RAMİZ MEHDİYEVDƏN 2015-ci İL ANONSU- "Məmurlara mesaj verilir ki..."

Dövlət qurumlarında yüksək tələblərə cavab verən kadr ehtiyatının yaradılması üçün ilk növbədə dövlət qulluğuna qəbul mexanizmi təkmilləşdirilməlıdir

Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ötən həftə kadr potensialı ilə bağlı çıxışı ölkədə mövcud olan daha bir problemin hakimiyyət olimpindən açıq etirafı kimi dəyərləndirilir.

Administrasiya rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın Elmi Şurasının iclasında etdiyi çıxışı zamanı bütün sahələrdə, o cümlədən PA-da peşəkar kadrlara ehtiyacın olduğunu bəyan edib.

Cənab Mehdiyev bildirib ki, bu gün həm PA, həm də nazirliklər və yerli hakimiyyət strukturları ciddi kadr böhranı ilə üzləşib. Sitat: “Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni administrasiya rəhbəri kimi heç cür qane etmir”.

Hakimiyyətin əsas aparıcı simalarından olan şəxs kimi administrasiya başçısının dedikləri əslində acı mənzərənin yüksək səviyyədə etirafı kimi dəyərləndirilir. Doğrudur, peşəkar kadr ehtiyacından əvvəllər də danışılıb. Elə cənab Mehdiyev administrasiyada çalışmaq üçün savadlı və təcrübəli hüquqşünaslara tələbat duyulduğunu əvvəllər də söyləyib. Lakin budəfəki çıxışda tənqidi notların daha geniş sahələri əhatə etməsi uzaqgedən nəticələr çıxarmağa imkan verir.

“Turan” agentliyinin direktoru Mehman Əliyev musavat.com-a bildirib ki, administrasiya rəhbərinin fikirləri 2015-ci ildə kadr dəyişikliyinə gediləcəyinin anonsu sayılmalıdır: “Düzdür, hökumətin dəyişməsi daha çox parlament seçkilərindən sonra gözləniləndir. Amma ola bilsin, gələn ilin əvvəlindən müəyyən addımlar atılsın. Bu, faktdır ki, hakimiyyət cəmiyyətdə radikallığın artmasından çox narahatdır. Digər tərəfdən, radikallığın qarşısının alınması üçün zəruri işlərin görülmədiyi və demək olar ki, bu tipli problemlə mübarizə aparmaq üçün dövlət strukturlarının hazır olmadığı göstərilir. Bu da kadr məsələsi ilə bağlıdır.

Çünki məsələnin hansısa güc tətbiq etməklə, zor yolu ilə həlli mümkün deyil. Problemin dərin səbəbləri var. Cəmiyyətdəki sosial-iqtisadi gərginlik, azadlıqların, insan haqlarının pozulması və s. gətirib bu duruma çıxarır. Hakimiyyət artıq açıq şəkildə bildirir ki, vəziyyəti başa düşürlər, bu vəziyyətdən narazıdırlar və çıxış yolları axtarırlar. Amma çıxış yollarını tapmaq üçün kadr qıtlığı var. Ona görə də cəmiyyətə üz tuturlar ki, kim nə bacarırsa, buyurun, gəlin”.

Bununla belə, M.Əliyev reallıqda müxalif düşərgənin iqtidara özünün kadrlarını təqdim etməyin perspektivini görmür: “Mövcud sistemə hər hansı çox gözəl təhsili, dünyagörüşü olan kadrı qoysanız, o sistem onu əzəcək. Çünki bu sistemin daxili qaydaları, hakim-məmur subardinasiyası var. Ona görə də kim o çərçivədən çıxacaqsa, sistemin təkərləri altında qalıb əziləcək. Odur ki, köklü şəkildə sistemin özü dəyişməlidir və ona uyğun olaraq kadrlar təyin olunmalıdır. Yəni siyasi kurs, siyasət demokratik dövlətin qurulması, azad iqtisadiyyat və s. kimi problemlərin həllinə yönəlməli, ortaya siyasi iradə qoyulmalıdır. Bunsuz kadrlar da heç nə edə bilməyəcək”.

Ekspert hesab edir ki, hakimiyyət vəziyyətdən narahat olduğunu ilk növbədə məmurlara çatdırır: “Məmurlara mesaj verilir ki, biz sizdən narazıyıq. Ona da işarə verildi ki, hansısa kadr dəyişiklikləri gözləmək olar. Birinci növbədə vurğulandı ki, Prezident Administrasiyasının özündə problemlər var. Deməli, sabah islahatlar Prezident Administrasiyasında başlayacaqsa, hər hansı nazirlikdə bu, baş verəcəksə, heç kəs bununla bağlı öz narazılığını bildirə bilməz. Bütövlükdə dəyişikliklər sistemli xarakter daşımalıdır”.

M.Əliyev bir məqama da diqqət çəkdi: “Amma bu, müsbət haldır ki, müxalifətin, opponentlərin illərdir dediklərini hakimiyyət özü açıq şəkildə deyir. Hakimiyyətin Qərblə sövdələşməsi bundan ibarətdir ki, bizə təzyiq olmasın, qarşımıza tələblər qoyulmasın, biz özümüz yuxarıdan hər şey edəcəyik. Bu, onu göstərir ki, yuxarıda yenidənqurmanın aparılması məsələsi gündəmdədir. Təkamül yolunu son 3 ildə dəfələrlə təklif edirdilər, məncə, artıq buna gedilir. Avropa Birliyi ilə müzakirə olunan və imzalanma ərəfəsində olan Strateji Modernləşmə Proqramında da kadr məsələsi var”.

Onu da qeyd edək ki, ölkədə kadr probleminin mövcudluğunun əsas səbəblərinən biri təhsildəki problemlərdisə, digəri də əksər dövlət qurmlarının kadr seçimini şəxsi maraqları çərçivəsində aparmasdır. Bir çox dövlət qurumlarınının rəhbərləri əsas vəzifələrə ya öz qohumlarını, ya hansısa dostlarının övladlarını təyin edir, ya da vəzifəni hərraca çıxarır. Yəni, kim çox pul verir onu da təyin edir. Savadlı və bacarıqlı gənclər isə kənarda qalaraq ya ölkəni tərk edir, ya da özəl sektorda kimlərinsə biznesinin inkişafı üçün çalışırlar.

Bu isə nəticədə dövlət idarəçiliyində savadlı və bacarıqlı kadr ehtiyatının yaradılmasına imkan vermir. Cənab Mehdiyevdə öz çıxışında bu fakta toxunub. Sitat: "Sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar.”

Pezident Administrasiyasının rəhbərinin qeyd etdiyi kimi nazirliklərin və yerli hakimiyyət strukturlarının ciddi kadr böhranı ilə üzləşməsinin əsas səbəbi də məhz onların savadlı gənclərin dövlət qulluğuna gedən yolunu kəsməsi ilə bağlıdır. Problemin həlli isə dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi, nazirliklərin və yerli hakimiyyət strukturlarının bu sahədəki son sözü demək imkanlarının əllərindən alınmasını tələb edir.

Məsələ ondadır ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilən gənclər sonradan müvafiq nazirlikdə, baş idarədə və ya yerli hakimiyyət strukturlarında müsabiqədən keçirilir. Bu müsabiqələr isə bir çox hallarda obyektiv və şəffav aparılmır. Savadlı və bacarıqlı gənclər müxtəlif bəhanələrlə kənarda saxlanılır, konkret vaxt bildirilmədən gözləməyə göndərilir. Vakant vəzifələrə isə yxarıda qeyd etdiyimiz kimi, ya kimlərinsə qohumları, ya da rüşvət vermək imkanı olanlar təyin edilir.

Odur ki, dövlət qurumlarında yüksək tələblərə cavab verən kadr ehtiyatının yaradılması üçün ilk növbədə dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi lazımdır.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar