ARDNŞ Türkiyəyə etiraz etdi

ARDNŞ: "Kommersiya sazişinə yenidən baxılması birtərəfli qaydada KİV vasitəsilə olmur"

Məlumat verdiyimiz kimi, Türkiyənin energetika naziri NTV kanalına bildirib ki, “gələn ildən bu ölkə Azərbaycan və İrandan qaz idxalında “al və ödə” prisipindən imtina edəcək. Bu məsələ həftə ərzində Türkiyə və Azərbaycanda geniş müzakirə edilib. Ölkəmizdə hətta belə analitik yazılar oldu: “əgər bütün yollar Türkiyədən keçirsə …”.

Amma sazişdə dəyişiklik elə də asan deyilmiş. ARDNŞ-dən "Turan"-a bildiriblər ki, mövcud saziş Azerbaijan Gas Supply Company (“Mərhələ-1” qazını satan) və Botas (Azərbaycan qazını Türkiyə sərhədində alan şirkət) arasında bağlanıb. Kommersiya danışıqlarını ARDNŞ aparıb, amma “Şahdəniz” layihəsinin bütün iştirakçılarının, o cümlədən Türkiyənin ТРАО şirkətinin maraqları nəzərə alınıb.

“AGSC ilə Botas arasındakı sazişin beynəlxalq hüquqi qüvvəsi var və istənilən dəyişiklik bütün iştirakçıların razılığı ilə baş verə bilər. Türkiyə hələ rəsmi müraciət etməyib”, - deyə saytın müsahibi bildirib.

O, əlavə edib ki, kommersiya məsələlərini mətbuat vasitəsilə həll etmirlər və qaz alqı-satqısı barədə mövcud sazişin dəyişəcəyinə şübhə ilə yanaşırlar.

ВР şirkətindəki mənbə isə sayta deyib ki, Türkiyə ilə mövcud sazişin dəyişəcəyinə inanmır. “Mövcud sazişə əsasən, Türkiyənin konsorsium qarşısında minimum 6,3 mlrd m3 qaz almaq öhdəliyi var. Amma ən yaxşı halda bu həcm 5,1 mlrd m3-i keçməyib, son vaxtlar isə 4 mlrd m3-ə yaxın olub. Azərbaycan qazı Türkiyədə ən ucuz qazdır”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Türkiyə mənbələrinə görə, bu ölkə İranın 1000 m3 qazını $490-a, Rusiya qazını $425-a, Azərbaycan qazını $335-a alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar