Qusar meşələrində polislə atışan vəhhabilərin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakinləri Radif Ağamuradov, Cavad Məhərov, Murad İsayev, Elxan İsrafilov, Elmar Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov və Osman Mustafayevin məhkəmə prosesi başlayır. Təqsirləndirilən şəxslər arasında “Xəttab” ləqəbli azyaşlı da var.

Prosesə hakim Əlövsət Osmanov sədrlik edir. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, istintaq yolu ilə müəyyən edilib ki, Radif Ağamuradov Qusar şəhərində İslam dininin “əhli-sünnə və əl-cəmaə” adlandırılan vəhhabilik təriqətinə mənsub dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu “Ömər” ləqəbli Faiq Şahmuradov, “Abu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə İslam dininin bəzi müddəalarına qəsdən yanlış şərh verərək valyutadəyişmə və digər biznes sahələrindən əldə edilən gəlirlərin guya haram olduğunu iddia ediblər. Buna görə də belə fəaliyyətlə məşgul olan şəxslərə basqın edib onların külli miqdarda əmlakını ələ keçirmək qərarına gəliblər.

Dəstə üzvləri bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Rusiyanın Dağıstan Respublikasında istintaqa məlum olmayan mənbədən, qanunsuz silah əldə edib Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər. Həmin silahları ötən il oktyabr ayının 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun (banda rəhbəri Faiq Şahmuradov və Ramiz Rəhimxanov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv ediliblər-red.) evində saxlayıblar.

Faiq Şahmuradovun planına əsasən Edik Rüstəmov oktyabrın 16-da səhər saat 7 radələrində Qusar şəhəri, Məlikov küçəsi, 69 saylı evin yaxınlığındakı valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib. Onun başına dəmir parçası ilə zərbələr vuraraq üzərində olan 6000 manatı ələ keçirib və pulu banda rəhbəri olan F.Şahmuradova verib.

Həmin gün Edik Rüstəmov Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırma aparılarkən E.Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini deyərək qaytarmaq adı ilə polis əməkdaşlarını aldadıb. İmkan tapıb banda rəhbəri F.Şahmuradovla mobil telefonla əlaqə saxlayıb. Onlar polis işçilərinə silahlı basqın edərək öldürülməsini razılaşdırıblar.

Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda gizlənmiş F.Şahmuradov, R.Ağamuradov, C.Məhərov və R.Rəhimxanov tapancalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər. Diğər üç polis əməkdaşını - Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimovu isə yaralayıblar.

Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun öz xidməti silahından açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov da yaralanıb.

Oktyabrın 23-də keçirilən əməliyyat tədbirləri zamanı bandanın rəhbəri F.Şahmuradov və dəstə üzvü R.Rəhimxanov DİN və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib. Edik Rüstəmov Qusar şəhəri, K.Kərimov küçəsinəki 21 saylı sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayaraq polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb.

Bundan başqa Cavad Məhərov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri dəstə rəhbərinin göstərişi ilə 13 avqust, 2013-cü ildə Qabil Həbibovun yaşadığı Qusar şəhəri, Q.Əliyev küçəsi, 43 saylı evin həyətinə daxil olaraq axtarış aparıblar, “Tukson” markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.

İstintaqa materiallarından aydın olur ki, F.Şahmuradovun göstərişləri əsasında “Qayıbulaq” istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu “əhli-sünnə və əl-cəmaə” dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədilə C.Məhərov və Ş.Qadaşovla birlikdə sentyabrın 4-ü saat 21 radələrində zərərçəkənin yaşadığı N.Həbibov küçəsindəki 26 saylı evi qarət ediblər. Ümümilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dağıstanın Dərbənd şəhərində satıb, əldə edilən pulları banda üzvləri arasında bölüşdürüblər.

“Cəbrayıl” dini ləqəbi ilə tanınan Murad İsayev 2013-cü ilin iyun-avqust aylarında bandanın üzvü, “Abdulxaliq” ləqəbli Elxan İsrafilovla birlikdə Suriyada gedən döyüşlərdə iştirak edəndən sonra Azərbaycana qayıdıb. İslam dininin bəzi müddəalarını qəsdən yanlış şərh edib. Hətta yetkinlik yaşına çatmayan, “Xəttab” dini ləqəbli Bağır Azayevi dəstəyə cəlb edərək dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə cənnətə gedəcəyi vədi ilə aldadıb.

Təqsirləndirilən şəxs Radif Ağamuradov istintaqa verdiyi ifadəsində dini əqidəsinə görə vəhhabi kimi tanınan “əhli-sünnə və əl-cəmaə” təriqətinin sələfi qoluna aid olmaqla vaxtaşırı namaz qılıb oruc tutduğunu, Qusar şəhərində əsasən sələfi təriqətinə aid olan şəxslərlə tez-tez görüşüb dini mövzularda söhbət apardıqlarını göstərib: “Ən çox Suriyada gedən döyüşlər, cihad barədə söhbətlərimiz olurdu. Ən çox sözü keçən Faiq 2013 cü il oktyabr ayının əvvəllərində Suriyaya gedib din qardaşlarımıza döyüşlərdə kömək etməyi məsləhət görmüşdü. Bunun üçün pul olmadığına görə Faiq mənə, Ramizə və Edikə valyutadəyişən və üstündə çoxlu pul olan Sadirə basqın etməyi tapşırmışdı.

Bu iş əslində günah olduğu üçün bunu başqa din qardaşlarımızdan xəlvət etməyi qərara aldıq. Sadirin evinə yaxın yaşayan Edik bu işi gördü və əldə etdiyi pulun hamısını Faiqə verdi. Həmin gün Ediki polislər tutub şöbəyə apardılar. Faiq Ediki polisdən qurtarmaq lazım olduğunu, bununla bağlı verəcəyi tapşırıqları icra etməyimi tapşırdı. Həmin gün saat 20:30 radələrində Faiq zəng vurub polisləri güllələdiklərini, atışmada Qalibi, Mövludu, Cəmili, Məhəmmədi vurduqlarını dedi.

Bir qədər sonra Şamil bizə gəlib Faiqgilin məni meşənin girəcəyində gözlədiklərini dedi. Həmin vaxt Edik ayağından yaralanmışdı, onun ayağını ağac budaqları ilə bağlayıb Şəmsibalanın qardaşının boş evinə qoyacaqdılar. Faiq mənə Ediki gizlətməyə etibarlı yer tapmağı tapşırdı, Edikin tapançasını saxlamaq üçün mənə verdi.

Oktyabrın 19-da evin qarşısında polis maşınları olduğunu görüb meşəyə qaçdım. İki-üç ay Gədəzeyxur kəndində nənəmin evində qaldım. Pulum qurtarmışdı. Tutulacağımdam qorxub Qusara, Şamilin iş yerinə gəldim. Şamil mənə ərzaq, pul, mobil telefon verdi. Qubanın Qəçrəş kəndinin yaxınlığında özümə meşədə yer seçib orada qaldım. Gizləndiyim yeri Şamilə də göstərmişdim. Vaxtaşırı mənə ərzaq gətirirdi. Bu ilin avqust ayında Şamil Tərlanla birlikdə mənim yanıma gələndə polis bizi tutdu. Yaşadığım evdən aşkar edilən tapança Edikə məxsus olub.

Cavadla tez-tez Dağıstana gedib-gəlirdik. Məqsədimiz orada yaşayan din qardaşlarımızın ayrı-ayrı mübahisəli məsələlərinin həllində kömək etmək olub, silah-sursat gətirməmişik. Faiqgildə olan silahların haradan, nə vaxt gətirilməsindən xəbərim yoxdur. Axtarışda olduğum müddətdə Şamil və Tərlandan başqa heç kimlə görüşüm olmayıb. Şamil və Tərlanda aşkar edilən silah-sursatın mənbəyindən məlumatım yoxdur”.

İş üzrə təqsirləndirilən azyaşlı -“Xəttab” ləqəbli Bağır Azayev ifadəsində 1998-ci ildə Qusar rayonunun Avaran kəndində anadan olduğunu, uşaq ikən valideynlərinin boşandığını,bacısı ilə birlikdə anasının himayəsi altında yaşadığını göstərib: “Bacılarımın biri molla Əzizin gəlinidir. Yeznəm Cəmil (digər təqsirləndirilən Cavad Məhərovun qardaşını nəzərdə tutur-red.) mənə namaz qılmağı öyrətmişdi və mənə “Xəttab” dini ləqəbini vermişdi. 2013-cü ilin fevral ayında Cəmil Suriyada həlak oldu.

Qusarda yerləşən parkda çaypaylayan işləyirdim. Orada işləyən zaman “Cəbrayıl” ləqəbli Murad və “Abdulxaliq” ləqəbli Elxanla tanış olmuşdum. Onlar mənə Suriyada olduqlarını, orada kef çəkdiklərini, silah verilmədiyinə görə döyüşdə olmadıqlarını, bomba hazırlamağı öyrəndiklərini dedilər.

Bir gün Elxan mənə bomba hazırlamaq lazım olduğunu, bunun üçün yer olmadığını, bizdə hazırlamaq istədiyini təklif etdi. Mən də razılaşdım. Növbəti gün Muradla Elxanı evimizə apardım. Onlar özləri ilə şəkər tozu və selitra deyilən ağ maddə gətirdilər. Həyətdə kiçik qaz balonunun üstündə bir qazanda selitranı od üstündə qaynadıb içinə şəkər tozu tökərək “şokolad” dedikləri palçıq kimi bir şey alındı. Sellofan torbaya yığıb getdilər.

Bir dəfə isə dekabrın 25-də Elxanın tapşırığı ilə gecə evə getmədim. Onun göstərişi ilə gecə avtovağzalın giriş hissəsində, taksilərin dayandığı yerə gedib gözlədim. Ətrafda heç kim yox idi. Bir qədər sonra Elxanla Murad gəldilər. Muradgil avtomaşın ehtiyat hissələri satılan mağazanın qapısını sındırıb içəri girdilər. Oradan çıxıb çay istiqamətində getdilər. Murad mənə yaxınlaşıb evə getməyi tapşırdı. Ertəsi gün onlardan mağazadan nə apardıqlarını soruşdum, Elxan söhbətin bağlandığını, bu barədə başqa zaman danışacaqlarını dedi.

Dekabrın 31-də evdə yatarkən Elxan tanımadığım nömrədən zəng vurub “Muradı tutublar, məni də tutmaq istəyirlər, tez Qusara mənim yanıma gəl, telefonda deyə bilmədiyim sözlərim var” dedi.

Anamdan xəbərsiz evdən çıxıb piyada yolla Qusar şəhərinə Elxangilin evinin qabağına getdim. Bu zaman polis işçiləri məni tutub polis şöbəsinə apardılar”.

Təqsirləndirilən “Cəbrayıl” ləqəbli Murad İsayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2013-cü ilin iyun ayında “Suriyada kafirlərin zülmündən əziyyət çəkən din qardaşlarına yardım etmək üçün” ora getdiyini, “Abdulxaliq” ləqəbli Elxanla orada görüşdüklərini, döyüş bölgəsinə çata bilməyib avqust ayında Qusara qayıtdıqlarını, Qusarda oturub-durduğu şəxslərin “Abdulxalıq”la “Xəttab” olduğunu göstərib: “Bir neçə dəfə məndən Qusarda hər hansı bir hadisə olacağı təqdirdə onlarla birlikdə hərəkət edib-etməyəcəyimi soruşdular. Onların dediklərindən bir müddət əvvəl Qusarda polis əməkdaşlarına qarşı törədilmiş hadisələrə oxşar hadisələri nəzərdə tutduqlarını anladım. Buna görə də razılaşmadım.

Evimizdən aşkar edilmiş əl qumbaralarından xəbərim yoxdur, heç vaxt odlu silah, döyüş sursatı əldə etməmişəm, saxlamamışam”.

Zərərçəkmiş Tünzalə Quliyeva istintaqa verdiyi ifadəsində Qalib Quliyevlə 1999-cu ildə ailə qurduqlarını, birgə nikahdan iki övladlarının olduğunu göstərib. Onun sözlərinə görə, Qusar Rayon Polis Şöbəsində mayor rütbəsində xidmətdə olan əri Qalib oktyabrın 16-da cinayətkarların yaxalanması üçün keçirilən əməliyyat tədbiri zaman aldığı güllə yarasından ölməsi barədə onlara məlumat verilib. Ertəsi günlərdə ərinin vəhhabi təriqətli şəxslər tərəfindən öldürüldüyünü eşidib.

Zərərçəkmiş Mövlud Əliyev 1996-cı ildən Qusar Rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə xidmət etdiyini, 2000-ci ildən cinayət-axtarış bölməsinin rəisi vəzifəsində işlədiyini göstərib:“Sadir Mustafayevə basqında onun vəhhabi təriqətinə mənsub olan oğlu Sahil digər vəhhabi dostu Edikdən şübhələnmişdi. Çünki hadisədən iki-üç ay əvvəl Edik ona atasının haram pul qazandığını, bu səbəbdən kafir olduğu üçün basqın edilib pullarının əlindən alınmalı olduğunu deyibmiş. Bu hadisədə Ediklə daha çox yaxınlıq edən vəhhabilərdən “Ömər” ləqəbli Faiqin, “Abu Hanifə” ləqəbli Ramizin də bu işdə əlinin olmasından şübhələnmişdi.

Edik əvvəlcə hadisədən xəbərsiz olduğunu dedi, sonra etiraf etdi və pulları dostlarının vasitəsilə gizlətdiyini, geri qaytarmağa hazır olduğunu dedi. Basqında molla Əzizin oğlu Cavadın, Rükməddinin oğlu Radifin də iştirakı, dəstəyə Faiqin rəhbərlik etməsi barədə məlumat əldə edildi.

Pulları götürmək üçün əməliyyat müvəkkili Cəmil Nəsibov Ediki maşınla evlərinə apardı. Təhlükəsizlik məqsədi ilə Qalib və mən Ceyhun Osmanovun idarə etdiyi maşınla telefon əlaqəsi saxlamaqla onları təqib etdik. Edik maşından düşüb evə girdi, tez də çıxıb maşına əyləşdi. Cəmil maşını Faiqgilin evinin arxasına sürdü. Faiqlə Ramiz maşının arxa oturacağında əyləşdilər. Cəmil maşını meşənin içinə doğru sürdü. Faiqlə Ramiz meşəyə girib 4-5 dəqiqədən sonra qayıdaraq maşına mindilər.

Cəmil maşını geri hərləyib “Fialka” restoranı tərəfə qayıtdı. Avtoyuma məntəqəsinin qarşısında maşından düşüb təkərə baxanda Məhəmməd və Cəmil sol, Qaliblə mən isə sağ tərəfdən maşının qapılarını açıb onları düşürmək istədik. Qalib qapını açan kimi Faiq atəş açdı. Qalibi tutmaq istəyəndə dalbadal atəş açıldı. Sağ çiynimə güllə dəydiyini hiss etdim. Ceyhun güllə atanlardan birini ayağından vurduğunu dedi. Qalib arxası üstə hərəkətsiz qalmışdı. Köməkləşib xəstəxanaya apardıqda keçindiyini gördük”.

Zərərçəkmişin sölərinə görə, dəstə üzvləri Suriyaya getmək, orada vəhhabilərin tərəfində döyüşmək üçün çalışıblar. Əməliyyat qrupuna atəş açmaqda dəstənin məqsədi onları öldürmək, Ediki aradan çıxarmaq, Sadır Mustafayevə qarşı quldurluğu ört-basdır etmək, sonra da meşə ilə dağa qalxıb Azərbaycan sərhəddindən Rusiyaya keçmək olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar