Heydər Əsədovun motosikletli maxinasiyası- Fermerlərə ayrılan milyonlar necə yeyilir?

Kənd Təsərrüfatı Nazirliyinə (KTN) hər il dövlət büdcəsindən milyonlarla manat ayrılır. Dövlət KTN-in xətti ilə fermerlərə güzəştli kreditlər verir, susbidiyaların paylanılmasını təmin edir. Ötən il kənd təsərrüfatı subsidiyalarının verilməsinə büdcədən 125 milyon manat ayrılıb. Amma bunca maliyyənin qarşılığında 2013-cü ildə Azərbaycan əsas kənd təsərrüfatı məhsullarının idxalçısı olaraq qalıb. Təkcə ərzaq buğdasına ötən il 156 milyon dollar xərclənib. Qazaxıstandan 675 min ton buğda almışıq. Bəs büdcədən bu qədər pul xərclənirsə, niyə bu sahədə vəziyyət dəyişmir?

Fermerlərin buna cavabı sadədir. Subsidiyalar ədalətli bölünmür. Subsidiyanı da, güzəştli kreditləri də alanlar əsasən məmur-oliqarxların özləridir. Düzdür, kəndli fermerlər də dövlətin ayırdığı vəsaitdən istifadə edə bilirlər, amma bir qədər fərqli və daha ağır şərtlərlə. Bununla bağlı musavat.com-a daxil olan məlumatda deyilir ki, KTN-dən güzəştli kredit almaq üçün “motosiklet şərti”ni qəbul etmək lazımdır. Bu şərt nədən ibarətdir? Fermer KTN-ə 20 min manatlıq güzəştli kredit üçün müraciət etdikdə, ona həmin kreditin 5 min manatının əvəzinə motosiklet veriləcəyi bildirlir.

Fermer bu şərti qəbul edirsə, KTN xətti ilə ölkəyə gətirilən Çin istehsalı olan yük motosikleti verilir. Sonradan fermer krediti alarkən 20 min manatlıq kredit razılaşmasına imza atır. Faktiki isə 15 min manat alır. Həmin motosikletlərin real qiyməti isə 1500-2000 min manatdır. Hələ krediti alan fermerin 1000-2000 manat da əlavə xərci çıxır. Beləcə 20 min manatlıq kredit almaq istəyən fermer real olaraq 12 min manatla evinə dönür. Nəticədə isə Azərbaycan taxıl və digər dənli bitkilər ixrac edən ölkədən idxal edən ölkəyə çevrilə bilmir. KTN-in rəsmi məlumatına görə, 2013-cü ildə ölkədə 965 min hektardan ümumilikdə 2,6 milyon ton taxıl yığılıb. Bunun 1,8 milyon tonu ərzaq buğdasının payına düşüb. Halbuki ölkəmizin taxıla olan illik tələbatı 3 milyon ton, buğdaya olan tələbat isə 2 milyon tondur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar