Tanınmış şair Heydər Oğuz Azərbaycanı tərk etdi

Tanınmış şair-publisist, Ədalət Partiyasının sədr müavini Heydər Oğuz bu gün Azərbaycanı tərk edib. O, bundan sonra Türkiyədə yaşamaq qərarına gəlib.

Şair, AzPolitika.info-ya açıqlamasında bildirib ki, Türkiyədə nə işlə məşğul olacağını hələ bilmir. Ordakı dostlarının köməkliyi ilə özünə iş tapmağa, yeni bir həyata başlamağa cəhd edəcək. “Azərbaycanda qalmağın mənası qalmayıb, heç bir perespektiv görmürəm”, deyə H.Oğuz mühacirətə getməsinin səbəbini açıqlayıb.

Qeyd edək ki, Türkiyə Heydər Oğuz üçün o qədər də yad ölkə deyil. O, 90-cı illərdə Türkiyədə ali təhsil alan ilk azərbaycanlılardan biridir.

İstedadlı şairin Vətəndən mühacirət mövzusunda yazdığı şeirini təqdim edirik:

Varımdan-yoxumdan keçib gedirəm

Gedirəm mən artıq səndən, ey Vətən!

Mənə qucağında tapılmadı yer.

Sənə layiq oğul olmasam da mən,

Südünü əmmişəm, bir halallıq ver.

Halal et oğluna içdiyim suyu,

O su nə su idi qanıram indi

Ağlıma gəlməzdi bir ömür boyu

Sən demə, o sənin göz yaşın idi.

Ağlardın halıma hər gün, sən demə

Mənsə su deyərək onu içirdim.

Başın dumanlanıb batırdın qəmə,

“Yenə çən başladı”-deyib keçirdim.

Halal et oğluna yediklərimi,

Mənə bir ömürlük çörək vermisən.

Qəbul et haqqında dediklərimi

Onu dedirdəcək ürək vermisən.

Mən indi qaçıram bilinməzliyə,

Önümə nə çıxar?- bəlli deyil heç.

Bir yelkən açıram bilinməzliyə

Olsa da gedişim gözlənəndən gec.

Həsrəti ümidə qatıb gedirəm,

İndidən göynəyir burnumun ucu.

Səni buralarda atıb gedirəm,

Səni qorumaqkən boynumun borcu.

Neyləyim, ey mənim ana torpağım!

Mən yaxşı bir oğul ola bilmirəm.

Titrər dərd-sərinlə əlim, ayağım,

Amma mən səninlə qala bilmirəm.

Neyləyim, ey anam, soyuq sinəndə

Uyuyan şairlər qiymətə minir.

Tüstünə boğulur insan dinəndə,

Sənin ocağında susan isinir.

Sən məni bağışla, susa bilmirəm.

İllərdir gözümə girmir yuxu da.

Haqsız sözə qulaq asa bilmirəm,

Tək sənsən könlümün varı-yoxu da.

Yurdunu tərk etmək gəlməsin asan,

Sanma, yüz yolum var, seçib gedirəm.

Heç kimə bu getmək gəlməsin asan,

Varımdan-yoxumdan keçib gedirəm.

Gedirəm mən səndən, bir halallıq ver!

Bəlkə də üzünü görmərəm daha .

Gedirəm, ey Vətən, bir halallıq ver

Əmanət qoyuram səni Allaha.

Gedirəm çiynimə alıb dərd-səri,

Fırlanmaz bu çərxlər bir də əksinə

Bil ki qaşınanda qəbrimin yeri

Məni başqa ana aldı köksünə.

Gedirəm mən artıq səndən, ey Vətən!

Mənə qucağında tapılmadı yer.

Sənə layiq oğul olmasam da mən,

Südünü əmmişəm, bir halallıq ver.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar