"QARA ƏRƏB"İN MƏHVİ ƏMƏLİYYATINDA BAKI İZİ... - Rusiya kəşfiyyatı buna necə nail oldu?

"2002-ci ilin may ayında Bakı zibilliklərinin birində dili kəsilmiş və bədənində odlu silah ləkələri olan Maqomedovun meyidi tapılır..."

(XÜSUSİ ƏMƏLİYYATLAR TARİXİNDƏN)

Rusiya xüsusi xidmət orqanlarının bütün tarixi ərzində həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri, Çeçenistan müharibəsinin əsas fiqurlarından olan, səhra komandiri Əmir Xəttabın (Samir Salih Abdullah Suvailem) öldürülməsi olub. Bu əməliyyatla bağlı tarixçədə Bakının da adı tez-tez keçir...

Səudiyyə Ərəbistanı doğumlu “Qara ərəb” ləqəbli Xəttat, çeçen müharibəsinin maliyyə sponsorlarından və ideya rəhbərlərindən biri idi. Beş il ərzində onun adı müntəzəm şəkildə Çeçenistan hadisələri barəsində gedən məlumatlarda çəkilib. Onun yaralanması və ya ölümü barədə bir neçə dəfə saiyyələr yayılsa da, hər dəfə bu məlumatlar yalan çıxırdı. Ancaq 2002-ci ilin yazında Xəttabın məhv edilməsi barəsindəki xəbər rəsmən təsdiqləndi. Kütləvi informasiya vasitələrində müxtəlif versiyalar dolaşsa da, Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən “məhvedilmə” əməliyyatının geniş təfsilatı barəsində rəsmi məlumat verilmədi. Lakin illər sonra bu əməliyyatın detalları məlum oldu.

TƏFƏRRÜAT

Xüsusi təyinatlıların (“spetsnaz”) qurduğu tələlərin birində iki döyüşçü yaxalanır. Onların üstündən “Kalaşnikov” avtomatı, iki tapança, dörd qumbara, NATO “darağında” güllələr, balta və əyri formalı bıçaq çıxır. Bunların hamısı çeçen yaraqlılarının gündəlik silahlanmasının adi tərkib hissəsi idi. Amma onların birinin komuflyajının içəri cibindən ərəb hərfləri ilə nə isə yazılmış yaşıl rəngli ipək parçadan olan sarğı tapılır. Bu ya kiməsə çatdırılacaq xəbər və ya da ki, dua ola bilərdi. Ələ keçirilənlərdən biri ərəb olur. Həmin adamı əks-kəşfiyyatçıların sərəncamına verirlər. Onunla lazımı iş aparıldıqdan sonra bu adam hüquq-mühafizə orqanlarına Xəttabın şəxsi əlaqəçisi sayılan və döyüşçülər arasında “İbrahim” və ”Əl-Quri” ləqəbi ilə tanınan 26 yaşlı Dağıstan vətəndaşı Maqomedali Maqomedovun izinə düşməyə yardım göstərir. Xüsusi əməliyyatın keçirilməsi nəticəsində, Azərbacanla sərhəddə ”Mersedes 600” markalı avtomobildə gedən “İbrahim” və onun böyük qardaşı Qazı Maqommed tutulur. Səthi yoxlamadan sonra avtomobildən heç bir şey tapa bilmirlər, amma daha diqqətli və detallı yoxlama zamanı avtomobilin ehtiyyat təkərində quraşdırılmış “gizli” yerdə bir neçə ədəd video kaset üzə çıxır. Tapılan videokasetdə Rusiya blok postlarına hücumlar, hərbçilərin edam edilməsi və minaçıların təlimatlandırılması səhnələri qeyd olunmuşdu. Videokasetlərin birində isə “AL Quri - İbrahim”-in böyük balta ilə girovlardan birinin əlini necə vurması və Xəttabın Səudiyyə Ərəbistanında yaşayan qardaşının müraciəti də yer alırdı. Çox güman ki, bu kaset Səudiyyə Ərəbistanındakı hansısa şəxs üçün nəzərdə tutulubmuş və müəyyən mənada Xəttabın “gördüyü işlərin” hesabatı olub. Maqomedov qardaşları əvvəlcədən də hüquq-mühafizə orqanlarına yaxşı məlum idilər. Bu qardaşlar öz varlı yerlilərini oğurlamaq üçün onları Ari Barayevin dəstə üzvlərinə nişan verdikdən sonra pul ödənilməsi işində vasitəçi qismində rol oynayırmışlar. Hüquq-mühafizə orqaları tərəfindən yaxalanmış ”İbrahim” və ya “Al-Quri” ləqəbli Maqomedalini sərt hökm - ömürlük həbs gözləyirdi. Ancaq Xəttabın məhv edilməsinə yardım edəcəyi halında ona amnistiya vəd olunur. Fikirləşəndən sonra o, razılaşaraq dövlət təhlükəsizlik orqanları ilə könüllü əməkdaşlıq haqqında sənədə imza atır. Bundan sonra ona Bakıya getməyə imkan verirlər. Böyük qardaş Qazi Maqomed isə “etibarlılıq üçün” xüsusi təyinatlı qüvvələrin qoruması altında qalır. Maqomedovun yaxalanması və ələ alınması (verbovka olunması) əməliyyatı çox vaxt aparmamışdı və elə ona görə də, onun Bakıya yubanmasının səbəblərini izah etməkdən ötrü xüsusi əfsanə uydurmağa da ehtiyac qalmamışdı.

QARDAŞINDAN GƏLƏN ZƏHƏRLİ MƏKTUB...

Maqomedali Bakıda peyda olan zaman, oraya Xəttab üçün poçt gəlir. Bu poçtda Xəttabın böyük qardaşının Səudiyyə Ərəbistanından ona göndərdiyi məktub da vardı. Həmin məktuba güclü təsir qüvvəsinə malik zəhər hopdurulur...

Belə zəhərli məktubun harada və kim tərəfindən hazırlanması, hələlik, çox böyük sirr olaraq qalmaqdadır. Məsələ ondadır ki, vaxtilə Sovet xüsusi xidmət orqanlarında toksikoloji laboratoriya mövcud olub. ”Xüsusi laboratoriya” adlanan belə bir laboratoriya hələ 1921-ci ildə yaradılmışdı. Daha sonralar isə bu müəssisə DTK (Dövlət Təhlükəsizlik Komitəsi) yanında xüsusi və yeni texnologiya institutunun “xüsusi laboratoriyası nömrə 12” adlanıb. 1970-ci illərdə bu laboratoriya ləğv edilib və Sovet xüsusi xidmət orqanının nəzdində zəhərlərin hazırlanması işı də dayandırılıb. Elə ona görə də, güman edilir ki, məktuba zəhərin hopdurulması işi hansısa şərq ölkəsinin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilə bilər. Bəs bu hansı ölkədir, məlum deyil. Hər halda Asiya xüsusi xidmət orqanlarında spesifik və güclü təsirə malik öldürücü zəhərli sliahlar aradan qaldırılmayıb. Ölümcül maddə əsas etibarı ilə gürzə zəhərindən düzəldilir. Elə zəhərlər var ki, insan orqanizminə ani sürətdə təsir göstərir. Amma ümumi xəstəliklər yardan və günlər, həftələr, bəzən hətta aylar çəkən və heç bir analiz tərəfindən ölümün baş vermə səbəbinin müəyyənləşdirilməsi mümkün olmayan təsirli zəhərlər də mövcuddur.

Yəqin ki, Xəttabla bağlı olan məsələdə bu cür zəhərlərdən istifadə olunub...

Qardaşından məktub alan Xəttab onu axşam oxuyur, səhər qəfildən ürək əzələlərinin iflicindən ölür.

BASAYEVİN İSRARI, BAKI ZİBİLLİYİNDƏN TAPILAN MAQOMED...

Xəttabın ətrafındakılar onun ölümündən bərk sarsılırlar, lakin bu, o qədər təbii görünür ki, onun səbəbini adi infarkt sayırlar. Vəhhabi qanunlarına görə, meyidin yarılması qadağan olduğu üçün ölümün əsl səbəbini dəqiqləşdirmək mümkün olmayıb. Xəttabı islam qaydasına uyğun dəfn edirlər. Amma səhra komandiri Şamil Basayev israrla iddia edir ki, Xəttab öldürülüb. O, öz təhqiqatını apararaq, Xəttabın ölümündə Maqomed Maqomedovu günahlandır. 2002-ci ilin may ayında Bakı zibilliklərinin birində dili kəsilmiş və bədənində odlu silah ləkləri olan Maqomedovun meyidi tapılır...

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar