“SEÇKİNİ MÜTƏŞƏKKİL CİNAYƏTKAR DƏSTƏ KEÇİRDİ” – “Ədalət”dən ŞOK ittihamlar

“Təşviqat kampaniyası dövründə Prezident və ailəsi təhdid olundu”

AzPolitika.info Ədalət Partiyasının MNTK sədri Ayaz Əfəndiyevin müsahibəsini təqdim edir.

- Ayaz bəy, son prezident seçkilərində “Ədalət” partiyasının namizədi İlyas İsmayılov bir faiz ətrafında səs topladı. Lakin “Ədalət” partiyası həm prezident İlham Əliyevin qələbəsini etiraf etdi, həm də seçkilərin nəticələrini saxta elan etdi. Bu təzadlı yanaşma nə ilə bağlıdır?

- Əvvəla, qeyd etmək istəyirəm ki, İlyas İsmayılov tək “Ədalət” partiyasının yox, eyni zamanda, “Yaşıllar” və “İslam” partiyalarının da namizədi idi. Həm bizim partiyanın, həm də müttəfiqlərimizin çoxsaylı üzvlərinin mövcudluğunu və cəmiyyətdə olan nüfuzlarımızı nəzərə alsaq, seçkilərin yekun nəticələri bizlərə əsas verdi ki, bu seçkiləri, digər seçkilər kimi saxtalaşdırılmış hesab edək.

Bu seçkilərin ənənəvi şəkildə, saxtakarlıqla keçiriləcəyi bizdə şübhə doğurmurdu, çünki nə MSK-nın formalaşması, nə seçki qanununun təkmilləşdirilməsi, nə namizədlərin qeydə alınması, nə ümümiyyətlə, demokratik ab-hava yaradılması baş vermədi. Əksinə, uzun müddət Azərbaycanda Prezident Administrasiyasında məskunlaşmış, ağına-bozuna baxmadan hərc-mərclik edən mütəşəkkil cinayət qruplaşması tərəfindən keçirildi bu “seckilər”.

Özünüz fikirləşin, “Ədalət” partiyası müttəfiqləri ilə birlikdə on gün içərisində imza toplayıb qeydiyyata təqdim edir, Ramiz Mehdiyevin “parnikinin” məhsulu olan Zahid Oruc isə qısa bir zamanda MSK-da ön sıralarda qeydiyyatdan keçirilir. Bütün seçki kampaniyasını sırf İlham Əliyevə məddahlıq və Cəmil Həsənlini aşağılamaq üzərində quran Zahid Oruc fundamental çıxışlar edənlərdən çox səs “toplayır”. Bu adamın “seçiciləri” İlham Əliyevin seçiciləridisə, onda buna kimlər səs verib?

Yanaşmamızda təzadlı hal görmürəm, çünki İlham Əliyevin seçki resursları, onun xeyirinə olan cəmiyyətdəki “yaxşı rəhbər, pis məmurlar” anlayışının hələ mövcud olduğu, iqtidar tərəfindən idarə olunan və xalq tərəfindən qəbul olunmayan “sistem daxili müxalifətin” mövcudluğu Prezidentin qələbəsinin təminatı idi. Sadəcə elan olunan rəqəmlərlə yox.

- Niyə onda hakimiyyət siz dediyiniz kimi, saxtakarlığa getdi, Prezident İlham Əliyevin nüfuzu ola-ola onun qələbəsinə kölgə salan nəticələri elan etdi? Bununla yanaşı, sizlər seçkilərin demokratik keçirilməyəcəyini öncədən bilib bu seçimlərə niyə qatıldınız?

- Hakimiyyət görsəndiyi kimi monolit deyil. Rəhmətlik Heydər Əliyev dönəmindən qalan, müxtəlif inzibati strukturlarda öz adamlarını yerləşdirən, cox böyük miqdarda maliyyə sərvətlərinə sahib olan, iqtisadiyyatın əsaslı həcmini inhisarçılıqda saxlayan, çoxsaylı cinayətkar dəstələrə rəhbərlik edən, ictimai-siyasi həyatı nəzarətdə saxlayan, əlləri bir cox fərqli cinayətlərə bulaşmış mütəşəkkil dəstə mövcuddur. Bu dəstə öz varlıqlarını qorumaq ücün, talançılığı davam etmək ücün prezidentlə cəmiyyət arasında uçurum yaratmaqda maraqlıdır. Hətta prezidentin sərəncamlarının belə icrasını əngəlləyir bu örgüt. Məsələn, 1999-cu ildə qəbul olunmuş “Məcburi tibbi sığorta haqqında” qanun və 2005-ci ildə “Deklorasiya haqqinda” Prezidentin fərmanları var. Amma bu fərmanlar indiyə kimi icra olunmur. Bir cox fərmanların aqibəti eynıdır – kagız üstündə qalıb icra olunmur. Korrupsiyaya qarşı Prezidentin bir çox fərmanları var. İndi baxın görün korrupsiyayla bağlı yaradılan dovlət komissiyasında və Baş prokurorluqda korrupsiyayla mübarizə qurumunda kimlər yer alıb, kimlər ona rəhbərlik edir. İlk öncə bu adamlar özləri və mütləq ailə üzvləri deklorasiya verməlidirlər, veriblərmi?

Bu dəstənin nəzarəti altında keçirilən “seçki” sırf onların maraqlarına xıdmət etdi. Təşviqat zamanı Prezident və ailə üzvləri təhdid edildi, elan olunan “nəticələr” cəmiyyətdə Prezidentə qarşı inamsızlıq yaratdı. Uduzan dövlətimizin maraqları, Prezident, cəmiyyətimiz oldu, örgüt isə öz varlığını qoruyub mövqelərini möhkəmləndirdi.

Seçkilərin aqibəti bizlərə öncədən məlum idi. Çünki beynəlxalq müstəmləkəçi qüvvələr həll edir seçkilərin taleyini. Biz ona görə seçkilərə qatıldıq ki, başda Amerika, İngiltərə, Fransa, İsrayıl olan Qərb sivilizasiyasının məmləkətimizdə “demokratiya, insan azadlıqları” axtarışlarının gerçək mahiyyətini anladaq. Rəsmən ərazi bütövlüyümüzü tanımayanlardan, sərvətlərimizi talayanlardan, resurslarımız hesabına və milli xainlərimizin dəstəyi ilə Gürcüstanı və Ermənistanı maliyyələşdirənlərdən, korrupsiyanın çiçəklənməsində maraqlı olanlardan, adət-ənənələrimizi dağıdanlardan imdad diləmək əbləhlikdir. Onları bizdə demokratiyanın çiçəklənməsi yox, bizləri müstəmləkə halına salmaq düşündürür.

Bununla yanaşı, seçkilər və onun nəticələri ortaya aydın şəkildə parlamentdə hansı partiyaların müstəqil və müxalifyönümlü olduğunu açıq ortaya qoydu. Parlaq keçmişini indiki durumuna dəyişən Fərəc Quliyevin, hörmətli qurumun əl-altısı olan İqbal Agazadənin, sionist İsrailin maraqlarına xidmət edən Asim Mollazadənin gerçəkliklərini gostərdi. Bədxahların ucuz təşviqatına baxmayaraq, bəlli oldu ki, parlamentdə müstəqil bir “Ədalət” partiyası var, bir də Fazil Qəzənfəroğlunun rəhbərlik etdiyi “Böyük Quruluş” partiyası. Hakimiyyətdəkilər isə nəzarətlərində olan siyasilərə yüksək faiz yazmaqla indidən parlament seckilərinin konturlarını cızırlar.

- Amerika, İngiltərə, Avropanın önəmli qurumları seçkilərin ədalətli keçirilmədiyini və demokratiyaya sadiq olduqlarını bəyan etdilər....

- Bunu ciddiyə almaq olmaz. Nəticələri tanımayanlar konkret addımlar atardılar – Azərbaycanda hakimiyyətin qəsb olunması ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırıb əsaslı tədbirlər görərdilər. Bir tərəfdən sadaladığınız bəyanatları verirlər, digər tərəfdən bütün öndə olan dövlət başçıları təbriklər göndərdilər. İngiltərə Baş nazirinin Prezidentə ünvanladığı məktuba və Amerika səfirinin açıqlamalarına baxa bilərsiniz. Bu kimi bəyanatların hədəfləri başqadır. Bir tərəfdən içərimizdə olan öz xəfiyyələrinə təsəlli verirlər, onların təşviqatlarına dəstək olurlar; diqər tərəfdən iqtidara təzyiq edirlər ki, Qarabağ məsələsində boş bəyanatlardan artıq hərəkət olmasın, Türkiyəylə məsafəli davranılsın, Rusiya və İrana düşmən mövqe sərgilənsin, Ermənistanla Gürcüstan iqdisadi cəhətdən bizim hesabımıza dəstəklənsin, neft-qaz sərvətlərimiz onlara bəxş olunsun - yəni Qərbin mövqeləri və maraqları üstünlük təşkil etsin. Ümümilikdə, bizim iqtidarın yürütdüyü siyasət Qərbi qane edir.

- İndiki açıqlamalarınız və seçki təşviqatı zamanı sərgilədiyiniz mövqe “Ədalət” partiyasının Rusiya və İranın maraqlarına xidmət etdiyini bəyan edənləri haqlı göstərmirmi? Anti-Qərb mövqeyinizi nə ilə izah edə bilərsiniz?

- Biz bu kimi qarayaxmalara artıq vərdiş etmişik. Bir zamanlar bu kimi ittihamları bizlərə qarşı Musavat partiyasının rəhbərliyi və “Yeni Musavat” qəzeti yağdırırdı. Bir vaxt keçəndən sonra Allah(c.c) bizlərə yaxdıqları iftiraları özlərinə qaytardı. Rəhmətlik Heydər Əliyev İsa Qəmbərin rəhmətlik atasının dosyesini mətbuatda işıqlandıranda və elan edəndə ki, onun özünün dosyesini açıqlaya bilər, bu kimi qarayaxma kampaniyası bizlərə qarşı səngidi. Son seçkilər zamanı digər namizəd Fərəc Quliyev də durduğu yerdə bizləri İran və Rusiyapərəstlikdə ittiham etməyə cəhd etdi və başladi İsrailə öz sevgisini bildirməyə. Amma bunu biz ciddi qəbul etmədik, çünki bizlər yox, onu himayə edənlər Azərbaycana Rusiyanın çətiri altına keçməyi təklif edir.

Bizim mövqeyimiz antiqərb deyil. Biz sadəcə həqiqəti söyləməyə üstünlük veririk, qrantlar müqabilində yalanlar yox. Biz deyirik ki, Amerika, Fransa, İngiltərə bizim ərazi bütövlüyümüzü BMT-də səsvermə zamanı rəsmən tanımayıb. Gedin araşdırın və soruşun niyə. Biz deyirik ki, başda Qərb dövlətləri olaraq anti-İslam mövqedən çıxış edərək BMT-nin 4 qətnaməsinin icrası bilərəkdən əngəllənir. Biz deyirik ki, sərvətlərimiz Qərb tərəfindən talan olunur. Dildə şəffaflıq tərəfdarı olan Qərbdən soruşun niyə neft-qaz kontraktları elan olunmur ki, cəmiyyət onlarla tanış olsun və incələsin. Yəni qapalıdır ictimayyət ücün bu kontrakların mahiyyəti. Soruşun nə qədər vergi ödəyirlər sərvətlərimizin talan edilməsindən, qoy rəqəmləri açıqlasınlar. Biz deyirik ki, Qərbin təzyiqi nəticəsində, bizim hesabımıza Gürcüstan və Ermənistan maliyyələşir və bu rəqəmlər gizli saxlanılır. Araşdırın və görün Gürcüstan nə qədər Ermənistana neft məsulları göndərir. Ermənistanın rəsmi statistikasına baxanda elə təsəvvür yaranır ki, Gürcüstan neft məkanıdır. Mən bütün jurnalist cameəsini bu suallara cavab tapmağa dəvət edirəm.

Müxtəlif məmləkətləri öz maraqları naminə dağıdan, Misirdəki kimi demokratik yolla seçilmiş prezident Mursini İsrail maraqları naminə devirən Qərb, niyə bizləri öz dədə-baba yurdlarımızı terrorçu-separatçıların əllərindən savaş yoluyla qurtarmağa əngəl olub təhdid edir? Niyə iman əhlinin turmələrə doldurulmasına göz yumub üzdəniraqların müdafiəsinə qalxır? Niyə dəqiq elmimizin inkişafının qarşısını alıb gələcək potensialımızı bitirir? Niyə korrupsiyanın çiçəklənməsinə rəvac verir? Bəyəm bizlərdən oğurlanan vəsaitlər onların nəzərətində deyil? Korrupsiyayla mübarizə aparan beynəlxalq qurumlar var. Nə ehtiyac var hər hansı Qərb mətbuatında İlham Əliyevın əleyhinə yazı yazdırmağa, korrupsioner məmurların və onların ailə üzvlərinə məxsus hesabları həbs edin və Azərbaycan xalqına qaytarın. Edərlərmi? Biz deyirik ki, Azərbaycanda demokratiyanı öz maddi və digər maraqlarımız naminə qurban verməyin. Axı Qərb özünü dünyada demokratiyanın, insan haqlarının müdafiəçisi kimi elan edib. Bəs nə oldu “yeganə super güc olan” Qərb korrupsioner Azərbaycan məmurunun əlində aciz qaldı, gerçəkdən onu bəşəri qanunlara riayət etməyə məcbur edə bilmədi? Sadaladığım suallara cavabları siz tapın, bizlərə onlar məlumdur.

Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın beynalxalq aləmdə yeganə dostu, qardaşı Türkiyədir. Qonşu dövlətlərlə də münasibətimiz, təcavüzkar Ermənistanı çıxmaq şərtiylə, qarşılıqlı hörmət, fayda, təhlükəsizlik üzərində qurulmalıdır. Niyə hörmətli Əli Kərimli Rusiya mətbuatına verdiyi müsahibədə Rusiyanın varlığını, haqlı olaraq, önəmsəyəndə bunun adı siyasət olur, bizlərin, Rusiyanın azərbaycanlılar üçün hərtərəfli baxımdan maraqlı ölkə olduğunu bəyan etməyimiz milli satqınlıq? Bu nə məntiqdir? Deməli, qərəz var. Biz nə etməliyik, kimlərinsə maraqları naminə, kimlərəsə yarınmaq, hakimiyyətə gəlmək ücün dəstək ummaq məqsədi ilə Rusiyanı və İranı düşmən elan etməliyik?

- Rusiyada soydaşlarımıza qarşı olan kampaniyanı bəs onda nə ilə izah edə bilərsiniz? Bir qism azərbaycanlıların “çörək ağacı olan” Pokrov bazasının qapadılması sizcə nəyin təzəhürüdür?

- Bəllidir ki, Rusiyanın iqtisadiyyatının müxtəlif sektorlarının əhəmiyyətli hissəsi yəhudilərlə ermənilərin nəzarətindədir, cünki bizim iş adamlarımızdan fərqli olaraq onlar öz dövlətləri tərəfindən hərtərəfli dəstək görürlər. Bu hal sadə rusların etirazına səbəb olur. Rusların qinağını özlərindən yayındırmaq üçün yəhudi və erməni icmaları rusların bəlalarının səbəbkarı kimi müsəlmanları qələmə verirlər. Nəzərətlərində olan siyasətçilər, jurnalistlər, politoloqlar vasitəsiylə bu rəyi formalaşdırmağa müvəffəq olurlar.

Moskvadakı Pokrov bazasının aqibəti eyni Çerkiz bazarının aqibəti kimidir – başqalarının əmlakını inzibati yollarla mənimsəyib, qısa müddətdə iş adamına çevrilən İlham Rəhimovun qruplaşmasının fəaliyyətinin nəticəsidir.

- Siz “sistem daxili” müxalifətdən söz açdınız. Bunun mahiyyətini, konturlarını və fəaliyyətini açıqlaya bilərsinizmi?

- Həm beynəlxalq müstəmləkəçi qüvvələrə, həm hakimiyyəti qəsb etmiş qruplaşmaya mövcud ictimai-siyasi status-kvonu saxlamaq olduqca vacibdir. İctimai-siyasi prosesləri nəzarətdə saxlamaq ücün bəlli mətbut orqanları hərtərəfli həm xaricdən, həm də daxildən dəstəklənir. Bəlli olan siyasilərdən radikal, barışmaz obraz yaradılır ki, etiraz edə biləcək kəsim onların ətrafına toplaşdırılıb nəzərətdə saxlanılsın. Məsələn, 1998-ci ildə real imkan var idi rejimdən qurtulmağa. Sadəcə rəhmətlik Əbulfəz Elcibəyi prezidentliyə vahid namizəd kimi irəli sürmək lazım idi. İlyas İsmayılov və Lalə Şövkət Elcibəyin namizədliyini dəstəklədilər, amma bu gün onun məzarının önündə özlərini onun yolçusu adlandıranlar yox. Kimə xidmət etmiş oldular – cavabını özünüz tapın. Həmin 1998-ci ildəki möhtəşəm icazəsiz mitinq Amerika səfirinin bəzi müxalifət rəhbərləriylə görüşündən sonra bilərəkdən durduruldu. Bunlar o müxalifət rəhbərləri idilər ki, özlərini sinələrinə döyərək “yegənə real muxalifət” adlandırırlar. 2003-cü ildə həmin adamlar ənənəvi olaraq özləri evdə oturub, milləti qırğına sürükləyərək düz 2013-cü ilə qədər siyasi həyatda sükutu təmin etdilər. Siyasi qüvvələrin bir qismi çətinliklə Milli Şuranı yaratdılar. Yaranan gündən həmin adamlar bu qurumun fəaliyyətinə əngəl olmağa çalışdılar. Bu günlərdə, onlardan fərqli olaraq, vicdanından savayı hər şeydən məhrum olan Lalə xanımı da təhqir edərək bu qurumdan uzaqlaşdırdılar. Və bu kimi halları çox göstərmək olar. Bu adamların əsas hədəfi, xarici və daxili havadarlarının maraqlarına uyğun olaraq, maddi imtiyazlar muqabilində rejimə qarşı ola biləcək qüvvələrin vahid mərkəzdə toplaşmasının önünü almaqdır. Özünüz müqayisə edin, Əvəz Zeynallı, Pərviz Həşimli və digər qeyri-qanuni həbslərdə olan jurnalistlərin durumunu və Rauf Arifoğlunun firavan həyatını. Hüquqşunas Qurban Məmmədovun aqibətini və digər “tanınmış hüquqşunasların” həyat tərzini. Necə olur ki, hakimiyyətə qarşı olan siyasilər türmələrə doldurulur, bunlarsa iqtidarın “yeganə rəqibləri” ola-ola imtiyazlar içində yaşayırlar? Deməli, ortada gizli sövdələşmə var.

- Sizləri də hakimiyyətə işləməkdə suçlayanlar oldu. Məsələn, tanınmış hüquqşünas Aslan İsmayılov İlyas İsmayılovu seçkilərdə Milli Şuranın nəmizədi Cəmil Həsənlidən islamçıların səslərini qoparmaqda ittiham etdi.

- Əvvəla, “İslam” partiyasında toplaşan insanlar yetgin, haqqı nahaqdan ayırd edə biləcək adamlardır, asan idarə olunan toplum yox. Qərarlarını da Şuraları səviyyəsində verdilər. “Ədalət” partiyasında Azərbaycanda mövcud olan bütün dini məzhəblərdən olan üzvlər var. “İslam” və “Yaşıllar” partiyaları da bizim kimi demokratik Azərbaycan uğrunda mübarizə aparırlar. Sadəcə mübarizəmiz Amerika və İsrail maraqları naminə yox, xalqımızın maraqları naminədir. Kimsə bizlərdən savayı Qarabağda savaş arzulayır? Müstəmləkəçi qüvvələrin əsarətində olduğumuzu deyir? Neft-qaz sərvətlərimizin talanmasını, korrupsiyadan yığılmış pulların Qərbin, yəhudi lobbisinin nəzarətində olan banklarda yerləşdirilməsini deyir? Adət-ənənələrimizin təcavüzə məruz qalmasını deyir? Bunlar deyirlər “İlham Əliyev, İlham Əliyev”. Bəyəm İlham Əliyevin arxasında duran Qərb və İsrail deyil?

Bizlər hakimiyyətin oyunçusu olsaydıq, seçki saxtakarlığı ilə bağlı digərləri kimi “muxalif” mövqe sərgiləyərdik, bəlli olan bəyanatımızı verməzdik. Bizlərə də yüksək faizlər yazıb “ana müxalifət” edərdilər. Əksinə, cüzi faiz yazırlar ki, həm əlaltılarına bizim əleyhimizə danışmağa mövzu versinlər, həm də bizlərin cəmiyyətdə mövqeyinin olmaması təəssüratını yaratsınlar.

Aslan İsmayılov qeyri-sabit, güvənsiz, özünəvurğunluq hissi həddən artıq olan, qeyri-səmimi adamdır. Onun dediklərinə cavabım odur ki, öz həyatına nəzər salsın. Onda görər, kim hakimiyyətlə işbirliyində olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar