"SEVİNC BABAYEVA DEYİRDİ Kİ, MƏN DƏ MTN MAYORUYAM..."- Elşad Abdullayev

"Bunu edən adam Sevinc Babayevanı İstanbulda qətlə yetirən qatildir..."

Xəbər verdiyimiz kimi, “Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın son günləri ilə bağlı yeni idialar ortaya çıxıb. Daha öncə S.Babayevanın xarici pasportunu, səs yazısını göndərən ünvandan “Yeni Müsavat”ın elektron poçtuna yeni bir məktub göndərilib. Həmin məktubda Sevinc Babayeva İstanbulda ikən dəfələrlə ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayevlə telefonla danışdığı bildirilib. S.Babayevanın E.Abdullayevdən onu hansısa yolla İstanbuldan çıxarıb, Fransaya və ya Avropa ölkələrindən birinə aparmağı xahiş etdiyini bildirib. E.Abdullayev isə S.Babayevanın bu təklifini həyata keçirmək üçün ona şərt qoyub:“Elşad Abdullayev isə deyirdi ki, sən əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum. Elşad Abdullayev Sevinc Babayevaya söz vermişdi ki, həmin o pulu Rusiya üzərindən ona çatdıracaq. İlk vaxtlar Sevinc bu təkliflə razılaşmaq istəmişdi. Amma sonradan çəkindi. Düşündü ki, əlindəki məxvi materialları Elşad Abdullayevə verdiyi üçün onu aradan götürərlər. Heç rektora da etibar etmirdi”.

Xəbərdəki məlum iddialarla bağlı sabiq rektor Elşad Abdullayev fikirlərini açıqlayıb. E.Abdullayev "AzPolitik.info"-nun elektron poçtuna göndərdiyi açıqlamada Sevinc Babayeva İstanbulda olarkən onunla hər hansı şəkildə əlaqə qurmadığını bildirib: "Sevinc Babayeva İstanbulda olarkən, bizim onunla telefonla və ya başqa vasitələrlə hec bir əlaqəmiz olmamışdır. Bunu sadəcə olaraq telefon danışıq listinklərini izləməklə təsdiq etmək olar. Bu həqiqətə uygun olmayan məlumatdır."

Elşad Abdullayev 20 sentyabr 2010-cu il tarixində ölkədən çıxdığını, o vaxtdan sonra Sevinc Babayeva ilə əlaqəsinin olmadığını bildirib. Abdullayevin sözlərinə görə, sosial şəbəkələrdə ictimailəşdirdiyi gizli videogörüntüləri ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına göndərməsindən xəbər tutan adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə onu fiziki cəhətdən aradan götürmək istəyib:

"Son dəfə Bakıda olanda silahlı qara maskalılar məni təqib etdi. Bu zaman İcəri Şəhərdə tanınmış xalq rəssamı, professor Tahir Salahovun rəssamlıq ofisinə girdim və ardımca icəri girə bilmədilər. Mən vəziyyəti Tahir Salhova anlatdım, bu zaman kimsə Tahir Salahovun mobil telefonuna əsəbi zəng getdi.

Tahir Salahov zəng edəni sakitləşdirdi ki, mən calışaram işləri yoluna qoyam. Tahir Salhov mənə bildirdi ki, Elşad müəllim, bunlar pis adamlardır. Tələbləri budur ki, Prezidentə və Avropa Məhkəməsinə yazdıgın şikayətləri geri götürəsən. Acığını deyim, rəssam Tahir Salahov cox həssas adamdır, hətta bir az da gözləri yaşardı. Bildirdi ki, məndə bu vəziyyəti yaşamışam, məsləhət bilirəm şikayətlərini geri götürəsən.

Mən həmin günü - 20 sentyabr 2010-cu il tarixindən məcburiyyət qarşısında qalıb təhlükəsizliyimi təmin etmək məqsədilə Azərbaycandan çıxdım. Həmin andan etibarən, Sevinc Babayeva ilə nə telefon vasitəsilə, nə də bilavasitə əlaqəm olmamışdır".

ELşad Abdullayev bildirib ki, ölkədən çıxdıqdan sonra sabiq deputat Gülər Əhmədova ilə də vəkili Adil İsmayılovun vasitəsilə danışıb. Sabiq rektor bildirib ki, Gülər Əhmədovadan pullarını tələb edib. O da Adil İsmayılovla xəbər göndərib ki, pulları qaytaracaq. Hətta bunun üçün 2-3 gün vaxt istəyib. Ancaq məlum olduğu kimi, bu baş tutmayıb.

Elşad Abdullayev Sevinc Babayevaya 5 milyon dollar təklif etməsi haqda iddiaları rədd etsə də, onun əlində məxvi lent yazılarının olduğunu istisna etməyib. Sabiq rektorun sözlərinə görə, Sevinc Babayeva ona MTN mayoru olduğunu və əlində ölkənin rəhbər şəxslərinin yaxınlarının səs yazılarının olduğunu söyləyib: "Sevinc Babayeva bizə bildirmişdi ki, mən də MTN mayoruyam, narahat olmayın..."

Daha sonra Elşad Abdullayev ciddi bir iddia ilə çıxış edib. Bildirib ki, bu məktubları KİV-ə göndərən adam Sevinc Babayevanın qatilidir: "Bunu edən adamda Sevinc Babayevanı İstanbulda qətlə yetirən qatildir... Ümüd edirəm ki, bu cinayətkarlar beynəlxalq səviyydə yaxın zamanlarda həbs ediləcəklər".

Rasim Əliyev

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar