“Azərbaycan saatı” bağlanmayacaq” - Qənimət Zahid

“Azadlıq” qəzetinin və xaricdən peyk vasitəsilə yayılan “Azərbaycan saatı” televiziya proqramının iki əməkdaşı hazırda həbsdədir. Söhbət jurnalistlər Seymur Həzi və Xalid Qarayevdən gedir.

Seymur Həzi avqustun 29-da Abşeronda, Xalid Qarayev oktyabrın 29-da Bakıda tutulub. Seymur Həziyə cinayət işi başlanıb, o, silah qismində istifadə olunan əşyaları tətbiq etməklə xuliqanlıq etməkdə ittiham olunur. Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası verilib. O, xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov da həbsdədir. Avqustun 11-də Sabirabadda tutulan Murad Ədilovun barəsində külli miqdarda narkotik maddə saxlama ittihamı ilə cinayət işi başlanıb.

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının yaradıcısı Qənimət Zahid 2011-ci ildən Fransada yaşayır. Qənimət Zahid 2007-2010-cu illərdə Azərbaycanda həbsdə olub. O, “Azərbaycan saatı”nı xaricə köçəndən sonra, 2012-ci ildə yaradıb.

“Media forum” saytına açıqlamasında Qənimət Zahid deyib ki, bu həbslər “Azadlıq” qəzetinin fəaliyyətini dayandırmadığı kimi “Azərbaycan saatı”nın da işini dayandırmır: “Düzdür, indi bizim əməkdaşlar həbsdə, təqib altındadır və “Azərbaycan saatı”nda faktiki mən tək qalmış kimi görünürəm. Amma özümü tək hesab etmirəm. Azərbaycanda “Azərbaycan saatı”nın yaşamasında maraqlı olan onlarla jurnalist var. İnanıram ki, onlar məni tək qoymazlar. Fürsətdən istifadə edib həmin həmkarlarıma müraciət edirəm: “Azərbaycan saatı”na qoşulmağın zamanıdır. Mən həmişə jurnalist həmrəyliyinin təşkilatçılarından olmuşam. İndi bunu “Azərbaycan saatı”na münasibətdə gözləyirəm.

Şübhəsiz, proqram bağlanmayacaq. Mən proqramı tək də hazırlayıb təqdim edə bilərəm. Hələ ki, belə də edirəm. Amma düşünürəm ki, Azərbaycanda informasiya azadlığının, insan haqlarının müqəddəs olduğunu, “Azərbaycan saatı”nın isə olduqca əhəmiyyət kəsb etdiyini dərk edən jurnalist həmkarlarım var və onlar bu prosesə qoşulacaqlar. Bizə göstərilən təzyiqlərdən asılı olmayaraq “Azərbaycan saatı” heç vaxt bağlanmayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar