OBAMA BİR AYDAN SONRA İLHAM ƏLİYEVƏ QƏRİBƏ TƏBRİK GÖNDƏRDİ- Məktubun şərhi

ABŞ prezidenti İlham Əliyevi SEÇİLMƏSİ deyil, üçüncü müddətə Prezident VƏZİFƏSİNİN İCRASINA başlaması münasibətilə təbrik edib

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident!

Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq.

Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək.

Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm”.

Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunu onun yenidən prezident SEÇİLMƏSİ münasibətilə deyil, üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti VƏZİFƏSİNİN İCRASINA başlaması münasibətilə göndərib. Bu isə ABŞ prezidentinin Dövlət Departamenti kimi seçkilərin nəticələrini şübhə altına almasından xəbər verir. Başqa sözlə desək, seçkilərin nəticələrinin ciddi çəkildə saxtalaşdırılması faktına dair ATƏT DTİHB-nin hesabatı və Dövlət Departamentinın bəyanatları Barak Obamanı İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməkdən çəkindirib.

Ançaq Ağ Ev Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğundan, məktubda deyildiyi kimi "üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti VƏZİFƏSİNİN İCRASINA başlayan" İlham Əliyevə belə bir təbrik məktubu göndərilib.

Məktubun sonunda əvvəllər olduğu kimi iqtisadi əməkdaşlığın deyil, demokratik problemlərin qabardılması və Azərbaycanla tərəfdaşlığın bu sahədə gücləndiriləcəyinə işarə vurulması da diqqəti cəlb edir. Obanın məktubunda "seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik" deyə bildirilməsi, Vaşinqtonun Bakı ilə münasibətlərində demokratik problemlərin həllinin ön sıraya çəkilməsini söyləməyə əsas verir.

Qeyd edək ki, Britaniyanın baş naziri Devid Kameron da İlham Əliyev məktubunda onu yenidən prezident SEÇİLMƏSİ münasibətilə deyil, məhz ÜÇÜNÇÜ MÜDDƏTƏ SƏLAHİYYƏTLƏRİNİN İÇRASINA BAŞLAMASI münasibətilə təbrik edib.

Daha maraqlısı isə o olub ki, Britaniya baş nazirinin mətbuat xidməti “BBC Azərbaycanca”ya bəyan edib ki, Devid Kameron Ilham Əliyevə rəsmi yox, “şəxsi məktub” göndərib. Mətbuat xitmətinin sözçüsü onu da əlavə edib ki, cənab Kameron “məktubun şəxsən prezidentə verilməsini” istəyib. Ilham Əliyevə məktubu Azərbaycana səfərə gələn “Britaniya hökumətinin yüksək rütbəli rəsmiləri” çatdırıb.

Qeyd olunanlar hakimiyyəti bütün cəhdlərinə baxmayaraq, 9 oktyabr seçkisinin nəticələrinin Qərbdə qəbul olunmadığını göstərir. Həm yuxarıdakı məktublar, həm də müxtəlif kanallarla daxil olan bəzi məlumatlar aparıcı Qərb dövlətlərinin rəhbələrinin İlham Əliyevlə seçilmiş prezident kimi deyil, faktiki prezident vəzifəsini icra edən şəxs kimi münasibət qurduğunu söyləməyə əsas verir. Bu isə nə Azərbaycan dövləti, nə də İlham Əliyevin özü üçün arzuolunan hal hesab edilə bilməz.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar