Rauf Arifoğlu ilə Eynulla Fətullayev arasında "mənbə" davası- Qarşıdurma

Fətullayev «Yeni Müsavat»a məlumatların Novruz Məmmədov və Əli Həsənov tərəfindən ötürüldüyünü iddia edir

Rauf Arifoğlu: «Biz ki Fətullayevin MTN əməliyyatçıları ilə kollajlarını dərc etməmişik...»

“Yeni Müsavat” qəzetinin 4 noyabr tarixli sayında dərc olunan “ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib” sərlövhəli məqaləyə Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytında “Snouden Arifoğluna Süleymanovla bağlı necə danışdı” (“Kak Snouden rasskazal Arifoqlu pro Suleymanova?”) başlıqlı yazı ilə cavab verilib.

“Haqqın.az”dakı yazıda əvvəlcə xatırladılır ki, “Yeni Müsavat” özəl mənbəyə, həmin mənbə də öz növbəsində ABŞ kəşfiyyatındakı mənbələrə istinad edərək, məlumat yayıb ki, amerikalı casuslar Azərbaycanın “AvroNest” Parlament Assamleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovu Bakıda Avropa Parlamentinin deputatlarını pulla ələ alan yerdə gizli çəkiblər: “Əgər qəzet bu məlumatı Snouden və ya Assanca istinadən yaysaydı, nə bizdə, nə oxucularda, nə də Elxan Süleymanovun özündə bu məlumatın mötəbərliyinə şübhə qalmazdı. Sual olunur: Mərkəzi Kəşfiyyat Idarəsi agentlərinin Avropa Parlamentinin deputatlarını dinlədiyi, Milli Təhlükəsizlik Agentliyi kəşfiyyatçılarının Elxan Süleymanovun ATƏT və AŞPA deputatları ilə görüşlərini izlədiyi bu əyalət qəzetinə hardan məlum olub?”

Məqalədə iddia olunur ki, bu məlumat “Yeni Müsavat”a hökumətdə təmsil olunan və seçki ərəfəsində uğursuzluğa düçar olmuş, Elxan Süleymanovun nailiyyətlərini həzm edə bilməyən Məmmədov və Həsənov tərəfindən ötürülüb.

Məlumatı ötürən şəxslərin yalnız soyadları yazılsa da, heç kimə sirr deyil ki, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və ictimai-siyasi şöbənin müdiri Əli Həsənov nəzərdə tutulur.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sözügedən iddialara belə münasibət bildirib:

“Yazı müəllifinin həmkarlarına ünvanlanlı ironik tona və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanovun müdafiəsinə hədsiz aludə olması ilə işim yoxdur. Hər media orqanın özünə uyğun yazı üslubu, öz dostlarını qoruma və özünüqoruma haqqı var. Biz məşhur Kremlin ”boz kardinalı" Volodinlə Abbas Abbasovun danışıqlarını, mehmanxanalarda Rüstəm Ibrahimbəyova “verilən təlimatları”, texniki cəhətdən ən yaxşı qorunan prezident Ilham Əliyevin “LUKoil” rəhbəri Vahid Ələkbərovla “müzakirələrini” öz saytlarında yerləşdirənləri, konkret olaraq Eynulla Fətullayevi heç təftiş etmədik. Onun nə Federal Təhlükəsizlik Xidmətinin rəhbərilə, nə MTN əməliyyatçıları ilə kollajlarını dərc etmədik. Inanın ki, bunu “haqqın.az” saytından daha səviyyəli edə bilərdik. Biz də onlardan soruşa bilərdik ki, unikal IP-i Azərbaycan saytları arasında da xüsusi seçilməyən bir “əyalət saytı” əcaba, Kremlin xəbər arxivlərinə necə girdi? Yoxsa, bu xəbərləri onlara Rusiyanın sirlərini də bir diskə yığıb qaçan amerikalı ötürdü? “Yeni Müsavat” isə əksinə, “haqqin.az”-ın yaydığı bu “məxfi xəbərlərdən” xəbər düzəltdi və medianın müzakirəsinə verdi. Indi yazıya ironik başlıq bir tərəfə, həmkarlarını aşağılamaq meyli bizi üzür və üzrxahlıq gözləməsək də, bu qısa mövqeyimizi ictimaiyyətin diqqətinə çatdırmağı lazımlı hesab edirik.

Əvvəla, AŞPA Müşahidə Missiyası deputatlarının 9 oktyabr seçkilərinə “ok” deməsini dünya mətbuatı da ara-sıra şübhə altına alır və bu, yenilik filan deyil. Ikincisi, Avropanın nüfuzlu “Avropa Sabitliyi Təşəbbüsü” təşkilatının hesabatında AŞPA-da Azərbaycanın dostlarından olan deputatların Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunması qeyd olunub. Bu kimi işlərdə isə əsasən, indi nədənsə müdafiəsinə ehtiyac duyulan Elxan Süleymanovun adı hallanıb. Bu yazı ilə guya, onun uğurlarından əndişələnənlərin təşkil etməsinə isə sadəcə, gülüb keçirik. Bəlkə heç öz seçicilərinin də əməlli-başlı tanımadığı, Azərbaycandan kənarda isə heç də yaxşı imici olmayan birinin “hakimiyyətdə də rəqiblərinin olması” fikrini yalnız məlum personanı şişirtmək cəhdi kimi başa düşürük. “Yeni Müsavat”ın həmin adamla heç bir problemi yoxdur, məlum adamın Azərbaycana yaratdığı problemlər isə yaxınlarda daha qabarıq üzə çıxacaq. Ikincisi, “haqqın.az” saytı da yaxşı bilir ki, “istoçnik” - “etibarlı mənbə” bütün dünya mətbuatının söykəndiyi istinaddır. “Istoçnik” elə bir faktordur ki, ona dünyanın ən məlumatlı adamı olan ABŞ prezidenti Barak Obama da inanmaq zorunda qalır. Həmkarlarımıza yalnız bir xatırlatma veririk: 2011-ci ilin martında Qərb mətbuatında məşhur aktyor Çeki Çanı məhz “etibarlı mənbə” “öldürmüşdü”. Bu mənbənin məlumatından təsirlənən ABŞ prezidenti hətta onun ailəsinə başsağlığı da vermişdi. Hər bir qəzet öz mənbələri ilə işləyir, bəzən onlar qəzetləri yanıldır, bəzən də qəzetlər mənbələrini qorumaq üçün fəndlər işlədir və bu cür mətbu manevrlərə ironik yanaşmanı düzgün hesab etmirik.

Yazıda da aydın işarə edilib ki, müşahidəçilərlə bağlı məlumatların olmasını Milli Şuranın vahid namizədi Cəmil Həsənli özü bu yazıdan əvvəl təsdiq edib. Yazıda da bu, konkret sitatlarla verilib. Cəmil Həsənli bu mənbəni özü açıqlamasa, ona kimsə bu işi nə xahişlə, nə zorla etdirə bilər. Kifayət qədər ciddi adam olan Cəmil Həsənli boşuna “məndə məlumat var” deməz".(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar