BP “Mərkəzi Azəri”də işi dayandırdı - Azərbaycan 360 milyon dollar itirəcək

Britaniyanın neft-qaz nəhəngi BP-nin törəmə şirkəti “BP-Azerbaijan” bu gündən etibarən Xəzərdəki əsas neft platformalarının birində işi dayandırır. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrel oktyabrın 30-da jurnalistlərə açıqlamasında bildirib.

Q.Birrelin sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna daxil olan “Mərkəzi Azəri” platformasında istismar müddətini başa vurmuş avadanlıqlar müasir avadanlıqlarla əvəz olunacaq və bu işlər təxminən bir ay çəkəcək.

BP rəsmisi bildirib ki, oktyabrın 31-dən etibarən AÇG-dəki “Mərkəzi Azəri” platformasında texniki və profilaktik işlərə başlanılacaq. Profilaktika işləri başa çatandan sonra platforma ilkin mərhələdə noyabrın 27-də işə salınacaq. Platforma dekabrın 2-dən tam gücü ilə fəaliyyətə başlayacaq.

“Hazırda platformadan gündə orta hesabla 160 min barrel neft hasil olunur. Aparılan profilaktik tədbirlərdən sonra hasilatın artması gözlənilir” - deyə Q.Birrel əlavə edib

“Mərkəzi Azəri” platforması AÇG-dəki ən məhsuldar platformalardan hesab olunur. Bu platformada işlərin dayandırılması AÇG-də neft hasilatının hissediləcək səviyyədə aşağı düşməsinə səbəb olacaq. Belə ki, profilaktika işlərinin bir ay davam edəcəyi nəzərə alınarsa, o zaman konsorsium 5 milyon barrelə yaxın az neft hasil edəcək.

Hasilatın pay bölgüsü müqaviləsinin şərtlərinə əsasən bu neftin 80 faizi, yəni 4 milyon barreli Azərbaycanın payına düşür. Neftin dünya bazarlarındakı indiki qiymətləri ilə hesabladıqda bu, Azərbaycan üçün 360 milyon dollar itki deməkdir.

Qordon Birrel deyib ki, konsorsium bu profilaktika işlərini əvvəlcədən planlaşdırmışdı: “Belə işləri biz il ərzində planlaşdırırıq və öz proqramımıza, büdcəmizə daxil edirik, həmçinin dövlətlə razılaşdırırıq. Həmçinin bu prosedurlar əvvəlcədən illik hasilat proqnozunda nəzərə alınır”.

BP-nin Gürcüstan, Azərbaycan və Türkiyə üzrə regional direktoru olan Q.Birrel əlavə edib ki, “Mərkəzi Azəri” platformasında aparılan profilaktika işləri “təhlükəsizliyi və etibarlılığı artıracaq”.

Qeyd edək ki, BP-nin başçılıq etdiyi konsorsium son illər AÇG-də hasilatın durmadan aşağı düşməsinə görə tənqid olunur. Prezident İlham Əliyev 2013-cü ildə hasilatın aşağı düşməsinə görə BP-ni kəskin tənqid etmiş və şirkəti hasilatı bilərəkdən aşağı salmaqda, Azərbaycan hökumətinə yalan proqnozlar verməkdə günahlandırmışdı.

Bu tənqidlərdən sonra “BP-Azerbaijan” şirkətinin rəhbərliyi dəyişdirildi, şirkət hasilatı artırmaq üçün əlavə investisiyalar yatırmağa başladı.

Buna baxmayaraq hələlik hasilatın artması müşahidə olunmur. İndi əsas platformaların birində başlayan profilaktika işləri əvvəlcədən planlaşdırılsa da Azərbaycanın 4 milyon barrel az neft alması deməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar