Avropa Parlamenti Azərbaycandakı seçkilərə görə qapalı toplantı çağırdı

Pino Arlakkini “müsbət rəyə” görə dindirəcəklər və Tana de Zulueta ilə üzləşdirəcəklər

Bu gün Avropa Parlamentinin Azərbaycandakı 9 oktyabr prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Pino Arlakki Brüsseldə dindiriləcək.

Virtualaz.org saytı “The European Voice” nəşrinə istinadən xəbər verir ki, P.Arlakki Azərbaycandakı seçkilərə dair “müsbət rəy verdiyinə görə” Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinə izahat verməyə çağırılıb. P.Arlakki Avropa Parlamentinin İtaliyadan olan üzvüdür.

Xarici Əlaqələr Komitəsi P.Arlakkinin başçılıq etdiyi missiyanın seçkilərə dair rəyinin nədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəyindən fərqləndiyini aydınlaşdırmağa çalışacaq.

Qeyd edək ki, P.Arlakkinin başçılıq etdiyi missiya seçkilərin azad və şəffaf keçirildiyini bildirib. ATƏT DTİHB isə faktiki olaraq seçkilərin nəticələrinin legitimliyini şübhə altına alan kəskin tənqidi rəy verib.

Rəsmi Bakı DTİHB-in rəyinə kəskin etiraz edərək bu təşkilatla əməkdaşlığı kəsəcəyini elan edib. ABŞ Dövlət Departamenti də ATƏT DTİHB-in rəyini dəstəkləyib və beləliklə də Bakı ilə Vaşinqton arasında gərginlik meydana çıxıb.

Daha sonra Avropa Parlamenti Azərbaycandakı seçkilərə dair ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarıb və P.Arlakkinin missiyasının rəyi faktiki olaraq qüvvədən düşmüş hesab olunub.

Xəbərdə deyilir ki, P.Arlakki Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbərliyi ilə bağlı qapılar arxasında görüşəcək. Komitə həmçinin ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, italyan senator Tana de Zuluetadan da məlumatları alacaq.

“The European Voice” bildirir ki, P.Arlakki Azərbaycan KİV-lərinə verdiyi açıqlamada ATƏT missiyasının “heç bir siyasi öhdəliklər daşımayan ekspertlərdən ibarət olduğunu, bu səbəbdən onları daha rahat idarə etməyin mümkünlüyünü” bildirib.

P.Arlakkinin bu açıqlaması ilə bağlı ötən həftə boyu Avropa jurnalistləri ondan şərh ala bilməyiblər.

Xatırladılır ki, Azərbaycan parlamenti Avropa Parlamentinə məktub yazaraq onun ATƏT DTİHB-in seçkilərə dair verdiyi rəyi dəstəkləyən qətnaməsindən narazılıq edib. Azərbaycan tərəfi Avropa Parlamentini Azərbaycanda “sabotaj və iğtişaşlar” planlaşdırmaqda günahlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar