“Bu telefon danışığını Sülhəddin Əkbərin yaydığına inanmaq çətindir" - Rəsul Quliyev

Milli Şuranın mitinqlərindən birində ACP lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının yayılmasında xeyli vaxt keçsə də, bu mövzu gündəmdən çıxmaq bilmir. Son günlər həmin telefon danışığının Sülhəddin Əkbər tərəfindən yazılaraq yayıldığı haqda iddialar irəli sürülür. Bu iddiaların mənbəyi kimi isə ACP-dən istefa vermiş bir funksioner göstərilir.

Bir neçə gündür gündəmdə olan bu məsələyə nəhayət, Rəsul Quliyev münasibət bildirib. Eks-spiker Hafta.az-a açıqlamasında  deyib ki, bu danışığın yayılmasına görə Eldar Namazov inciyə bilərdi: “Bu telefon danışığını Sülhəddin Əkbərin yaydığına inanmaq çətindir. Çünki məqsədin nədən ibarət olduğunu təyin etmək mümkün deyil. İstənilən variantda bu telefon danışığının informasiya vasitələrinə çıxmasının elə bir əhəmiyyəti yoxdur. Yeganə Eldar müəllim (Eldar Namazov – M.Ə) inciyə bilərdi, ancaq bizim aramızdakı münasibətlər belə xırda və yalançı informasiyaya görə pozula bilməz”.

Xatırladaq ki, həmin danışıqda R.Quliyev Eldar Namazov və Milli Şuranın digər liderləri haqda təhqiramiz fikirlər söyləyir. Audioyazı yayımlandıqdan sonra həm Rəsul Quliyev, həm də Sülhəddin Əkbər onun montaj olduğunu iddia etmişdilər. Lakin göründüyü kimi, R.Quliyev həmin danışığın ona məxsus olduğunu təsdiq edir, lakin inanmır ki, "belə xırda məsələ" - Eldar Namazova "tula" deməsi onların münasibətlərini poza bilər.

Ən maraqlısı isə odur ki, R.Quliyev telefon danışığının yayılması məsələsində S.Əkbərin rolunun ola biləcəyini qətiyyətlə təkzib etmir: “Bu telefon danışığını Sülhəddin Əkbərin yaydığına inanmaq çətindir. Çünki məqsədin nədən ibarət olduğunu təyin etmək mümkün deyil".

Bu o deməkdir ki, R.Quliyevin içində müəyyən qədər şübhə var ki, danışığı S.Əkbər yaza və yaya bilərdi. Kimlərsə R.Quliyevdə belə bir şübhəni yarada biliblər. Bunlar o adamlardır ki, saytlara anonim açıqlamalar verirlər və qalmaqallı danışığın yayılmasına görə S.Əkbəri günahlandırırlar.

Lakin bu danışığın S.Əkbər tərəfindən yazıldığı və yayıldığı inandırıcı deyil. Düzdür, həmin danışıqda S.Əkbər demək olar ki, danışmır və "hə, yox" deməklə kifayətlənir. Bu ilk baxışdan şübhə yarada bilər. Lakin söhbətin mövzusu elədir ki, S.Əkbər başqa reaksiya verə bilməzdi. O da Rəsul Quliyevə qoşulub mitinqdə, onlarla adamın yanında onu-bunu təhqir edə bilməzdi ki...

Birdə ki, S.Əkbər təcrübəli adam kimi yaxşı bilirdi ki, onun telefonu dinlənilir. Xüsusən də seçki ərəfəsində başqa cür ola da bilməzdi. Ona görə də Rəsul Quliyevdən fərqli olaraq bu reallığı nəzərə alır və danışıqlarında korrekt olurdu. R.Quliyev isə dinlənilmək ehtimalının mütləqə yaxın olduğunu bildiyi halda özünü saxlaya bilmir, telefonda hər iki tərəfi zərbə altında qoyan söhbətlər edirdisə, bu artıq onun problemidir. Və son açıqlamasından da göründüyü kimi, R.Quliyev özünün bu kobud səhvini S.Əkbərə "yükləməyə" meyillidir.

Qeyd edək ki, R.Quliyevin ACP-dən istefası da S.Əkbərlə münasibətlərinin kəskin pisləşməsilə əlaqələndirilir.

R.Əliyev

AzPolitika.info 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar