"ATV-ni BİZDƏN HEÇ KİM ALMAYIB..." - Nazim İbrahimovun qardaşı oğurlanan milyonlardan danışır (II HİSSƏ)

Bir neçə gün əvvəl inşaat sektorunda çalışan iş adamı İlham Qasımovun keçmiş ortağı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimova qarşı irəli sürdüyü sensasiyalı ittihamlarla dolu müsahibəsini təqdim etmişdik. Hər şey İlham Qasımovla birlikdə çalışan Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun həbsi ilə ortaya çıxıb. Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi başlanıb və Məzahir Cəfərov tutulub. 

Bu hadisənin arxasındakıları araşdıran “Bizim Yol” qəzetinin və 
- Belə şeylər sözlə olmur, bunları sənədlə sübut etməsi lazım gələcək. 8 milyon elə bir rəqəmdir ki, səslənməsi belə inandırıcı deyil, söhbət 8 manatdan getmir. Mənim ofisim buradadır, onların kassaları isə öz ofislərindədir, bunu istəsəm belə, edə bilmərəm və onlar o pulu mənə niyə verməli idilər ki? Amma onun bu işlərə aidiyyatı yoxdur. Mən onların sənədinə imza atıb "Sahil-D"dən pul götürmüşəmsə, o sənədi Sizə təqdim eləsinlər, görək, bunu sübut edə bilirlərmi? Audit rəyində də yazılır ki, tikintiyə qoyulmuş vəsaitlə tikintiyə çəkilmiş xərclərin müqayisəsi nəticəsində, hazırda istifadə edilməmiş sərmayənin faktiki qalığı 4 milyon 918 min dollar kassada qalmalıdır. Bu, türklərlə mənim şirkətə qoyduğumuz vəsait və binaya çəkilmiş xərcin arasında olan fərqdir. Satışlardan daxil olan vəsait burada yoxdur, biz öz sərmayəmizi qoymuşuq.

- Söylədiyinə görə, qaynınız Taleh Abdullayev də bu münaqişənin episentrindədir və axtarışdadır. İndi o, haradadır?

- Azərbaycanda axtarışda olan adamı tapmaq çətin deyil. Taleh Bakıdadır, axtarışa verilərsə, taparlar.

- Ona zəng edib bizi danışdıra bilərsiz?

- Ehtiyac yoxdur.

- Dediyinə görə, Sizin də ölkədən çıxışınıza sanksiya qoyulub. 

- Müəyyən bir istintaq gedən zaman dövlət hər şeyi edər, qərarı da ola bilər. Mən ölkədən getmirəm, buradayam. Bu iş də qurtarmayana qədər bir yerə getməyəcəm. Amma istədiyim vaxt çıxa bilərəm, burada cinayət tərkibli heç nə yoxdur…

- Necə yoxdur? Cinayət Məcəlləsinin 2 maddəsi üzrə cinayət işi açılıb.

- Mən bina, əmlak sahibiyəm, mənə qarşı niyə tədbir olsun?

- Siz prokurorluqda zərərçəkən tərəf olaraq ifadə verirsiz, yoxsa cavabdeh kimi? Orada xeyli insan zərər çəkdiyi üçün istintaqa müraciət edib, mənzillərini istəyirlər.    

- Məndənmi istəyirlər?

- Kimdən istədiklərini hələlik bilmirəm. Lakin fakt odur ki, onlarla insan prokurorluğa zərər çəkdiyi barədə şikayət edib. 

- Mən əmlak sahibiyəm, kimə istəsəm, orada ev verə bilərəm.

- Prokurorluğa ilk kim müraciət edib?

- Evləri təhvil verilmədiyindən prokurorluğa türklər müraciət etmişdilər. Sonradan da "ikili evlər" ortaya çıxıb, camaatın şikayəti də prokurorluğa gedib. Bu gün satılmış evləri bir daha sizə təklif edə bilirlərsə, onda bəlkə də türklərin də mənzillərindən satıblar.

- Dediniz ki, Məzahir Cəfərov 20 il Sizin yanınızda işləyib, yəqin ki, şirkətə direktor da Sizin vasitəçiliyinizlə təyin olunub. Amma belə çıxır ki, sənədləri sizdən iznsiz imzalamaqla başınızın üstündən iş görüb. 

- Düşünürəm ki, onu İlham Qasımov aldadıb, çox sənədə qol çəkdirib, "hər şey yaxşı olacaq", deyərək arxayın salıb. O da sənədlərə imza atıb, satdığı evlərin pulunu İlhama təhvil verib. Maliyyə sənədinə yox, adi sənədlərə qol çəkdirərək elə belə də camaata satıblar.

- Deyəsən elə hamınız bu işə oyun kimi baxmısız. 

- Bu onların verdikləri hesabatdır, mənə aidiyyatı yoxdur.

- 4 binadan ibarət kompleks tikmisiz, idarəetmə isə olmayıb, qərarları hər kəs özbaşına qəbul edib…

- Binalar Taleh Abdullayevin başçılığı ilə tikilib, kompleksin yiyəsi odur.

- Məzahirin müdafiəsi üçün vəkil tutmusunuz, qohumunuzun çıxmasına çalışırsınız?

- Məzahir özü vəkil tutub, onu müdafiə edən var.

- Özü "içəri"dən necə tutub? Yəqin kənardan kimsə kömək edir.

- Bilmirəm.

- Qasımov deyir ki, Məzahir Sizin "qurbanınızdır" və həbsində maraqlısız. Çünki onun əvəzinə Siz həbs olunsanız, qardaşınız Komitə sədrliyi vəzifəsi ilə vidalaşmalı olacaq. Əslində bu dediyində həqiqət yox deyil. Azərbaycanda çoxlu belə presedentlər var ki, ailə üzvlərindən biri cinayət etdiyinə görə həbs olunubsa, dövlət məmuru işləyən digərini Prezident işdən çıxarıb. Sizin də cinayət etdiyiniz sübuta yetirilərsə, zərbəsi  qardaşınıza dəyə bilər.  

- İlham Qasımov bunları deməklə bizim ailəyə zərər vurmaq istəyir. Bizim əməlimizdə cinayət işi ola bilməz. Məndən ev alanların hamısının mənzili var. Bir də ki, Nazim İbrahimovun qohumu çoxdur, hansısa qohum gedib nəsə edəcəksə, cavabdehliyini də özü daşımalıdır. Buna Nazim İbrahimov neynəsin? O, Nazim müəllimin ortağı deyil, mənim ortağım olub və işbirliyimizdən hələ nəsə almamışam. Nazim müəllimin adını çəkibsə, ona qara yaxmaq üçün mətbuata çıxıb ki, özünü hamıya təmiz adam kimi təqdim etsin.

- Məzahirin həbsdən çıxması və ya həbsdə qalmasının Sizə fərqi yoxdur?

- Əsas marağım odur ki, camaatın evləri verilsin və mənim də əmlakım özümdə qalsın.

- Bəs Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 14 ünvanındakı binanın tikildiyi ərazinin məxsus olduğu "Sutikintisazlama" ASC ilə bağlı məsələ nə yerdədir? 

- Mən əvvəlki təsisçilərindən onu satın almışam, reyestrdən də gördüyünüz kimi, səhmlərin 43.0123 faizi mənə məxsus olub, 56.9877 faizi isə Nazim Musayevə. Müəssisəni sonradan 100 faiz aldım, alqı-satqı müqaviləsi də var (sənədləri göstərir-H.H.).

- Burada da başqa səhmdar cəmiyyətlərdəki proses gedib, müəssisəni səhmdarların əlindən çıxartmısız. 

- Heç kəsin əlindən heç nə çıxmayıb, satıblar, almışıq. Doğrudur, səhmləri hərracda almamışam, mən ikinci alıcıyam, cəmiyyətin hissələrini mənə satıblar. Gördüyünüz kimi, burada İlham Qasımovun adı yoxdur. O, bizə şər-böhtan yaxmağa çalışır.

- Telefonda Karl Marks dairəsindəki 18 mərtəbəli, 2 bloklu hazır binanı özünüz sökdüyünüzü dediniz. Hansı səbəbdən o boyda sərmayə qoyduğunuz binanı öz xoşunuza sökmək istəyəsiz?

- Biznes maraqlarıma uyğun gəlmədiyindən binanı sökdüm.

- Yerində biznes maraqlarınızı təmin edəcək nə tikdiniz ki?

- Bu, mənim şəxsi işimdir.

- Olsun şəxsi işiniz. O vaxt belə xəbərlər yayıldı ki, bina qanunsuz tikildiyindən dövlət özünüzə də sökdürüb...    

- Dövlət bir yeri sökməyə qərar verirsə, onu  alır, sonra dövlətin balansına keçirir. Elə deyilmi?

- Xeyr! Fərhad Əliyevin də Bakı Dəniz Limanı yaxınlığındakı binası söküldü. Nəinki pul verilmədi, heç ondan soruşan da olmadı. Belə presedentlər var.  

- Siz qanunsuz tikintiləri qanuni ilə səhv salmayın. Mənə nə aidiyyatı var, Fərhad kimdir, mən heç Fərhadı tanımıram.

- Adınızın yanaşı çəkilməsindən niyə təşviş keçirdiniz? Mən, sadəcə, müqayisə etdim. O tikintinin sərəncamı var idi? 

- Əlbəttə var idi.

- Həmin sənədi görə bilərəm?

- Bilmirəm haradadır, o sənədlər artıq ləğv olunub gedib. Binanı sökmüşəm, sənəd nəyə lazımdır?

- O yer indi kimin nəzarətindədir? Torpaq müəssisənizin balansında qalır?

- Bəli, mənə aiddir və balansda qalır.

- Tikməmisiz?

- Tikməmişəm, hələ planlayıram. Belə qalmayacaq, yəqin ki, bir şey olacaq.

- Oraya nə qədər sərmayə qoymuşdunuz?

- Düzünü deyim ki dəqiq xatırlamıram, unutmuşam.

- Bina bitmişdi, yəqin ki, bütün mənzillər də satılmışdı. Bəs əmlak sahiblərinin taleyi necə oldu? 

- O adamların bir çoxunu mənim mənzillərimin əvəzinə Bakı Əyləncə Mərkəzinə köçürmüşük, bir neçəsini "RRR" şirkətinin Nobel prospektində tikdiyi binaya. Adamların hamısını evlə təmin etmişik.

- "RRR" MTK daha çox kimə aiddir?

- Çox hissəsi mənimdir - 75 faizi. 25 faizi isə İlham Qasımova aiddir.

- Karl Marksda yerləşdirilməyən, narazı əmlak sahibi var?

- Hazırda bizə müraciət edən yoxdur.

- Belə çıxır ki, orada zərərə düşdünüz. Əvvəl tikdiniz, satdınız, camaat yerləşmədən də sökdünüz və oradakı əmlak sahiblərini başqa binalarda yerləşdirməli oldunuz. Maliyyə itkisi oldu?

- Xeyr, mən zərərə düşmədim, zərərə düşdüyümü bilsəydim, binanı sökməzdim. İş adamıyam, müəyyən planlarım var idi. Orada çox ev alan olmadı, bir neçə nəfər idi, onları da qarşılıqlı razılaşma əsasında mən başqa yerdə mənzillə təmin etdim.

- Belə başa düşdüm ki, Sizin birdən-birə ürəyiniz istəyib, tikintisini başa çatdırdığınız 18 mərtəbəli binanı sökmüsüz...

- Siz iş adamı olsaydınız, planlar qursaydınız, fərqli fikirləşərdiniz. Kommersiya məqsədli tikinti idi, söküntü də eyni məqsədli olub.

- Səmimiyyətinizə şübhə edirəm. O bina 4-5 il bundan əvvəl sökülüb. Əgər bu müddətdə onun yerində möhtəşəm bir hotel, ya biznes mərkəzi, ya da gəlir gətirəcək başqa bir "obyekt" olsaydı və iş qurulsaydı, heç sökməyinizin səbəbini soruşmazdım. Amma o yerdə bir iş görməmisiz.   

- Siz mənim nə planladığımı bilmirsiz axı. Hotel bilirsiz, nə qədər sərmayə və nə qədər müddət tələb edir?

- Yaxşı, hotel tikəcək qədər pulunuz yox idisə, niyə sökürdünüz? 

- Mən Sizə demədim ki, hotel tikmək planlaşdırıram, ya yox. Məni burada dolaşdırmaq istəyirsiz. Dedim, gələcək üçün planlarım var, ona görə sökmüşəm. Orada ortağım yoxdur ki, kiməsə hesabat verəm. Siz istəyirsiz ki, mən bütün kommersiya sirlərimi açam, planlarımı deyəm. Orada mənim iqtisadi maraqlarım var.

- İlham Qasımov deyir ki, ora sərmayə qoymamısız və özünün 75 faiz, Sizin isə 25 faizinə ortaq olduğunuz həmin binanın söküntüsü üçün dövlət 20 milyon manat kompensasiya nəzərdə tutub. Bildirir ki, hansısa səbəbdən kompensasiya binanın hüquqi sahibinə yox, bir dövlət məmuruna verilib, onu qardaşınız Nazim İbrahimov özü şəxsən alıb və cəmi 6 milyon manatını sizə verib. Pulu da qardaşınızın sürücüsü gətirib, qalan 14 milyonu isə qaytarmır. Bu dedikləri nə dərəcədə həqiqətdir? 

- İlhamın həmin tikintiyə aidiyyatı olmayıb. Mən şəxsi binamı sökdüyüm üçün dövlət mənə niyə 20 milyon manat kompensasiya verməliydi?

- Mən bilmirəm, sənədləri göstərmədiniz, bəlkə qanunsuz tikili olub, bəlkə Sizi cəzalandırmaq üçün belə ediblər... Mən haradan bilim? 

- Azərbaycanda dövlətin kiminsə binasını sökmək cəzası yoxdur, bunlar şər-böhtandır. Dövlətin binanı sökdürməsi və ya kompensasiya verməsi barədə deyilənlər mənə qəribə gəlir.

- Bəzən dövlət ehtiyacı üçün də torpaqlar alınır. 

- Bu torpaq dövlət ehtiyacı üçün verilməyib. Mənim binamı dövlət söksəydi və pulumu da verməsəydi, əlbəttə, onu istəyərdim. Olmayanı tələb edə bilmərəm.

- Qasımovdan sitat gətirirəm: "O vaxt Sahib dedi ki, gəl türklərə haqq verməyək, onları aldadaq, onlara "ataq"". Belə bir söz demisiz? 

- Türklərə mən haqq vermirdim, öz istəkləri ilə onlara pay bölgüsünü Taleh eləmişdi və dəfələrlə məktub göndərib ki, gəlib əmlakınızı götürün. Elə bir fikri olan adam bunu niyə eləsin ki? Mənim maraqlarım məhkəmə qərarı ilə təmin olunub. Orada artıq kim çox, kim az əmlak alacaq, əhəmiyyət daşımır. Veriləndən artıq almaq gücündə deyiləm. Türklərə müqaviləyə uyğun olaraq 11500 kvadrat metr verilib.

- Nə qədər sərmayə qoymuşdular?

- Deyilənə görə 3.5 milyon dollar və sərmayəni İlhamın "Real LTD" şirkətinin hesabına köçürmüşdülər. Sonradan İlham həmin vəsaiti özü inşaata qoyduğunu deyib, halbuki audit rəyində bu iddia öz təsdiqini tapmayıb. Türklərin qoyduqları sərmayə də ortada yoxdur. Fikrimcə, pulun hara köçürülməsinə baxmayaraq, onlara çatacaq mənzil payı verilməlidir.

II HİSSƏ

- Sahib müəllim, qəzetimizə verdiyi müsahibədə İlham Qasımov dedi ki, Siz "İmprotex Motors"la bir barter əməliyyatı aparmısız - əvvəlcə rəsmi qaydada başqasına 1.5 milyon manata satılan 300 kv. m qeyri-yaşayış sahəsini təzədən saxta satış sənədi ilə şirkətə verib, əvəzində 650 min manatlıq "Rolls Roys", 300 min manatlıq "Bentley" və biri 150, o biri 180 min manata 2 "BMW" avtomobili götürmüsüz. Doğru deyir? 

- "Rolls Roys" "İmprotex"ə, "Bentley" isə tamamilə başqa şirkətə aiddir. Bunların ikisini bir şirkətdən almaq mümkün deyil axı.

- "İmprotex Motors"la Sizin onlardan, onların Sizdən alış-verişiniz olub?

- "İmprotex"dən mən indiyə qədər çox maşın almışam. Azərbaycanda ilk "BMW" minənlərdən biri mənəm, həmişə də bir yox, bir neçə "BMW"m olub.

- Telefon söhbətimizdə dediniz ki, "bu il maşınlarımın hamısını təzələmişəm". "İmprotex"dən bu il "Rolls Roys" almısız? 

- Bu il yox. Bu il başqa maşınlarım var. Bu o deməkdir ki, mən tək "İmprotex"dən yox, başqa yerlərdən də almışam. Mənim maşınlarım ofisin qarşısında dayanır, iş adamıyam, özümə rəva görə bilərəm, nə istəsəm, alaram. Bir də ki, barter nədir? İbtidai icma quruluşunda yaşamırıq ki, barter edək?

- Yəni "Pulum var" deyirsiz... 

- Maşını satırlar, pulunu ödəyib alırıq. Məndə "Rolls Roys" da var, "Bentley" də, hələ başqa avtomobillər də.

- Keçmiş ortağınız deyir ki, şirkətin kassasından götürdüyünüz pullarla özünüzə, qardaşınıza 150 min manatlıq saatlar, kostyumlar almısız, Siz isə telefonda mənə qiyməti 150 min yox, 170 min manat dediniz.

- Ona nə aidiyyatı var mən qardaşıma saat almışam, ya almamışam? O, qaloşda gəzəndə mən dünyada sayılan maşınları minirdim. Onun hələ gəlib bu yerlərə çatması yaxın illərdə mümkün deyil. Özüm bilərəm, yaxşı geyinirəm, onunla əlaqəsi yoxdur. İnsan yaxşı geyinmək, yaxşı yaşamaq üçün işləyir. Hər kəs öz zövqünə görə geyinir.

- O deyir ki, Siz bütün bunları onun pulları ilə etmisiz. 

- Onun pulu varsa, gedib özünə mənim kimi "Rolls Roys", "Bentley", bahalı saatlar, geyimlər alsın. Pulu varsa, özünə xərcləsin, mənə niyə verir?

- Demir ki, özü Sizə verib, deyir oğurlamısız. 

- Heç vaxt heç kimin pulunu xərcləməmişəm, həmişə öz pulumu xərcləmişəm. Mən bir iş adamıyam və uzun illərdir kommersiya ilə məşğulam, şəhərdə də kifayət qədər tanınıram. Mən onun kassasından necə pul oğurlaya bilərəm? Dediklərinin hamısı onun əleyhinədir, istər "Sutikintisazlama", Bakı Əyləncə Mərkəzi, istərsə də "RRR" şirkəti olsun. Niyə demir: "Mən ortaqlarımı aldatmışam, fırıldaq qurmuşam, məhkəmələri uduzmuşam, icraçılardan qaçıb gizlənirəm, tapa bilmirlər".

- İlham Qasımov Məzahiri "içəri"dən çıxaracağını deyir. Deyir:  "Çıxaracam, Sahibi onun yerinə göndərəcəm". Qərarlı görünürdü. 

- İlham o pulları mənimsəməyibsə, bunu deməz. Yəqin düşünür ki, aldığı pulları geri qaytaracaq. İlham Qasımov nə qanundur, nə məhkəmə. Onu çıxarıb, məni tutduracağı barədə söylədikləri ümidsiz adamın sayıqlamalarıdır. Mənimsədiyi pullardan aparıb qaytarmalıdır ki, Məzahir azadlığa çıxsın. Onu eləməlidir, borcudur, çünki pulları o, mənimsəyib.

- Ortada dələduzluq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi var. Bundan çıxış edilsə, buraxılma ehtimalı varmı? O vəsaitlər qaytarılsa belə, cinayət varsa, məsuliyyət daşıyacaq adamlar da olacaq, elə deyilmi? 

- Bunu o deyib, mən demirəm. Camaatın evini necə 3 adama, 5 adama satıb pulu mənimsəyibsə eləcə də geri qaytarsın. Bir də ki, əgər direktor həbsdədirsə, onlar orada necə ev sata bilirlər? Belə çıxır ki, Siz oradan ev alsaydınız, bütün sənədləri İlham imzalayacaqdı. Olmayan evləri Sizə satmaq istəyiblər. Halbuki iş prokurorluqdadır. Alsaydınız, o evlərin 4-cü, 5-ci, bəlkə də 8-ci alıcısı olacaqdınız.

- Ortağınızdan sitat gətirirəm: "Sahib İbrahimov saxta möhürlə 200 mənzili oradan satıb". Ondan sonra isə deyir: "Tikintini təzəcə başlamışdıq ki, Sahib mənzilləri satmışdı. Yarıda xəbər tutduq ki, 100 ev və kassadan 8 milyon 250 min manat pul gedib". Sözündən belə çıxır ki, 100 ev satdığınızdan xəbərsiz olub, amma onun xəbəri olandan sonra da daha 100 mənzili qanunsuz satmısız. Belə çıxır ki, mənzilin 100-nü Siz satmısız, yarıda o xəbər tutub, bu dəfə qalan 100-nü də ya birlikdə satmısız, ya da Siz satmısız, o isə müşahidəçi olub.    

- Burada məntiq tapa bildinizmi?

- İndi bunu aydınlaşdırmağa çalışacam. Eyni mənzilləri fərqli adamlara təkrar Siz satmısız, yoxsa İlham Qasımov, ya da hər ikiniz birlikdə?   

- Mənim o mənzillərin satışından xəbərim yoxdur. Pay bölgüsünə baxsaq, orada 76 min kv.m mənzil var. 462 mənzildən ən azından 300-ü mənimdir. 48 mənzili Karl Marksdan köçürdüyüm adamlara vermişəm. Qalanını da kimə istəsəm devr edə bilərəm, hədiyyə verər, sataram. Eyni evi bir neçə nəfərə İlham Qasımov özü satıb. Özü deyir, bildik ki, satılıb, sonra bir də özümüz satmışıq. İkiqat satdıqlarını etiraf edir. İkinci satışda mən iştirakçı deyiləm axı.

- Deyir ki, Nazim İbrahimov işlərinizlə maraqlanır, tez-tez əlaqə yaradır, dəstək verirdi. İddiasına münasibətiniz necədir?

- Nazim İbrahimov bizneslə məşğul deyil. Mənim də kifayət qədər təcrübəm var, işlərimi özüm kontrol edə bilirəm. İlhamın bu işə aidiyyatı yoxdursa, Nazim müəllim onun işi ilə niyə maraqlanmalıdır ki?! Onun sözləri məntiqsizdir.

- O halda İlham Qasımov qardaşınızın adını niyə bu işlərə qatır?   

- O, prosesləri uduzub, cəmiyyətin fikrini dəyişmək üçün Nazim İbrahimovun adını bu işlərə qatır. Düşünür ki, onun adını çəksə, çox adam buna reaksiya verəcək. Hamı bilir ki, mən iş adamıyam, ortağımla münasibətimiz ikimizə aiddir. Amma Nazim İbrahimovun adını çəkməklə "dövlət məmuru bizneslə məşğul olur" fikrini qabartmağa çalışır.

- Ailənizə niyə pislik etmək istəsin ki? Bir qərəzi var?

- Bizim ortaqlığımız olub, amma razılaşmadığımız, mübahisəli məsələlərimiz də var. Ortaqlıqda problemimiz var deyə ailə üzvlərimə də böhtan atmağa çalışır. Mənim əmlakımı satıblar, ona görə diqqəti törətdiyi əməllərdən  yayındırmağa çalışır.

- Ortaqlığınız daha haralarda idi?

- Yalnız Bakı Əyləncə Mərkəzi və "RRR" şirkətində.

- Amma Bakı Əyləncə Mərkəzində onun haqqı olduğunu demədiniz. 

- Başlayanda notariusda sonradan pul qoymaqla bağlı imza atmışıq. Bu, artıq ortaqlıq anlaşmasıdır. Ortaqlıq anlayışı öncə danışıqdan başlayır. Sərmayə qoymaq sonrakı mərhələdir. "RRR" MTK-da da əmlakımız qanunsuz satılıb, onlardan hələ xəbərimiz yoxdur.

- "STS" şirkəti ilə bağlı da aydınlıq gətirməyinizi istəyirəm. İlham Qasımov deyir ki, mənzilləri həmin müəssisənin möhürü ilə satmısız. 

- Bizim şirkət vaxtilə Naxçıvanda qeydiyyata alınıb. Onun özünün də təsisçisi olduğu, Bakıda qeydiyyatdan keçən eyniadlı şirkəti var. Oxşar möhür onlarda da mövcuddur, həmin möhürü vurub yenə də evləri satırlar. Bilirdi ki, məndə belə bir şirkət var, o da açıb. Müsahibəsində Sizə deyir ki, Hacı İbrahim guya, Qasımova "bizim atamızın etmədiyini o, bizə edib" deyib. Düz deyir, atamız bizə heç vaxt pislik arzulamazdı. İlham Qasımov əmlakımızı satıb, indi də bizi şantaj etməklə məşğuldur. Onun bizə, mənim imicimə vurduğu ziyanı hələ heç kim vurmayıb. Hacı İbrahim İlhamla telefonla danışmır ki, üstəlik ona da o sözü desin.

- Qardaşlarınız, elə Nazim müəllim özü soruşmayıb ki, bu nə məsələdir mətbuata çıxıb? 

- Hər halda İlham bizi şantaj edib. Azərbaycanın hüquq normaları var. Biz də çalışarıq öyrənək görək bizi niyə şantaj edir, adından yalan sözlər danışır, imicinə zərbə vurur.

- Neyləmək istəyirsiz?

- Neyləmək istədiyimi demədim. Qanunlara baxmaq lazımdır, görək, bu, hüquq müstəvisində necə həll olunur? Hər kəs vəzifədə çalışan, dövlətə xidmət edən adamların adını boş yerə hallandırıb, onlara şər atarsa, bu nə olar?

- Telefonda ATV kanalının da bir müddət rəhbəri vəzifəsində işlədiyinizi dediniz. Kanalın ailənizə aid olduğunu deyirdilər. Sonra söhbətlər çıxdı ki, o da əlinizdən alınıb. Hər halda insan əmlakını könüllü verməz. 

- Azərbaycanda bir qrup adam var ki, belə işlərlə məşğuldur, kimsə nəyisə alıb-satanda onu "əlindən alındı" kimi qələmə verirlər. Kim aldı və niyə almalıdırlar? Heç kim almayıb.

- Hazırda hansı şirkətinizlə tikintilər aparırsız? 

- Bunu Sizə deməsəm, daha yaxşı olar.

- "Galaxy Palace" Sizə aiddir? 

- (tərəddüdlə) Sizlərə bu məlumatı verməyə bilərəm.

- Deməyə bilərsiz, sadəcə mən eşitmişəm ki, "Galaxy Palace" Sizindir və şəhərin mərkəzi yerlərində ev elanları satışlarında da şirkətin adına rast gəlmişəm.

- Ola bilər.

- Ola bilər ki, Sizin olsun?

- Yox, ola bilər ki, rast gələsiz, demədim ki, ola bilər mənim olsun.

- Sizindir, deyilmi?

- Sizə nə aidiyyatı var?

- Təsdiq etməsəniz də təkzib də etmirsiz. 

- Bunun bu işlərə aidiyyatı yoxdur.

Qeyd: Ofisi tərk edəndə cənab İbrahimov centlmenlik etdi, məni maşınla yola salacağını dedi. Dedim, "Rolls Roys"la gedərəm. Dedi ki, "Rolls Roys" hazırda başqa yerdədir. Dedim "bədə bəddə "Bentley" də olar". O da ofisin həyətində yoxmuş. "Onda "BMW" ilə getməkdənsə öz ayaqlarıma üstünlük verirəm", dedim...

Müsahibədə "İmprotex Motors"la bağlı sualın ikinci hissəsinə cavab verilmədiyindən, səhərisi gün cənab İbrahimovla bir daha telefonla əlaqə saxladım. Dedi: "Mən onların müştərisiyəm, onlar isə heç vaxt bizim müştərimiz olmayıb". Bəzi qəzetlərin bizim yazıya şərh verməsi və iş adamının ölkədən çıxması barədə cəfəngiyyatlara S.İbrahimov belə münasibət bildirdi: "Siz orada yazın ki, "mən danışdığım zaman ofisindəydi, heç yerə qaçmayıb". Boş-boş yazıblar, kimsə sensasiya axtarır, sizin müsahibəyə fikir bildirib, mənim də qaçdığımı yazıb özlərinin fantaziyalarını daha maraqlı etmək istəyiblər. Mən də daxil olmaqla İbrahimovlar ailəsindən heç kim hansısa qəzetə müsahibə verməyib ki, belə sözlər eşitsinlər. Əslində onların yazdıqları qərəzlidir".

H.HƏMİDOVA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar