Moskvada 300-dək azərbaycanlı səfirliyə yürüş etdi

Moskvada yaşayan bir qrup azərbaycanlı dünən ölkəmizin Rusiyadakı səfirliyinə gediblər. Səfirlikdə əvvəlcə onları qəbul etmək istəməsələr də, 4 saat gözlətdikdən sonra səfir Polad Bülbüloglunun müavini Qüdsi Osmanov 300 nəfərə yaxın azərbaycanlı ilə görüşməli olub.

Görüşdə iştirak edən soydaşlarımızın verdiyi məlumata görə, onlar özlərinin və övladlarının təhlükəsizliklərinin təmin edilməsini xahiş ediblər. Rusların son günlərdə qafqazlılara qarşı aqressiv davranışlarını əsas gətirən həmyerlilərimiz Qüdsi Osmanova özlərini güvəndə hiss etmədiklərini bildiriblər.

Səfir müavini Qüdsi Osmanov isə səfirliyə gələn azərbaycanlılara bildirib ki, son üç həftədir ki, bu məsələlərlə bağlı çox gərgin iş rejimində işləyirlər.

“Haradan şikayətlər daxil olursa, baxırıq. Təbii ki, biz də hadisələri kənardan izləmirik. Lazımi qurumlarımız bu hadisələri nəzarətdə saxlayır. Son günlərdə keçirdiyiniz həyəcanı, qorxunu anlayırıq. Amma həyəcanlanmağa heç bir əsas yoxdur. Hər şeyi nəzarətdə saxlayırıq, xəstəxanalardan, polis dairələrindən azərbaycanlılarla bağlı şikayətlər daxil olan kimi gedib araşdırırıq”-deyə səfir müavini görüşə gələn azərbaycanlılara bildirib. Səfirlikdə görüş bir saat davam edib. /Modern.az/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar