Arif Əsgərovun oğlu bir neçə gün həbsdə qalıb

Elnar Əsgərovun vaxtaşırı istintaqa çağırıldığı və müstəntiqlərə ifadə verdiyi deyilir

“Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun kompromat dosyesi artıq hazırdır və hakimiyyətin üst qatına təqdim edilib. Kompromat dosyesində A.Əsgərovun mənimsədiyi dövlət vəsaitinin məbləği, QSC-nin əmlakının talan edilməsi ilə bağlı faktlar, dövlət əmlakının talan edilməsi hesabına özünə qurduğu biznes imperiyası, sərəncamında olan daşınmaz əmlakın siyahısı və başqa məlumatlar yer alıb. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə deyir ki, A.Əsgərovun rəqibləri onu bitirmək ssenarisini yekunlaşdırmaq üzrədirlər: “Onun baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq yeyinti ittihamı ilə həbs edilməsi və məsələnin ictimailəşdirilməsi ssenarinin başlanğıcı idi. İndi artıq R.Hüseynovun istintaq ifadələrindən faydalanmaqla A.Əsgərov haqda kompromat dosyesini daha da zənginləşdirərək yuxarı instansiyalara təqdim ediblər. Dosyedə A.Əsgərovun oğlu Elnar haqda məlumatlar da yer alıb. Dəmir yolu sistemindəki yeyintilərdə 28 yaşlı Elnarın adı əsas fiqurlardan biri kimi hallanır”.

Yada salaq ki, bir qədər öncə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin rəhbər şəxslərinin və onların yaxınlarının adının hallandığı 48 milyon manatlıq mənimsəmə barədə məlumatlar ictimailəşib və təsdiqlənib. Maliyyə maxinasiyası ilə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ADDY QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs ediblər. QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu olan R.Hüseynovun Gürcüstanla sərhəddə, ölkəni tərk etmək istəyərkən yaxalandığı bildirilir.

Məlumatlara görə, Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun dəmir yollarının təchizat sistemində işləyən, hadisədən sonra Moskvaya qaçdığı iddia olunan qardaşı Emin Hüseynov da qatılıb. Lakin hüquq-mühafizə orqanları hələlik E.Hüseynova qarşı hansısa addım atmayıblar. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialardır. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alan “Liman Group” adlı iri şirkətin rəhbəridir.

Adıçəkilən saytın məlumatında bildirilir ki, R.Hüseynovu Gürcüstanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə Elnar Əsgərovun özü çağırıb və polis əməkdaşlarına təhvil verib. Bununla da A.Əsgərov baldızı oğlunu qurban verərək oğlunu xilas etməyə çalışıb.

İşdə zərərçəkənlərdən biri də mərhum deputat, Azərbaycan Konstitusiyasının müəlliflərindən biri olan görkəmli hüquqşünas Zakir Zeynalovun ailəsidir. Z.Zeynalovun xanımı Çimnaz Zeynalova bir müddət öncə prezident İlham Əliyevə müraciətində bu iri maliyyə fırıldağının arxasında Arif Əsgərov və onun oğlu Elnar Əsgərovun dayandığını iddia edib.

"AzPolitika.info"-ya verilən məlumatlara görə isə maliyyə maxinasiyasından 43 nəfər sahibkar zərər çəkib. Onların mənimsənilən vəsaitlərinin ümumi məbləği isə 48 milyon manat deyil, ən azı 70 milyon manatdır.

Bu arada “Yeni Müsavat”a məlumat verən mənbə bildirib ki, A.Əsgərovun kompromat dosyesi təkcə bu faktlarla məhdudlaşmır. Dəmir yoluna ayrılan dövlət investisiyalarından tutmuş xarici kreditlərə qədər olan vəsaitlərin mənimsənilməsi, vaqon və teplovozların alınmasında qiymətlərin fantastik həddə qədər şişirdilməsi, yükdaşımalarının qeydiyyatdan gizlədilməsi, dəmir yolu relslərinin cari və əsaslı təmirinin kağız üzərində aparılması və s. daxildir.

Mənbənin iddiasına görə, A.Əsgərovun işdən çıxarılması ilə bağlı daxili qərar artıq qəbul edilib, qalıb təkcə onu ictimaiyyətə elan etmək: “Bunun yubanması isə A.Əsgərovu əvəzləyəcək şəxsin hələ bəlli olmaması ilə bağlıdır. Real namizəd bəlli olandan sonra məsələ ictimailəşəcək”.

Mənbə onu da deyir ki, siyasi hakimiyyət nəqliyyat sektorundakı korrupsiya səviyyəsinin kəskin artmasından narahatdır və burada müəyyən qayda-qanun yaratmaq niyyətindədir. Bu yaxınlarda Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun işdən çıxarılması da nəqliyyat sektorunda vəziyyəti normallaşdırmaq layihəsinin tərkib hissəsi idi. İndi növbə Arif Əsgərovundur. Siyahıda başqa isimlərin də olduğu deyilir.

“Yeni Müsavat”a verilən məlumata görə, Arif Əsgərovun oğlu Elnar Əsgərov həbs edilib. Mənbə bildirir ki, onu bir müddət öncə saxlayıblarmış. Səbəb də oğul Əsgərovun adının iqtisadi cinayətkarlıqda hallanması olub. Xəbər qaynağımızın iddiasına görə, bir neçə gün həbsdə qalan Elnarı atası xeyli “əziyyətdən” və... minnətdən sonra azadlığa çıxara bilib. Amma deyilənə görə, E.Əsgərovun barəsində cinayət dosyesi qapadılmayıb. Onun vaxtaşırı istintaqa çağırıldığı və müstəntiqlərə ifadə verdiyi deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar