“MƏNİ AİLƏMLƏ TƏHDİD EDİBLƏR” - Elşad Abdullayevin həbsdəki qardaşı oğlu

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu, hazırda həbs həyatı yaşayan Mübariz Abdullayev cəza çəkdiyi həbsxanadan yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, mətbuat orqanlarına müraciət göndərib. AzPolitika.info-nun electron poçtuna daxil olan müraciətdə deyilir:

“Mən, Abdullayev Mübariz Əslan oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2013- cü il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişəm. Məni Cinayət Məcəlləsinin 182.3.2- ci maddəsi ilə ittiham edirlər. Guya mən əmim Elşad Abdullayevdən Mahir Abdullayevin geri qaytarılması üçün pul tələb etmişəm. Təbii ki, bütün bunlar absurd və qurama olmaqla, əmim Elşad Abdullayevi susdurmaq və bizlərdən intiqam almaq üçün ortaya atılmış siyasi oyundur. Mən heç vaxt heç kimdən, o cümlədən öz əmimdən digər əmimin tapılması və geri qaytarılması üçün pul tələb etməmişəm və etmərəm də. Bunu Elşad Abdullayev də dəfələrlə təsdiqləyib. Digər tərəfdən necə ola bilir ki, əgər 2003-cü ildə mən belə bir hərəkət etmişdimsə, niyə o zaman bu barədə lazımi ölçü götürmürdülər? Yalnız hadisədən 10 il sonra Elşad Abdullayevin yaydığı “mandat alveri” və digər məlum videolardan sonra həmin iş üzrə məni məhkəmədə qandallayıb həbs etdilər.

Mən üzümü yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, media qurumlarına tutaraq xahiş edirəm ki, mənim şərlənərək həbs olunmağım və hazırda qanunsuz həbs həyatı yaşamağımla bağlı baş verənləri diqqətdə saxlasınlar. Mən Elşad Abdullayevin yaydığı, bir çox vəzifəli şəxslərin, deputataların ifşa olunması ilə nəticələnən “Mandat alveri” və digər məlum videoların qurbanı olmuşam. Mən 47 ildir ki, sadə kənd həyatı yaşamışam, heç bir cinayətdə iştirakım və suçum olmayıb. Məni şərləyərək həbs ediblər. 2003-cü ildə Kürdəmir rayon Polis şöbəsində və 2013-cü ildə respublika baş prokurorluğu yanında Müstəqil İstintaq Komissiyasına verdiyim izahatları təzyiq, işgəncə altında, məcburən vermişəm. Məni həyatım və ailəmlə təhdid ediblər.

Sizlərdən istəyim və xahişim odur ki, mənim həbsimlə bağlı baş verən qanunsuzluqları diqqətdə saxlayasınız. İnanıram ki, “haqq nazilər, amma üzülməz”, gec- tez haqq-ədalət öz yerini tapacaq.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar