SEVİNC BABAYEVANIN ƏLİNDƏKİ MƏXVİ LENT YAZILARI - Ona 5 milyon dollar təklif edilib

"Elşad Abdullayev isə deyirdi ki, sən əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum"

“Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın son günləri ilə bağlı “Yeni Müsavat”a ilginc məlumat daxil olub. "Yeni Müsavat"ın elektron poçtuna naməlum ünvandan yeni xəbər göndərilib. Xəbərin göndərildiyi elektron ünvanla daha öncə S.Babayevanın xarici pasportunu, səs yazısını göndərən ünvan eynidir.

Budəfəki məlumat isə öncəkilərdən yeni detalları ilə fərqlənir. Mənbə yazıb ki, Sevinc Babayeva İstanbulda ikən dəfələrlə ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayevlə telefonla danışıb. Danışıqlar 2012-ci ilin oktyabr ayından başlanıb və dekabra qədər davam edib.

Mərhumə əsasən küçədəki aparatlar vasitəsilə (“ankasorlu telefon”) E.Abdullayevə zəng edirmiş. Tez-tez 2 dollar dəyərində telefon kartları alan S.Babayevanın telefon danışıqlarını qaldığı evdən və onu himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın telefonundan etməməsinin isə bəlli səbəbləri var imiş. Belə ki, “ankasorlu telefondan” zəng edəndə izlər tam itir və heç bir halda polis bu görüşmədən xəbər tuta bilməzdi. İşini ehtiyatlı tutan S.Babayeva isə işi maksimum izsiz həll etmək istədiyi üçün küçə telefonlarının xidmətindən istifadə edirmiş.

Mənbənin yazdığına görə, S.Babayevanın E.Abdullayevdən istədiyi yeganə şey isə onu himayə etməsi idi: “Sevinc onunla danışığında başına gətirilən bu oyuna görə onu suçlamışdı. Elşad Abdullayev isə cavabında günahın Sevincdə, Gülər Əhmədovada olduğunu deyirdi. Ona görə də onlar arasında danışıqlar bir neçə dəfə mübahisə ilə bitmişdi. Amma sonradan Sevinc Elşad Abdullayevdən xahiş etdi ki, onu hansısa yolla İstanbuldan çıxarıb, Fransaya və ya Avropa ölkələrindən birinə aparsın”.

Mənbə yazıb ki, E.Abdullayev də ilk vaxt S.Babayevanın bu təklifinə sıcaq yanaşıb. Hətta təklifi həyata keçirmək üçün şərt də qoşub: “Elşad Abdullayev isə deyirdi ki, sən əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum. Elşad Abdullayev Sevinc Babayevaya söz vermişdi ki, həmin o pulu Rusiya üzərindən ona çatdıracaq. İlk vaxtlar Sevinc bu təkliflə razılaşmaq istəmişdi. Amma sonradan çəkindi. Düşündü ki, əlindəki məxfi materialları Elşad Abdullayevə verdiyi üçün onu aradan götürərlər. Heç rektora da etibar etmirdi”.

Məlumat bundan ibarət idi. Bütün hallarda bu, adını açıqlamayan bir mənbənin yazdıqlarıdır. Amma “Yeni Müsavat” həmin mənbənin daha öncə S.Babayevanın səs yazısını və itkin düşmüş xarici pasportunun nüsxəsini eyni yolla redaksiyamıza göndərdiyini xatırladır. Bu səbəbdən də onun yazdıqlarında həqiqət payı olmasını istisna etmir.

Qəzet bu xəbərlə bağlı bəzi detalları dəqiqləşdirmək üçün türkiyəli iş adamı, S. Babayevanı son günlərinə qədər himayə etmiş Səlcuq Ağlayanla əlaqə saxlayıb. S. Ağlayan telefon zəngimizə cavab versə də, sualı eşidən kimi danışmağa müsaid olmadığını bildirib.

Xatırladaq ki, S. Ağlayan bu günə qədər S.Babayeva ilə tanışlığının Bakıda, tam təsadüfən baş tutduğunu deyir. Azərbaycandan gələn insanlara hər zaman İstanbulda yardım etdiyini vurğulayan türkiyəli iş adamı bu məsələdə “açar fiqur” rolunu oynayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar