“BÜTÜN HALLARDA BU DƏHLİZ AÇILACAQ...” – “Dünya ictimai rəyinə çatdırıldı ki, Türkiyə artıq Cənubi Qafqazdadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli və Zəngilan rayonlarına səfəri, Prezident İlham Əliyevlə təkbətək görüşü, birgə açıqlama və bəyanatların verilməsi, habelə strateji layihə sayılan Füzuli hava limanı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun əsasının qoyulması regionda proseslərin hansı istiqamətdə və kimin xeyrinə getdiyinə işarədir. Bu yaşananlar həm də sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması öncəsi Bakı və Ankara arasında sarsılmaz müttəfiqliyin nümayişi olmaqla yanaşı, ehtimal olunan Moskvadakı üçtərəfli danışıqlarda Bakının əlini gücləndirməyə xidmət edir.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.

- Qabil müəllim, Prezident Ərdoğanın işğaldan azad olunan Füzuli və Zəngilana səfərini, bu səfər çərçivəsində keçirilən görüşləri və verilən bəyanatları necə qiymətləndirirsiniz?

- Olduqca lazımlı səfər idi. İlk dəfə idi ki, bir dövlət başçısının digər ölkəyə səfəri bu formada baş tuturdu. Bir il əvvəl həmin ərazilər erməni işğalı altında idi, indi Ərdoğanın təyyarəsi birbaşa işğaldan azad olunan və qısa müddətə tikilən müasir beynəlxalq hava limanına eniş etdi. Daha çox diqqət çəkən bir məqam da odur ki, işğaldan azad edilən ərazidə Prezident Ərdoğanın rəsmən qarşılanma mərasimi keçirildi. Bu törən üçün Zəngilanın Ağalı kəndi seçilib. Hansı ki, gələcəkdə Zəngəzur dəhlizini birləşdirən yol buradan keçəcək. Ərdoğanın orada yol tikintisinə nəzarət edən şəxsə “Yəqin ki, Ermənistan sərhədində dayanmayacaqsınız, oradan da Türkiyəyə qədər yol çəkəcəksiniz” deməsi diqqəti cəlb edir. Bu strateji yol xəttinin tikintisinə bir neçə aydır ki, başlanılıb. Həmin yol Ağbənd kəndinə qədər gedəcək. İndidən məlumdur ki, bu yol Ağalı kəndini, Mincivan qəsəbəsini və digər kəndləri mühüm lojistika mərkəzinə çevirəcək.

Diqqət çəkən digər bir məqam da odur ki, açılış mərasimindən sonra Azərbaycan və Türkiyə Prezidentləri arasında görüş oldu. Pezident Ərdoğan qeyd edib ki, bölgədə baş verən bütün məsələlər ətrafında Azərbaycan Prezidenti ilə ətraflı fikir mübadiləsi aparılıb. İranla bağlı məsələlər, sülhyaratma prosesi, Zəngəzur dəhlizinin açılışı, rus sülhməramlılarının fəaliyyəti və digər məsələlər müzakirə edilib. Mətbuat üçün açıqlamada vurğulanır ki, bütün məsələlərdə tərəflərin mövqeyi üst-üstə düşür. Türkiyə bundan sonra da daim Azərbaycanın yanında olacaq, Bakının qaldırdığı bütün məsələlərə dəstək verəcək. Həmçinin, işğaldan azad edilən ərazilərin dirçəlməsi üçün addımlar atılacaq.

- Ərdoğanın səfərinin regional səviyyədə siyasi əhəmiyyəti nədən ibarətdir?

- Əvvəla, bölgədə bir sıra proseslər baş verib və hazırda da baş verməkdədir. İrəlidə də müəyyən proseslərin baş verəcəyi gözlənilir. Məsələn, İranla münasibətlərdəki gərginlik nisbətən səngisə, mənfi tendensiya aradan qalxsa da, İrana da mesajlar var. Bu mesaj da odur ki, biz buradayıq, Azərbaycanın yanındayıq, əlimizdə olan bütün imkanlarla Azərbaycanı dəstəkləyəcəyik.

Eyni zamanda Ərdoğanın səfərində Ermənistana da müəyyən mesajlar var. Açıq nümayiş etdirilir ki, əgər sən sülh, rifah istəyirsənsə, həm Türkiyə, həm də Azərbaycanla normal münasibətlər qurmaq üçün çalışmalısan.

Bu səfərlə həm də dünya ictimai rəyinə belə fikir çatdırılır ki, Türkiyə artıq Cənubi Qafqazdadır, bölgədə yerləşib və buradakı varlığını daha da inkişaf etdirəcək. Ərdoğanın “bütün imkanlarımızla qaldırdığı hər bir məsələdə Azərbaycanın yanındayıq” deməsi qonşulara və dünya ölkələrinə açıq mesajdır. Güman edirəm ki, bu mesaj artıq ünvanlarına çatıb.

- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasını Zəngəzur dəhlizinin açılışının anonsu saymaq olarmı?

- Hesab edirəm ki, bu yol əvvəldə dediyim kimi, dəhlizin bir hissəsi olacaq. Biz bu yolu Ermənistan sərhədinə qədər çəkib aparacağıq. Oradan isə yol Naxçıvana qədər uzanmalıdır. Bunu kim edəcək, işin maliyyə xərclərini kim öz üzərinə götürəcək, bunu deməkdə çətinlik çəkirəm. Ermənistan bu yoldan tranzit haqqı alacaq, üstəlik də blokadadan çıxacaq. Bu dəmiryolu vasitəsilə Avropa və Asiyaya açılacaq. Mənim zənnimcə, bu dəhliz hamıdan çox Ermənistanın maraqlarına uyğundur. Odur ki, dəhlizin öz ərazisindən keçən hissəsini Ermənistan özü çəkməlidir.

Bütün hallarda dəhliz açılacaq. Əgər, Ermənistan bu məsələdən qaçmaq niyyətinə düşəcəksə, vəziyyət gərginləşə, bölgədə yeni iddialar ortaya çıxa, 1923-cü ilə qədər Zəngəzurun Azərbaycan ərazisi olduğuna dair məsələ gündəmə gələ bilər. Bu saat “Zəngəzur azadlıq ordusu” deyilən bir ordu yaradılması haqda xəbərlər ortaya çıxıb. Necə ki, Türkiyədə İrəvan mühacirət hökuməti yaradılıb. Bu kimi hallar da mövcuddur. Yəni belə ideyalar var və onlarla bağlı işlər aparılır. Bu amili də kənara qoymaq olmaz...

- Bir neçə gün əvvəl Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan Baş nazirinin Moskvada görüşəcəyi, bu görüşdə mühüm qərarların qəbul ediləcəyi açıqlanmışdı. Cənab Ərdoğanın səfərinə də bu kontekstdə baxmaq olarmı?

- Bəli, bunun tərkib hissəsi kimi baxmaq mümkündür. Əvvəla, Azərbaycan noyabrın 8-ni zəfər günü elan edib. Ölkə Prezidentinin bu xoş gündə ökədə olması daha məqsədəuyğun olardı. Amma Putinin təklifi ilə Moskvada belə bir görüşün keçiriləcəyi haqda xəbərlər yayılıb. Putin son açıqlamasında qeyd edib ki, başqa qüvvələrin prosesə qatılmasına ehtiyac duyulmur. Amma Ərdoğanın regiona gəlməsi ona işarədir ki, Türkiyə istənilən zaman proseslərə müdaxilə edə bilər və bunun üçün əlində hər cür haqqı var.

Danışıqlar prosesinə gəldikdə deyim ki, bu proses qənaətbəxş səviyyədə getmir. Azərbaycan sülhyaratma prosesinin ilk addımı kimi hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsini irəli sürür. Amma nədənsə Putin tərəflərin ərazi bütövlüyünün tanınması məsələsini deyil, ön plana kommunikasiya xətlərinin açılması, Zəngəzur dəmiryolu və avtomobil yolunun açılmasını, bu kontekstdə də sərhədlərin demarkasiyası və delimitasiyasını ön plana çəkir. Məncə, bu yanaşma danışıqları səmərəli edə bilməz. Çünki ərazi bütövlüyü tanınmadan sərhədlərin delimitasiyasının həyata keçirilməsi məntiqli görünmür. Üstəlik də, Rusiya özünü sərhədlərin müəyyənləşdirilməsi məsələsində tamhüquqlu söz sahibi kimi aparır. Onun dediyi və irəli sürdüyü şərtlərin qəbul edilməsi sanki öncədən imperativ xarakterli səciyyə daşıyır. Amma kimin nə düşünməsindən asılı olmayaraq, Azərbaycanın öz mövqeyi, baxışı var və məsələlərə də bu bucaqdan yanaşılacaq. Bəli, xəritələr əsasında sərhədlərin müəyyən edilməsi Azərbaycan tərəfindən qəbulediləndir. Amma baxaq, görək, hansı xəritələr ortaya çıxarılacaq. Qeyd edim ki, Çar Rusiyası dövründən qalan xəritələr var. SSRİ zamanı xəritəçəkmə və ölçmə işləri aparılaraq daha mükəmməl xəritələr hazırlanıb. Bu xəritələrin ən yaxşı nümunələri Müdafiə Nazirliyi sistemində olub. Bir çox məsələlər ortaya qoyulmalı və həmin xəritələrə əsasən həll edilməlidir. Aydındır ki, yerli sərhədyanı ərazilərin əhalisi də sərhədlərin haradan keçdiyini yaxşı bilir. Məncə, bu insanların da fikirləri öyrəniləcək, amma əsas rolu xəritələr oynayacaq.

- Bir sıra mütəxəssislər bu xəritələr əsasında sərhədlərin müəyyən edilməsinin bizə müəyyən üstünlüklər verəcəyini, bəzi ərazilərimizin geri qaytarılacağını bildirirlər. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?

- Əgər, əsas kimi Çar Rusiyası və ya SSRİ-nin yaranması dövründə çəkilən xəritələr, habelə ondan bir neçə il sonra hazırlanan xəritələr götürüləcəksə, bəli, bu, Azərbaycanın xeyrinə olacaq. Nəzərə alın ki, SSRİ 1922-ci ildə yaranıb. Azərbaycan SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik ərazi ilə daxil olub, oradan çıxanda isə ərazimiz 86,6 min kvadrat kilometr olub. Məsələn, indi mübahisəyə səbəb olan Zəngəzur 1923-cü ildə müxtəlif bəhanələrlə Azərbaycanın əlindən alınaraq Ermənistana verilib. Eləcə də Göyçə mahalının bir hissəsi, Dərələyəz və s. Həmçinin, Qazaxda əkin sahələri müxtəlif metodlarla Azərbaycandan alınıb. SSRİ-nin tərkibinə daxil olandan sonra Azərbaycanın təxminən 25 min kvadrat kilometrlik ərazisi alınaraq Ermənistana verilib. Bunlar tarixi Azərbaycan torpaqlarıdır. İndiki Ermənistan ərazisində erməni yaşamayıb, onlar bura gətiriliblər. Bunlar 200 il əvvəl baş verən hadisələrdir.

- Bu prosesdə Kremlin mövqeyini necə qiymətləndirmək olar və bu mövqe nə dərəcədə Azərbaycanın maraqlarına uyğundur?

- Məncə, burada kompromis tələb olunacaq. Biz SSRİ tərkibinə daxil olduğumuz zaman mövcud olan ərazilərimizlə bağlı iddia qaldırsaq, yəqin ki, müəyyən müqavimətə rast gələcəyik. Amma BMT-nin nizamnaməsində göstərilir ki, ölkə hər hansı ölkəyə və ya ölkələr birliyinə hansı ərazilərlə daxili olubsa, həmin ərazilərlə də oradan çıxmalıdır. SSRİ təşkil edilərkən də onun təsis müqaviləsində bu cür yazılıb. Yəni hər bir müttəfiq respublika istədiyi zaman SSRİ-nin tərkibindən çıxa bilər, bu zaman hansı ərazi vahidi ilə daxil olubsa, həmin ərazilərlə də çıxmalıdır. Beynəlxalq hüququn bütün şərt və normaları bizim üçün əlverişlidir. Baxaq, görək, proses necə gedəcək. Belə çətin prosesdə məsələləri həll edərkən bitərəf olmaq o qədər də asan olmur. Xüsusilə, tərəflərin birinə xüsusi münasibət varsa...

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Bəhi 2021-10-28 19:46:09

Əlavəsiz ətraflı mülahizədir! Ancaq, Ermənistan iki respublika və vahid dövlətin konstitusiyalarını pozmuş, sayı bu gün üç milyonu keçmiş azərbaycanlı ailələrini öz doğma evlərindən-mülklərindəm qovub, məhrum edib? Bu CİNAYƏTİ nə Kreml, nə də rəsmi Bakı zamanında ciddi mühakimə etməyib? Özünü SİVİL sayan siyasi aləmə bu hadisəni qanun üzrə heç də mübahisəli münaqişə deyil, gerçəkdə yerli vətəndaşların əzəli insani haqqlarına qarşı cinayət təsnifatlı olduğunu BƏYAN etmək gərəkdir!

Veteran 2021-10-28 16:39:20

Tamamilə doğrudur.Alqışlayırıq.

Son yazılar