqtisadiyyatı daha iki dəfə böyütmək hədəfinə çatmaq mümkün olacaq.

Bəs hökumətdə enerjidaşıyıcılarının və kommunal tariflərin total artımının, bu artımın təbii nəticəsi olaraq bütün növ mal və xidmətlərin bahalaşmasının əhalinin aztəminatlı hissəsinin büdcəsinə təsirini nəzərə alırmı?

Rəsmi rəqəmlərə əsasən ölkədə yoxsulluğun səviyyəsi 5 faizə enib. Əhalinin pul gəlirləri, banklardakı əmanətləri ildən-ilə artır. Deməli, hökumətdə hesab edirlər ki, qazı, suyu, benzini və digərlərini bahalaşdırmağın əsl vaxtıdır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar