“Tam məsuliyyətlə deyirəm ki, Əli İnsanov əfv ərizəsi yazmayıb” - VƏKİL

“Əli İnsanov heç bir əfv ərizəsi yazmayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Əgər belə bir ərizə olsaydı, mütləq mənim xəbərim olardı”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında keçmiş səhiyyə naziri, indi məhbəs həyatı yaşayan Əli İnsanovun vəkili Toğrul Babayev bir neçə xəbər portalının eks-nazirin prezidentə əfv ərizəsi ünvanlamasına münasibət bildirərkən deyib.

9 oktyabr prezident seçkisinə qədər dövlət başçısının bir sıra məhbusları əfv edəcəyi ilə bağlı xəbər təsdiqlənəndən sonra keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyevin prezidentə bağışlanmaq üçün müraciət etdi xəbəri də yayıldı. Bu haqda aznews.az danışan Fərhad Əliyevin vəkili Elton Quliyev deyib ki, dövlət başçısına əfv məktubunu eks-nazirin anası yazıb. Yada salaq ki, ötən həftə Fərhad Əliyev gözlənilən prezident seçkilərində İlham Əliyevə dəstək bəyanatı da vermişdi.

“Yeni Müsavat”a danışan Toğrul Babayev isə bildirir ki, nə Əli İnsanov özü, nə də onun ailə üzvlərindən kimdə prezidentə heç bir bağışlanma məktubu yazmayıb.

Onu da vurğulayaq ki, Əli İnsanova dəfələrlə təklif edilsə də, o, belə əfv ərizəsi yazmaqdan imtina edib. Eks-nazir vəkili vasitəsi ilə bildirib ki, belə bir addım onun saxta ittihamı təsdiqləməsi olardı.

Əli İnsanovun prezident seçkilərinə münasibəti də keçmiş nazir həmkarından fərqlidir. O, Milli Şuranı dəstəkləyir. Əli İnsanovun bu haqda məhbəsdən göndərdiyi açıqlaması Milli Şuranın sessiyalarından birində oxunmuşdu. Sənəddə İnsanov demokratik cəmiyyət uğrunda mübarizədə müxalifətə uğurlar arzuladığını bəyan edirdi.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar