Xanlar Hacıyev Avropa Məhkəməsinin hakimi postunu tərk edəcək

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev bu vəzifəni tərk edəcək.

Azərbaycanın Məhkəmə-Hüquq Şurasının Avropa Məhkəməsinə Azərbaycandan hakimin seçilməsi üçün elan etdiyi müsabiqədə namizədliyini irəli sürənlər arasında Xanlar Hacıyev yoxdur.

Məhkəmə-Hüquq Şurası Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə sentyabrın 26-da start verib. Oktyabrın 15-də namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Hazırda Məhkəmə-Hüquq Şurası namizədlərin sayını və kimliyini dəqiqləşdirir.

“Media forum” saytına açıqlamasında Xanlar Hacıyev deyib ki, Avropa Konvensiyasına və Avropa Məhkəməsinin yeni qaydalarına əsasən, o, Avropa Məhkəməsində Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məqsədilə keçirilən seçkidə yenidən namizəd ola bilməz: “Avropa Məhkəməsinə hakimlərin seçilməsi qaydaları dəyişib. Yeni qaydalara görə, hakim yalnız bir dəfə 9 illiyə seçilə bilər. Avropa Məhkəməsi ənənələrini davam etdirmək və tərkibin birdən-birə tamamilə dəyişməsinin yarada biləcəyi problemləri önləmək üçün əvvəllər seçilmiş hakimlərin səlahiyyət müddətini iki il uzatmışdı. Mənim də səlahiyyət müddətim iki il uzadılmışdı. Avropa Məhkəməsinin hakimi kimi səlahiyyət müddətim 2015-ci ilin oktyabr ayının 31-da başa çatır. Yenidən namizəd ola bilmərəm”.

Xanlar Hacıyev “Media forum”a bildirib ki, hələlik gələcəklə bağlı planı yoxdur, Azərbaycana qayıdıb-qayıtmayacağı haqda da bir qərar verməyib: “Hələlik heç bir planım, qərarım yoxdur”.

Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsində 2003-cü ildən çalışır. 2008-cü ildə o, yenidən bu vəzifəyə seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar