“HƏKİM DEDİ Kİ, SEVİNCİ ZƏHƏRLƏYİBLƏR” - Məhkəmədə ŞOK faktklar açıldı - YENİLƏNİB

“Gülər dedi ki, Seva, Ramiz Mehdiyevə 500 vermişəm”

"Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub"

Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçirilir. Bu gün Sevinc Babayevanın bacısı Təranə Səfərova ifadə verib. O bildirib ki, 2011-ci ilin yayında bacısı Sevinc Gülər Əhmədova ilə eyni tədbirdə olub. Tədbidrdən sonra Sevincin vəziyyəti pisləşib. “Sevinc orada balıq yemişdi. Ondan sonra vəziyyəti pisləşdi. Yaşıl rəngdə qaytarırdı. Heç bir xəstəxana bizi qəbul etmirdi. Biz də şübhələndik ki, niyə bizi qəbul etmirlər. Daha sonra tanışlarmız vasitəsilə onu Gömrük Xəstəxanasına apardıq. Orda Qalib adlı bir həkim dedi ki, bacını zəhərləyiblər. 6 ay ömrü var. Daha sonra orada müalicə ald. Vəziyyəti bir az yaxşılaşdı. Ayın 26-da Sevinc mənə dedi ki, Bakıda qala bilmərəm, Türkiyəyə getməliyəm. Gedərkən anama Gülərin nömrəsini verdim. Səhəri gün anam Gülərə zəng etdi. Gülər ona dedi ki, narahat olma o getməli idi”.

S. Babayevanın bacısı bildirib ki, Sevinc Türkiyədən zəng edib deyib ki, pulu yoxdur, qızıllarını satıb xərcləyir: "Dedim ki, Ayxan yanına gəlmək istəyir. O da dedi ki, Ayxanla mən də gedim. Sevinc orada icazə aldıqdan sonra ancaq mənim də gəlməyim şərtilə oğlu Ayxanın Türkiyəyə getməsinə razılıq verdi. Bizi Türkiyədə Səlcuq Ağlayanla oğlu qarşıladı. Məni Ayxanla ağ rəngli qara şüşəli maşınla bütün şəhəri gəzdirdilər. Mən dedim ki, yorulumuşam bacımı görmək istəyirəm. Qorxdum, başladım ağlamağa ki, vallah heç nəyimiz yoxdur, elə bacımı görmək istəyirəm. Sonra Sevincin yanına getdik. Sən demə biz bütün saatı Sevinc qalan binanı fırlanmışıq. Sevinc qapını açdı. O çox arıqlamışdı. Acınacaqlı vəziyyətdə idi. Soyuducunu açdım orda heçnə yox idi. Ayxan onu alış-verişə apardı. O dükanda hər şeyi götürüb yeyirdi. Satıcıya dedim ki, qoyun yesin mən pulunu ödəyərəm.Çox pis vəziyyətdə idi. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı”.

Daha sonra Sevinc Babayevanın bacısı bildirib ki, Türkiyədə olanda Sevinc Babayeva ilə Gülər Əhmədovanın “Skype”la danışmasının şahidi olub:“Gülər dedi ki, məsələ həll olunacaq, bir az gözlə. Mən də Sevincə dedim ki, bunun nağıllarına inanma. Bakıya gələndə Gülərin bacısı Gülnara zəng edib dedim ki, gəl birləşək, bacılarımıza kömək edək, bu oyundan qurtarsınlar. Dedi ki, heç bir kömək edə bilməz. Bir müddət sonra Gülər mənə zəng elədi ki, gəl ərizə yaz ki, Sevinc özü Türkiyəyə gedib, mən isə razı olmadım. Sevinc mənə deyirdi ki, Gülərlə görüşmə, qoy səni tanımasın. Səlcuq zəng elədi ki, Sevinc xəstədir, beş min pul lazımdı. Ondan sonra anamgil Gülərin evinə getdilər. Gülər onlara deyib ki, 20 min pul verir, amma sənədə imza atsınlar. Biz də razı olmadıq”

Sevincin bacısı onu da bildirib ki, Gülər Əhmədova ondan bacısı Sevinc Babayevanın Türkiyəyə öz xoşu ilə getməsi barədə ərizə yazmasını istəyib.

Təranə Səfərovanın sonrakı fikirləri isə daha ilginc olub: "Türkiyədə olarkən Sevinc zəng etimişdi. O bizi yanına gəlməyə qoymurdu. Sevinc çox ehtiyatlı davranırdı. O bizə deyirdi ki, artıq suallar verməyin, qulaq asırlar bizə. .

Bacım elə bil türmədə idi. Biz skypla Gülərlə danışmaq üçün idman kompeksinə getdik. Gülər dedi ki, Seva, Ramiz Mehdiyevə 500 vermişəm. Məsələ həll olunacaq. Səhər Sevincin vəziyyəti pisləşdi. Cərrahpaşa klinikası pasportu olmadığı üçün onu qəbul etmədi. 3 gün sonra skypla yenidən danışdıq. Gülər Əhmədova “skayp”da dedi ki, mən artıq həll etmişəm, 5 gün o yan - bu yanı var, kabinetin də hazırdır, darıxma, hər şey yaxşı olacaq. Bir az gözlə hər şey yaxşı olacaq. Hələ də bilmirəm ki, bacım son ana qədər Gülərə niyə inanırdı”.

Daha sonra T. Səfərova suallara cavab verib. Şahid bildirib ki, Ayxan Türkiyədə Sevinclə dalaşıb: “Ayxan dedi ki, Gülər sənin torbanı tikib, göndərib bura, gəl gedək Azərbaycana. Sevinc razı olmadı. Sevinc deyirdi ki, Gülərin əri ona 650 manat verib. Onu da deyirdi ki, gör, məni nə hesab edir ki, ordan bura 650 manat göndərir?”

T. Səfərova onu da deyib ki, ataları Elşad Abdullayevi yaxşı tanıyıb, Sevincin də Elşadla münasibəti yaxşı olub.

G. Əhmədova isə bildirib ki, T. Səfərova onunla yanaşı, ölkənin tanınmış adamlarına da şər atır.

T. Səfərova isə ona cavab olaraq “Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən artistsən, sənin və oğlanlarının haqqında Türkiyədə “abjora” deyirdilər. Deyirdilər ki, Gülər gəlib burda 3 qoyunun kababını tıxır, üstündən də rakı içir”.

Gülər Əhmədova isə ona “Artist sənsən, özü də xalq artisti” cavabını verib.

Bundan sonra T. Səfərova ona “Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür” söyləyib.

G. Əhmədova isə T. Səfərovaya “əgər sən deyən obyektlər varsa, hamısını sənə bağışlayıram. Elşad gəlib ifadə vermir, bunların dedikləri isə hamısı şər-böhtandır, öyrədib bura göndəriblər”, deyə bildirib.

Məhkəmədə, həmçinin Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva da ifadə verib. Z. Cəbiyeva da bacısı qızının zəhərlənmə ehtimllarından danışıb. Onun sözlərinə görə, Sevinc Səlcuq Ağlayanın təhlükəli adam olduğunu, onu rus dilində danışmağa qoymadığını, bütün danışıqlarına nəzarət etdiyini və üstündə silah gəzdirdiyini deyirmiş: “Sevinc bizi inandırmağa çalşırdı ki, o bu prosesdə sadəcə vasitəçilik edib, puldan ona çatmayıb. Gülər onu qayıtmağa qoymudu. Deyib ki, qayıdışı ancaq o deyəndə baş tuta bilər. Sonra da deyib ki, qayıdandan sonra kompazitor ona vəzifə verəcək”.

O bildirib ki, Sevincin zəhərləndiyini eşidib: “Mənə dedilər ki, heç bir xəstəxana onu qəbul etmir. Birtəhər Semaşko Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi, ki, “Xala, məni tez burdan çıxarın, məni öldürəcəklər”. Sonra Mərkəzi Gömrük Hospitalına apardıq, bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.

Z. Cəbiyeva daha sonra prosesdə sualları cavablandırıb.

Z. Əliyeva Bakıda xəstəxanada həkimin onlara Sevincin zəhərləndiyini dediklərini açıqlayıb. G. Əhmədova isə elə bir halın olmadığını, həkimin belə bir rəy yazmadığını söyləyib.

G. Əhmədova Z. Cəbiyevaya “Sən Sevinci bədbəxt elədin. Siz Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm”.

Daha sonra Gülər Əhmədova şahid ifadələri ilə bağlı suallarını verib. Sabiq debutat deyib ki, Ayxana verəcəyi sualların səksən faizini ona görə vermir ki, yetim uşaqdır, qapılarda böyüyüb və 40 kişiyə ata deyib. Xalasından isə soruşub ki, nəyə görə bacısı qızının 100-200 manat məvaciblə 200 minlik maşını necə sürdüyünü düşünmür?

Daha sonra Gülər Əhmədova iddia edib ki, Elşad Abdullayev və yaxınları Sevinc Babayevanın qohumlarını maliyyələşdirirlər və təhdid altında saxlayırlar. O özündə olan informasiyaları prokurora verəcəyini bildirib. G. Əhmədova həmçinin şər-böhtana düşdüyünü də ifadə edib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

--

"Siz nə danışırsınız, o mənə də xox gəlib, 36 saat ac-susuz saxlayıb”

Proses ikinci yarısında Gülər Əhmədova Sevinc Babayevanın bacısı Təranə Səfərovanın ittihamlarına cavab verib.“Sevinclə telefon danışıqlarında o mənə deyib ki, mən sənə diri lazımam yoxsa ölü? Mən də ona dedim ki, sən mənə diri lazımsan. Əgər Sevinc bu gün burda olsaydı, mən burda olmayacaqdım. Elşadla Sevinc Babayevanın videoları yayılandan sonra Sevincdən bunları niyə etdiyini soruşdum. O rusca mənə dedi ki, Elşad məni buna məcbur edib. Bundan sonra bizim Sevinclə münasibətlərimiz gərginləşdi. Mən ona niyə aktrisalıq etmisən, videolardan xəbərin var, deyirdim. Hər dəfə fərqli cavablar verirdi. Onu dəfələrlə, israrla ölkəyə çağırırdım. O mənə deyirdi ki, Elsəvər Abdullayevdən qorxuram, məni oğlumla hədələyiblər”.

Daha sonra Sevinc Babayevanın bacısı məhkəmə zalında dəfələrlə ağlayıb və hər dəfə Gülər Əhmədovanı bacısını Türkiyədə ac saxlamaqda ittiham edib. Gülər Əhmədova isə bildirib ki, özü və əri vasitəsilə ona pul göndərib: “Mən və ailəm onun üçün nə bacarmışıqsa, onu da etmişik. Mən əzrayıl deyiləm ki, can alım”.

Təranə Səfərova bildirib ki, Sevinc Babayeva sağlam olub, heç bir xəstəliyi olmayıb: “Sevinc deyirdi ki, Gülər Səlcuqa deyib ki, Sevinci orda saxla, onun dili çox uzundur. Səlcuq evində tapança ilə gəzirdi. Mənə maraqlıdır, Gülər, sən bu banditləri hardan tapmışdın?”

G. Əhmədova isə ona “Səlcuqu “çerez-çerez” tapmışdım ki, Sevincin yerini öyrənə bilim. Səlcuq onu ac saxlayıbsa, Allah bəlasını versin”, deyə bildirib

Sonra prosesdə Gülər Əhmədovanın deputat kimi köməkçisi, “Mərkəz” qəzetində isə katibəsi işləmiş Adilə Əlihüseynli ifadə verib.Şahid bildirib ki, ibtidai istintaqda ifadə verən zaman müstəntiq ona təzyiq edib.

Sonra onun ibtidai istintaqa ifadəsi elan olunub. A. Əlihüseynli ifadəsində Sevinc Babayeva ilə Gülər Əhmədovanın münasibətlərinin 2008-ci ildə pisləşdiyini deyib: “Həmin ərəfədə Gülərlə Sevincin otaqda qışqırıq səsi eşidilirdi. Sevinc Gülərdən pulu qaytarmağı tələb edirdi. Gülər Əhmədova isə qaytarmayacağını deyirdi. Daha sonra Gülər Əhmədova Sevinc Babayevanı qəbul etməməyə başladı. Sevinc saatlarla gəlib gözləyirdi. Ağlayıb, deyirdi ki, onu qəbul etsin, camaatın pulunu qaytarsın. Gülər xanım çox aqressiv adam idi, işçiləri təhqir etməkdən belə çəkinmirdi. Ona görə də onun yanında daimi işçi tapmaq çətin olurdu”.

A. Əlihüseynli ibtidai istintaqa onu da deyib ki, bir müddət sonra G. Əhmədova ilə S. Babayevanın barışdıqlarının da şahidi olublar.

Lakin şahid bu ifadəni qəbul etmədiyini bildirib, bu sözləri təzyiq altında yazdığını bildirib.

Daha sonra A. Əlihüseynlinin bacısı Günay Vəliyeva şahid qismində ifadə verib. O da ibtidai istintaqa təzyiq altında ifadə verdiyini deyib. Sonra onun ifadəsi elan olunub. İfadəsində S. Babayevanın G. Əhmədovanın ofisinə gəlib ağladığı, ona pul verdiyi, lakin işini düzəltmədiyi, pul yiyələrinin Sevincdən pulu tələb etdiklərini S. Babayevadan eşitdiyini deyib: “Sevinc deyirdi ki, bir video var, yayılsa, hamımız əlli-ayaqlı gedəcəyik”.

Şahid bir dəfə də vəkil Adil İsmayılovu Gülər Əhmədovanın yanında gördüyünü deyib.

G. Əhmədova isə bildirib ki, onun danışdığı bəzi məqamları şahidlərin adından yazılıb: “O sözləri mən danışmışam, ayıb olsun müstəntiqə. Bu, kişi hərəkəti deyil. Mən müstəntiqə insan kimi danışmışam ki, Sevinc mənim adımdan danışdığı üçün onu qəbul etməmişəm. Müstəntiq isə götürüb bunu şahidlərin adından yazıb”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə G. Əhmədovaya etiraz edib.

G. Əhmədova müstəntiqin ona da təzyiq etdiyini açıqlayıb: “Siz nə danışırsınız, o mənə də xox gəlib, 36 saat ac-susuz saxlayıb”.

Daha sonra Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyev ifadə verib.

O, E. Abdullayevin gizli çəkiliş aparıldığı deyilən ofisində axtarış aparıldığını bildirib. A. Mürsəliyev orada gizli çəkiliş aparılmasından xəbəri olmadığını da deyib.

G. Əhmədova isə ondan xahiş edib ki, dayısına desin, videoların əslini göndərsin: “Elşadın qohumları arasında rokfellerlər var idi ki, 3 milyon birinə, 5 milyon birinə verirdilər?”

A. Mürsəliyev isə ona nəsillərində imkanlı adamların olduğunu deyib və G. Əhmədovanın xahişini E. Abdulleyevə çatdıracağını deyib.

Proses noyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar