Assanc Google-u ifşa edir, yaxud Jerad Koen Azərbaycan-İran sərhədində...

“Newsweek” jurnalı bu gün WikiLeaks saytının qurucusu, yüz minlərlə məxfi Amerika diplomatik teleqramlarını ələ keçirərək yaydığı üçün ABŞ tərəfindən təqib olunan Culian Assancın yeni çapdan çıxmış kitabından seçmələri dərc edib.

Virtualaz.org saytı xəbər verir ki, “When Google Met WikiLeaks” (“Google WikiLeaks-lə görüşəndə”) adlı kitabında Culian Assanc internet nəhəngi Google-nin Amerika administrasiyasına və kəşfiyyatına sıx bağlı olduğunu yazır.

C.Assanc bildirir ki, o, 2011-ci ildə WikiLeaks saytını təsis edib məxfi sənədləri yaymağa hazırlaşanda İngiltərədə, Norfolkdakı kəndlərin birində ev dustağı kimi saxlanılırdı.

Bu vaxt Assanca xəbər verirlər ki, Google şirkətinin icraçı direktoru Erik Şmidt və şirkətin əlavəsi olan “Google İdeas”ın direktoru Jerad Koen onunla görüşməyə gəlir.

Assanc bu görüş istəyindən çox təəccübləndiyini, milyardlarla dollarlıq sərvətə malik olan Google rəhbərlərinin onun ayağına gəlməsinin səbəblərini əvvəlcə anlamadığını yazır.

Bir neçə saat çəkən görüşdə tərəflər dünyadakı siyasi problemləri, internet azadlığı məsələsini, yeni başlayan “ərəb baharı”nda internet texnologiyalarının rolunu və bu kimi məsələləri müzakirə ediblər.

C.Assanc yazır ki, o, müzakirələrdə internetin müstəqil olmasının və hökumətlərin əlində siyasi məqsədli alətə çevrilməməsinin tərəfdarı kimi çıxış edib. Lakin Google rəhbərləri 11 sentyabr terror hücumlarından sonra qəbul edilmiş qanunlara istinad edərək internetin hökumətlə və xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməli olduğunu deyiblər.

“Mən həmin görüşə qədər Koenin haqqında bir az bilirdim. O, Google şirkətinə 2010-cu ildə Dövlət Departamentindən gəlmişdi. Bundan əvvəl Kondoliza Raysın və Hillari Klintonun baş müşaviri işləmişdi. Daha əvvəl Xarici Əlaqələr Şurasında işləyəndə Koen “Terrorçuluq və radikallaşma: XXI əsrdə İran kimi dövlətlərdə internet texnologiyalarının idarəetmədə rolu” hesabat hazırlamışdı” - deyə Assanc yazır.

WikiLeaks saytının qurucusu bildirir ki, Koen onunla görüşməzdən cəmi bir neçə ay əvvəl İran-Azərbaycan sərhədinə səfər edərək “Google İdeas” şirkətinin repressiv cəmiyyətlərlə bağlı layihəsi çərçivəsində “sərhədə yaxın olan İran icmaları ilə məşğul olmuşdu”.

Google şirkətinin Amerika xüsusi xidmət orqanları ilə əməkdaşlığı haqda özəl kəşfiyyat şirkəti olan, Texasda yerləşən “Stratfor”un məxfi sənədlərində də göstərilir.

C.Assancın yazdığına görə, Dövlət Departamenti təhlükəsizlik xidmətinin keçmiş şefi, “Stratfor” rəhbərliyində yer alan Fred Berton daxili istifadə üçün nəzərdə tutulmuş məktubunda belə yazmışdı: “Google havadan dəstəyə malik olmaqla Ağ Evə və Dövlət Departamentinə çevrilir. Koeni ya oğurlayacaqlar, ya öldürəcəklər. Ola bilsin bu, Google şirkətinin gizli rolunu ifşa etmək baxımından daha yaxşı olacaq”.

Assancın yazdığına görə, o, WikiLeaks arxivində araşdırma aparanda məlum olub ki, Koen 2009-cu ildə Əfqanıstanda olub və bu ölkənin 4 əsas mobil rabitə şirkətinin antennalarının Amerika hərbi bazalarında yerləşdirməsi məsələsini həll edib. Livanda isə o, “Hizbullah”a qarşı kəşfiyyat işində iştirak edib. Hindistanın Bollivud kino şirkətinin rəhbərliyi ilə danışıqlar apararaq onlara anti-ekstremist kinoların çəkilməsini sifariş verib.

C.Assanc yazır ki, Koen Dövlət Departamentində və Amerikanın beyin mərkəzlərində işləyəndə Amerikanın maraqları olan ölkələrdə vətəndaş cəmiyyəti adı altında təsir qrupları formalaşdırmaqla məşğul olurdu. Assanc ABŞ-ın ilk baxışdan yaxşı səslənən insan haqları, demokratiya, şəffaf hökumət şüarları altında əslində “Freedom House” kimi “sarsaq Qərb QHT-ləri” vasitəsilə öz maraqlarını həyata keçirmək üçün təsir qrupları formalaşdırdığını yazır.

“Belə QHT-lər Qərb ölkələrindən kənarda insan haqlarının pozulmasını durmadan pisləyir, Amerikanın və digər Qərb ölkələrinin özündə baş verən pozuntular haqda isə susur” - Assanc yazır.

WikiLeaks qurucusu kitabında göstərir ki, Erik Şmidtin Google rəhbərliyinə gətirilməsi bu şirkəti Amerika güc strukturlarının kölgəsinə çevirdi. Google isə bu yaxınlıqdan həmişə məmnun olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar