AYRILMAQ ÜZRƏDİRLƏR - Formal siyasi blok dağılır?

Sərdar Cəlaloğlu: “Maddi imkanlarımız bərabər olmadığına görə seçkilərə birlikdə gedə bilmirik”

Uzun müddətdir “Qarabağ” siyasi blokunda birlikdə olan ADP ilə Ümid Partiyasının arasında bələdiyyə seçkilərində iştirak və digər məsələlərlə bağlı fikir ayrılığı yarandığı haqda xəbərlər yayılıb. Bildirilir ki, fikiq ayrılığı o həddə çatıb ki, hər iki partiya müttəfiqliyə son qoyub ayrılmaq üzrədirlər.

Yayılan məlumatla bağlı ADP sədri Sərdar Cəlaloğlu musavat.com- bildirib ki, Ümid Partiyası ilə ADP arasında heç bir fikir ayrılığı, ixtilaf yoxdur, müttəfiqlik davam edir. Onun sözlərinə görə, sadəcə olaraq, bələdiyyə seçkilərində Ümid Partiyası ilə birlikdə iştirak edə bilmirlər: “Görünür, kimlərsə, bunu ADP ilə Ümidin arasında fikir ayrılığının olması, müttəfiqliyin pozulması kimi başa düşüb. Ümid Partiyası ilə ADP-nin seçkidə birlikdə iştirak edə bilməməsi hansısa fikir ayrılığı ilə bağlı deyil. Yeganə səbəb partiyalarımızın maddi-texniki imkanlarının bərabər olmamasıdır. Seçkidə iştirak etmək üçün xeyli vəsait lazımdır. ADP-nin kifayət qədər maddi imkanı yoxdur. Ümid Partiyasının isə ADP-yə nisbətən maddi imkanı var. Ümid Partiyası hökumət tərəfindən maliyyələşir. ADP isə hökumətdən maliyyələşmir. Parlament təmsilçiliyi olduğu üçün Ümid Partiyası dövlət büdcəsindən vəsait alır. Seçkidə blok şəklində iştirak edəriksə, hər partiya vəsait xərcləməlidir. Biz isə maddi imkansızlıq ucbatından həmin vəsaiti verə bilmirik. Ona görə də seçkidə birlikdə iştirak edə bilmirik və Ümid Partiyasını tək buraxmağa məcburuq”.

ADP sədri qeyd etdi ki, müttəfiqi də bunu yaxşı başa düşür: “İqbal Ağazadə ilə bu barədə danışmışam, seçkilərdə partiya kimi iştirak edə bilməməyimizin səbəblərini demişəm. Məhz maddi imkansızlıqdan ADP seçkiyə partiya şəklində gedə bilmir. Üzvlərimiz fərdi şəkildə seçkiyə qatılacaqlar. Bizim Ümid Partiyası ilə bütün fikirlərimiz üst-üstə düşür. Biz Ümid Partiyası ilə birlikdə daha ciddi birliklərin yaradılması istiqamətində düşünürük. Bələdiyyə seçkilərində iştirakın vacibliyində, ölkədə seçkilərin demokratik prosedurlar kimi qorunmasının vacibliyində, Müsavat Partiyası ilə əməkdaşlıqda bizim bütün fikirlərimiz üst-üstə düşür”.

Qeyd edək ki, siyasi bloklar adətən seçkilərdə birgə iştirak üçün yaradılır. “Qarabağ” siyasi bloku nə prezident seçkilərində bunu reallaşdıra bildi, nə də belə görünür ki, bələdiyyə seçkilərində həyata keçirə biləcək. Bu baxımdan S.Cəlaloğlunun Ümid Partiyası ilə ADP arasında heç bir fikir ayrılığının olmamasına, müttəfiqliyin davam etməsinə dair sözləri inandırıcı görünmür. Əksinə, ADP dəhlizlərindəki söhbətlərə əsasən deyə bilərik ki, bu iki partiya arasında heç vaxt ciddi və səmimi bir müttəfiqlik olmayıb. Sadəcə, ADP sədri Sərdar Cəlaloğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə bəzi maraqlar müqabilində birgə hərəkət ediblər. Daha doğrusu, belə bir görüntü yardıblar.

Bu görüntünü davam etdirəcəklər, yoxsa ayrılacaqlar - bunu demək çətindir, zamanla görəcəyik. Ancaq bu birlikdəliyin və ayrılığın Azərbaycandakı ictimai-siyasi proseslərə zərrə qədər də təsirinin olmadığı və olmayacağı dəqiqdir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar