"Əlimdə digər məlumatlar da var və vaxtı gələndə açıqlayacağam”- Cəmil Həsənli

“Mən AŞPA deputatlarının ələ alınması ilə bağlı üzdə olan, ictimaiyyətləşmiş məlumatları demişəm. Lakin əlimdə digər məlumatlar da var və vaxtı gələndə açıqlayacağam”. Bunu Milli Şuranın prezidentliyə keçmiş namizədi, professor Cəmil Həsənli Publika.Az -a açıqlamasında deyib. C. Həsənli bildirib ki, belə məlumatlar 2010-cu ildə kütləvi xarakter alıb: “Bunun ətrafında artıq söz-söhbət yaranmağa başladı. Məsələn, konkret fakt kimi deyə bilərəm ki, AŞPA-da komitə sədri İsveçrədən olan deputat Dik Mart bir il bundan qabaq bir konfransda dedi ki, “2010-cu il parlament seçkiləri ərəfəsində Azərbaycan tərəfi mənə “qonorar” təklif etdi ki, parlament seçkilərinə müsbət rəy verim. Mən bundan imtina etdim, amma əmin deyiləm ki, digər həmkarlarım da bundan imtina edib”. Sən tanınmış agentliyin jurnalistisən, araşdırma apar, Dik Martini tap, suallarını ver və cavabını al. Məndə digər məlumatlar da var və vaxtı gələndə açıqlayacam”.

C. Həsənli ABŞ kəşfiyyatı ilə əlaqələrinin olması, seçki ərəfəsi bir sıra məlumatların məhz MKİ tərəfindən ona ötürülməsi haqqında deyilənlərə də münasibət bildirib. Milli Şura namizədi bunları təkzib edərək “mənim heç bir kəşfiyyat orqanı ilə əlaqəm yoxdur” cavabını verib.

“Nəinki ABŞ, heç öz ölkəmizin kəşfiyyat orqanları da daxil olmaqla heç biri ilə əlaqəm yoxdur. Mən peşə etibarilə tarixçiyəm. Düzdür, kəşfiyyatın tarixindən bir az yazmışam, kəşfiyyatla əlaqəm də ancaq bu qədərdir”, -deyə o qeyd edib.

ABŞ-ın seçki ərəfəsində AŞPA-dan olan müşahidəşilərin danışıqlarını dinləməsinə gəlincə, bunu bilmədiyini, belə məsələlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baxdığını bildirib. C. Həsənli əlavə edib ki, onun seçki kampaniyasında heç bir xarici texnoloq iştirak etməyib: “Nəinki Amerikadan, heç Azərbaycanda olan hansısa bir texnoloq seçki kampaniyamda iştirak etməyib. Mənim texnoloqum da, məsələləri müzakirə etdiyim dairə də Milli Şura rəhbərliyindən ibarət olub. Başqa biri iştirak etməyib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar