Yaralı hərbçimiz xəstəxanadan çıxarıldı

Elvin Əsgərov hazırda qardaş ölkənin paytaxtında reabilitasiya kursu keçir

Avqustun 9-dan Türkiyədə müalicə olunan Azərbaycan Milli Ordusunun daha bir yaralı hərbçisi xəstəxanadan çıxarılıb. Modern.az saytının məlumatına görə, bu, qarın nahiyəsindən ağır güllə yarası almış 23 yaşlı gizir Elvin Əsgərovdur. Elvin xəstəxanadan buraxılsa da, onun Azərbaycana nə vaxt qayıdacağı dəqiqləşməyib.

Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicəsini başa vuran Elvin Əsgərov hazırda qardaş ölkənin paytaxtında reabilitasiya kursu keçir.

Elvin Əsgərov bu il iyulun 31-də gecə saatlarında cəbhənin Goranboy istiqamətindəki döyüşlərdə ağır yaralanıb. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi Goranboyda müddətdən artıq hərbi xidmət keçirdi.

E.Əsgərov Sabirabad rayonunun Güdəzühür kəndindəndir. Hərbçimiz müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir.

Azərbaycanın 3 yaralı hərbçisi müalicə olunmaq üçün avqustun 9-da Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı olan TİKA təşkilatının dəstəyi sayəsində xüsusi tibbi təyyarə ilə Bakıdan Ankaraya aparılıb. Əsgərlərimiz Ankaradakı Atatürk Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər.

Elvindən öncə hər iki ayağı amputasiya edilən 19 yaşlı əsgər Sərxan Tahirzadə də xəstəxanadan çıxarılıb. Həkimlər onun ayaqlarına protez qoyublar və Sərxan artıq sərbəst yeriyə bilir. O da hazırda Ankarada TİKA-nın dəstəyi sayəsində reabilitasiya kursu keçir.

Ankarada müalicə olunan üçüncü əsgərimiz bir gözünü itirmiş Ədalət Məmmədovdur. Onun da səhhəti qaydasına düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar